Koreya Xalq Demokratik Respublikası fevralın 11-də Yapon dənizi istiqamətində ballistik raketin buraxılışını uğurla sınaqdan keçirib. Bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin qərargah rəislərinin birləşmiş komitəsinin məlumatında bildirib. “Buraxılan raketin orta mənzilli “Musudan” və ya kiçik mənzilli “Nordon” tipli raket olduğu ehtimal olunur”, – deyə mənbə bildirib.
Raket Şimali Koreyanın Phönan-Pukto əyalətindəki kosmodromdan yerli vaxtla saat 07:55-də buraxılıb. Raketin uçuş trayektoriyası hələlik müəyyənləşməyib. Ancaq o, 500 kilometr uçaraq, Yapon dənizinə düşüb. Sınaqda Şimali Koreyanın rəhbəri Kim Çen In iştirak edib.
Məsələ ilə əlaqədar ABŞ, Cənubi Koreya və Yaponiya BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb ediblər. İclasın bu gün keçirilə biləcəyi bildirilir. KXDR-in raket buraxılışından sonra üç dövlətin nümayəndəsi BMT Təhlükəsizlik Şurasına birgə xahişlə müraciət ediblər.
Onu da bildirək ki, bu günlərdə Yaponiyanın baş naziri Sindzo Abe ABŞ-a səfər edib. O, Vaşinqtonda prezident Donald Trampla görüşüb. D.Trampın baş naziri çox isti qarşılaması da diqqətdən yayınmayıb.
Şimali Koreya ətrafındakı durumu Teleqraf.com-un suallarını cavablandıran politoloq Zərdüşt Əlizadə bildirib ki, ABŞ-ın xarici siyasəti ikipartiyalıdır və demokratlarla respublikaçıların xarici siyasətdə fərqi elə də böyük deyil. Onun sözlərinə görə, ümumiyyətlə, xarici siyasət real imkanlarla məhdudlaşır: “Amerika istərdi ki, Şimali Koreyada ona ləbbeyk deyən itaətkar bir hökumət olsun. Amma orda ortadoks bir kommunist hakimiyyətdi. Onlar Amerikanı tanımırlar, veclərinə də almırlar. Amerika Şimali Koreyaya nə edə bilər? Çox şey edə bilər. Amma əvəzində elə bir ziyana düşə bilər ki, bu ziyan onun üçün dözülməz olsun. Şimali Koreya Amerikanı məhv edə bilməz. Amma Şimali Koreya Amerikanın müttəfiqi olan Cənubi Koreya və Yaponiyaya, habelə Amerikanın bazalarına ağır zərbələr endirə bilər. Ona görə də Amerika ehtiyat edir. Çalışır ki, Şimali Koreyaya ziyan vursun, embarqo qoyub, iqtisadi cəhətdən mühasirəyə alıb, əlindən gələn pisliyi edir. Amma Şimali Koreya rejiminə təsir edə bilmir. Onlar ballistik raket sınaqdan keçirirlər, o da hədələyir, bəyanat verir. Əlindən başqa şey gələ bilməz. Eyni ilə İran ballistik raket sınağı keçirir, İranı hədələyirlər, amma bu hədə o zaman mənəvi sayıla bilərdi ki, bu hədəni edən ölkə özü beynəlxalq hüquqa hörmət etsin. Amma Amerika və onun müttəfiqləri beynəlxalq hüquqa hörmət nümunəsi sayıla bilməzlər”.
Z.Əlizadə qeyd edib ki, Şimali Koreyanın heç bir ölkəyə hücum etmək niyyəti yoxdur: “Şimali Koreya özünü müdafiə edir”.
Politoloq daha sonra deyib: “Düşünmürəm ki, Trampın qarşısında Şimali Koreyanı itaətkar vəziyyətə gətirmək vəzifəsi dayanır. Tramp özü dedi ki, mən Amerikanın daxili problemlərini həll edəcəm. Düşünmürəm ki, o gedib yeni xarici siyasət macəraları axtarsın”.
Yaponiya baş nazirinin ABŞ-a səfərini də şərh edən Z.Əlizadə qeyd edib ki, ABŞ-la Yaponiyanın münasibətlərinin əsası 1945-ci ilin sentyabrın 2-də Missuri linkorunda Yaponiyanın qeyd-şərtsiz təslim olması ilə qoyulub: “Həmin aktla Yaponiya ABŞ-ın qarşısında diz çöküb. Amerika Yaponiyaya bir konstitusiya yazıb verdi. O da həmin konstitusiyanı qəbul etdi. Konstitusiyada yazılıb ki, Yaponiya silahlı qüvvələri Yaponiyadan kənarda heç bir hərbi əməliyyat apara bilməz. Yaponiya da bunu qəbul etdi. Yaponiya vaxtilə imperialist, təcavüzkar dövlət idi. Bundan imtina etdi. Bu gün Yaponiyanın təhlükəsizliyinin təminatçısı, hamisi ilk növbədə Amerikadır. Amerika bazası Okenavada durur. Amerikanın atom sualtı qayıqları Yaponiya limanlarına daxil olur. Yaponiya ilə Amerika arasında qarşılıqlı müdafiə haqqında saziş var. Hamı bilir ki, kimsə Yaponiyaya barmağını toxundursa, Amerikanın bütün hərb maşını ilə üzləşəcək. Ona görə də Yaponiyanın şüvən qoparması, yəni “ay aman, biz Şimali Koreyadan qorxuruq, Şimali Koreya bomba düzəltsə bizə pis olacaq” deməsi bir siyasi oyundur, yalandır. Yaponiya Amerikanın dediyini edir. Amerika ona deyir ki, sən şüvən qopar ki, Şimali Koreyadan qorxursan. O da qoparır. Amerika da Şimali Koreyaya deyir ki, Yaponiya səndən qorxur, ona görə də mən səndən tələb edirəm ki, sənin atom silahın olmasın. Amma məndə 3 min ədəd atom bombası ola bilər”.
Səxavət HƏMİD