6 Mart 2017 16:43
479
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti Beynəlxalq Ziyarətçi Proqramı çərçivəsində Amerika Birləşmiş Ştatlarında səfərdə olub.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, səfərdə Komitə sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov, Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Xəzər dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinin rəisi Telman Mehdiyev və Xaçmaz Gömrük İdarəsi rəisinin müavini Zal Zalov iştirak ediblər.

Səfər ABŞ Dövlət Departamentinin İxrac Nəzarəti və Əlaqədar Sərhəd Təhlükəsizliyi Proqramı çərçivəsində Daxili Təhlükəsizlik və Gömrük və Sərhəd Mühafizəsi departamentlərinin dəstəyi ilə gerçəkləşib. Məqsəd bu departamentlərin fəaliyyətilə tanışlıq olub.

Azərbaycan tərəfinin ilk görüşü Vaşinqton şəhərində baş tutub. Görüş Daxili Təhlükəsizlik Departamentində Gömrük və Sərhəd Mühafizəsinin qərargahında Beynəlxalq Əlaqələr İdarəsi rəhbərinin müavini İan Sandersin rəhbərlik etdiyi nümayəndə heyətilə keçirilib.

Burada Azərbaycan nümayəndə heyətinə ABŞ-ın Gömrük və Sərhəd Mühafizəsinin fəaliyyəti barədə ətraflı məlumat verilib. Vurğulanıb ki, bu gün Gömrük və Sərhəd Mühafizəsinin geniş səlahiyyətləri var. 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra ölkənin təhlükəsizliyinə məsul qurumların strukturunda böyük dəyişikliklər baş verib. Gömrük nəzarətinin həyata keçirildiyi ərazilərdə gömrük-keçid məntəqələrində, o cümlədən avtomobil və dəmir yollarında, hava və dəniz limanlarında yük və sərnişin daşımalarında sərhəd mühafizəsi funksiyaları gömrük orqanları tərəfindən həyata keçirilməyə başlanıb.

Məhz 11 sentyabr hadisələrindən sonra gömrük orqanları Kənd Təsərrüfatı və Ədliyyə nazirliklərinin asılılığından qurtarıb. Gömrük və Sərhəd Mühafizəsinin əsas funksiyalarına - terrorizmə, qaçaqmalçılığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə, kontrafakt məhsulların idxalının, qanunsuz miqrasiyanın, eləcə də ABŞ-a qadağan olunmuş bitki və heyvandarlıq məhsullarının gətirilməsinin qarşısını almaq, fitosanitar və baytarlıq nəzarətini təmin etmək və ölkədə qanuni ticarətin inkişafına dəstək vermək daxildir.

Sonra təhlükəsizlik tədbirlərini əhatə edən "Qlobal" proqramı barədə ətraflı məlumat verilib. Ölkə ərazisinə sərnişin qismində gəlmək istəyənlərin təhlili ilə bağlı olan bu proqram Azərbaycanda maraq doğurarsa, bu sahədə əməkdaşlığın mümkünlüyü qeyd olunub.

Vaşinqton görüşündən sonra Azərbaycan nümayəndə heyəti Meksika ilə sərhəddə yerləşən Laredo şəhərinə baş çəkib. Burada onlar dəmir yolu, yük və minik maşınlarının hərəkəti üçün nəzərdə tutulmuş sərhəd-gömrük postlarında və yük terminallarında işin təşkili ilə tanış olublar.

Qeyd edilib ki, Laredo-(Embarcadero) postunda yük, Laredo-(Downton) postunda isə minik maşınlarının hərəkəti həyata keçirilir. Yük maşınları eyni vaxtda 10, minik maşınları isə 15 zolaqlı yolda hərəkət edir ki, bunlardan hər birindəki 3 zolaq sürətli hərəkət üçün nəzərdə tutulub. Sürətli zolaqlarda hərəkət edən maşınların yükləri haqqında məlumatlar əvvəlcədən qarşı tərəfə çatdırıldığı üçün postda onların intensiv hərəkəti təmin olunur.

