Çoxsaylı beynəlxalq mükafatlara layiq görülmüş ABŞ və Litva kinematoqrafçılarının birgə istehsalı olan “Endless Corridor ” (“Sonsuz Dəhliz”) sənədli filmi Praqa şəhərinin “Luserna” kinoteatrında nümayiş etdirilib.
Teleqraf.com xəbər verir ki, filmin nümayişi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya Ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) və Azərbaycan Respublikasının Çex Respublikasındakı səfirliyinin birgə əməkdaşlığı şəraitində təşkil edilib.
“Sonsuz Dəhliz” 2015-2016-cı illər ərzində beynəlxalq səviyyədə uğurlu premyerasından sonra xarici kinotənqidçilər tərəfindən müsbət qiymətləndirilib. Film ABŞ-da keçirilən nüfuzlu “Akkolad Qlobal Film” müsabiqəsində “Ən yaxşı tamaşa”, Madrid şəhərində keçirilən Tenerife Beynəlxalq Film Festivalında “Ən yaxşı sənədli film” və “Sənədli filmin ən yaxşı rejissoru”, Milan Beynəlxalq Kinematoqrafçılar Festivalında isə “Sənədli filmin ən yaxşı montajı” mükafatlarına layiq görülüb. Ekran əsəri, həmçinin, “pan-European Eurochannel”, İsrailin “Channel 1”, CNN Turk, TV 24 (Türkiyə), London Live və Al-Jazeera kanallarında nümayiş etdirilib.
Parlamentarilər, jurnalistlər, Azərbaycanın dostları və kinosevərlər də daxil olmaqla 170 nəfərlik auditoriya qarşısında çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Benelüks ofisinin rəhbəri Roman Huna tədbir iştirakçılarını salamlayaraq çıxış üçün sözü Azərbaycanın Çex Respublikasındakı səfiri Fərid Şəfiyevə verib. Diplomat deyib: “Xocalı soyqırımı Azərbaycanın müasir tarxində ən dəhşətli hadisə olub. İki gün bundan əvvəl regionda Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində döyüşlər yenidən şiddətlənib. Qarabağ əsilli bir insan kimi deyə bilərəm ki, biz doğma torpağımıza qayıtmaq, əcdadlarımızın qəbirlərini ziyarət etmək və qonşularımızla sülh şəraitində yaşamaq istəyirik”.
Çex Resublikası Parlamentinin vitse-spikeri Voytek Filipin dediklərindən: “Bu gecə biz Dağlıq Qarabağ müharibəsinin ən kədərli hadisələrindən biri olan Xocalı qətliamı şəhidlərinin əziz xatirəsini yad edirik. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə 106 qadın, 63 uşaq və 70 qoca da daxil olmaqla 613 nəfər mülki şəxs həyatını itirib. Biz bu vəhşiliyi unuda bilmərik və unutmamalıyıq. Təəssüf ki, azərbaycanlı qaçqın və məcburi köşkünlər Azərbaycanın ərazisi olan Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğuna görə hələ də öz doğma torpaqlarına qayıda bilmir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə baxmayaraq hələ də irəliləyiş yoxdur”.
Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter: “Keçən gecə biz Xocalıya həsr olunmuş ənənəvi anım konsertini keçirmək üçün Parisdəki kilsələrin birində toplaşmışdıq. Olduqca hirsli və aqressiv olan ermənilər kilsəni mühasirəyə alaraq konsertin baş tutmaması üçün əllərindən gələni etməyə çalışırdılar. Məmnuniyyətlə bildirmək istəyirəm ki, konsert çox uğurla keçdi”.
Xocalı soyqırımının canlı şahidi və “Sonsuz Dəhliz” filminin baş qəhrəmanı litvalı jurnalist Riçardas Lapaitis: “Bu gün biz Xocalı şəhərində baş vermiş qırğının 25-ci ildönümünü yad edirik. Həmin müdhiş gecə erməni hərbi qüvvələri Xankəndində dislokasiya olunmuş Sovet Ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı divan tutub.
Ermənistan Xocalıdakı qanlı hadisələrə görə məsuliyyəti öz üzərinə götürüb. Hücum etmək haqqında əmr 25 fevral tarixində, saat 20:50-də faksla Xankəndiyə göndərilib. Ermənistanın Müdafiə Nazirliyi o zaman təsdiq edib ki, onun Dağlıq Qarabağdakı hərbi qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilərək hücum əmri verilib.
Erməni millətçiləri tərəfindən törədilən bu qırğın keçmiş Sovet məkanında törədilmiş ən dəhşətli vəhşilikdir. Ermənistanın hazırkı prezidenti Serj Sarqsyan da daxil olmaqla Xocalının mülki əhalisinə qarşı bu təcavüz aktında iştirak edənlərin hamısı birbaşa məsuliyyət daşıyır.
Ümidvaram ki, bir gün ədalət qalib gələcək və bu qırğının törədilməsində günahkar olan şəxslər Haaqada Beynəlxalq Cinayət Məhkəməsinin hakimləri qarşısında cavab verəcəklər”.
İlhamə ƏBÜLFƏT