“Azərbaycan Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində fevralın 17-də saat 17:20 radələrində dənizin Pirsaat burnu hissəsində sahildən 1 mil aralı məsafədə tapılan kişi meyitinin, "Azneft" İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 1 saylı neft-qaz çıxarma sahəsinin əmtəə operatoru vəzifəsində çalışmış 1957-ci il təvəllüdlü Vidadi Cümşüd oğlu Qurbanova məxsus olduğu rəsmən təsdiq edilib.
Mərhumun meyiti ailəsinə təhvil veriləcək.
İlhamə ƏBÜLFƏT