Orta hesabla gün ərzində 6000 yük və 10.000 minik maşınının hərəkəti qeydə alınır. Məhz intensiv hərəkətin təmin olunmasının nəticəsidir ki, Meksika ilə ticarətdə daşımaların 80%-i bu postların payına düşür.

Daha sonra Mayami şəhərinə gələn Azərbaycan nümayəndə heyəti burada dəniz limanının işi ilə tanış olub. Məlumat verilib ki, Mayami dəniz limanı ABŞ-ın ən böyük limanlarından biridir. Cənubi Amerika, Karib hövzəsi ölkələri, habelə Çin Xalq Respublikası əsasən bu liman vasitəsilə ticarət əlaqələrini qurur.

İl ərzində liman vasitəsilə 500.000 konteyner yük daxil olur ki, onların təxminən 22%-i yoxlanılır. Liman həm də ən çox sərnişin qəbuluna görə ABŞ-da liderdir. 2016-cı ildə 2,5 milyon sərnişin qeydiyyatdan keçib ki, onlardan yalnız 72.000 nəfəri gömrük yoxlamasına cəlb olunub.

Limanda Gömrük və Sərhəd Mühafizəsi sərhəd xidməti, sahil mühafizəsi, Federal Təhqiqatlar Bürosu, Daxili Təhlükəsizlik İdarəsi, dəniz patrulları, yerli polis və mal idxal edənlərlə birgə fəaliyyət göstərir. Burada mobil baxış avadanlıqları bütün konteynerlərə baxış keçirməyə imkan verir. Yük və sərnişinlər haqqında məlumatlar gəmilər limana çatmamışdan ən geci 24 saat qabaq alındığı üçün müvafiq təhlillər vaxtında aparılır və risklər müəyyən edilir.

Mayami Beynəlxalq Hava Limanında isə Azərbaycan nümayəndə heyətinə bu limanın ABŞ-ın ən böyük aeroportlarından biri olduğu bildirilib. Hava limanı ölkədə sərnişin daşımaları üzrə Nyu-Yorkdan sonra ikinci, yük daşımalarına görə isə birinci yerdədir. İl ərzində orta hesabla 11 milyon nəfər sərnişin, 2 milyon ton yük daşınır.

Digər postlarda olduğu kimi, Mayami aeroportunda da yük və sərnişinlər barədə məlumatlar əvvəlcədən daxil olduğu üçün lazımi təhlillər vaxtında aparılaraq risklər müəyyən edilir. Bu işlə postda taktiki əməliyyat şöbəsi məşğul olur. Bu şöbə bir gündə 10.000 adda yükün sənədlərini araşdıraraq riskə düşən malları ayırır.

Səfər zamanı Azərbaycan nümayəndə heyəti də ABŞ tərəfini müstəqil Azərbaycan gömrüyünün yarandığı 25 il ərzində uğurları və inkişaf yolu ilə tanış edib. Dövlət Gömrük Komitəsinin fiskal siyasətlə yanaşı, narkotik maddələrin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığa qarşı mübarizədə və digər sahələrdə əldə etdiyi nailiyyətlər barədə ev sahibləri məlumatlandırılıb, qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin iki ölkənin maraqlarına uyğun olduğu və gömrük orqanlarına fayda verəcəyi vurğulanmaqla, gələcəkdə bu əməkdaşlığın inkişaf etdirilməsi barədə söhbət aparılıb.

Keçirilən görüşlərdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, işğal altındakı torpaqların nəzarətsiz qalması və bu ərazilərdən Ermənistan rəsmiləri tərəfindən narkotrafik kimi istifadə edilməsi də qarşı tərəfin nəzərinə çatdırılıb, həmçinin Xocalı soyqırımı barədə ətraflı bilgi verilib, bu faciəni və erməni terrorunu əks etdirən kitab və digər çap məhsulları təqdim edilib.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər