28 Mart 2017 13:09
2 826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun direktor müavini İradə Axundova cavablandırıb.

-İradə xanım, ağ ciyər xəstəlikləri ilə bağlı ölkədə vəziyyət necədir?

-Ağ ciyər xəstəlikləri deyəndə bir çox insanlar yalnız ağ ciyər vərəmi haqda fikirləşir. Halbuki ağ ciyər patologiyası geniş bir sahədir. Elmi-tədqiqat institutu olaraq yalnız ağ ciyər vərəmi ilə yox, onkoloji xəstəlikdən başqa ağ ciyərdə olan bütün patologiyalarla məşğul oluruq.

Bura bronxial astma, sətəlcəm, agciyərlərin xroniki obstruktiv xəstəlikləri kimi ağ ciyər patologiyalarının müayinə və müalicəsi daxildir. Qeyd edim ki, ağ ciyərlərin qeyri-spesifik xəstəliklərinin sayı ağ ciyər vərəmi xəstəliyinin sayından artıqdır.


-Niyə ağ ciyər xəstəliyi deyilən kimi insanlar vərəm barədə düşünürlər?

-Öncə deyim ki, ağ ciyər vərəminin törədicisi vərəm mikrobakteriyasıdır. Vərəm xəstəliyinin başqa heç bir qaranlıq səbəbi yoxdur. Bu, infeksion xəstəlikdir. Yalnız xəstə insandan sağlam insana ötürülərək yayıla bilər. Bu yayılma vasitəsi ancaq hava-damcı yoludur.

Bəzən deyirlər ki, avtobusda eyni qapının qulpundan tutdu, eyni yerdə oturdu, vərəmə yoluxdu. Bu cür düşünmək düzgün deyil. Bir daha deyirəm ki, vərəm hava-damcı yolu ilə ötürülür. Xəstə nəfəs aldıqca, öskürdükcə, bəlğəm ifraz etdikcə havada vərəm mikrobakteriyaların aerozolu yaranır. Bu hissəciklərin həcmi 0,3-1,5 mikrona qədərdir. Bunun üçün aerozollar gözə görünmür. Mikrobakteriyalar havada asılı vəziyyətdə qalır və sağlam insanlara yoluxur.

Yoluxma özü də dərhal xəstələnmə demək deyil. Vərəm xəstəliyinə yoluxmadan xəstələnməyə 2 aydan 2 ilə qədər vaxt tələb olunur. İlkin olaraq vərəm mikobakteriyası orqanizmə daxil olduqda insanların heç bir şikayəti olmur, bu halı yalnız dəri sınağı vasitəsi ilə (diaskin test) aşkarlaya bilirik. Hər vərəm mikobakteriyası ilə yoluxan insan da xəstələnmir. Gərək immunitet zəifliyi, yanaşı gedən və immuniteti zəiflədən xəstəlik olsun, orqanizm gücdən düşsün ki, vərəm infeksiyasına orqanızmin qüvvəsi çatmasın.

Görünür, insanlar bu xəstəlikdən daha çox çəkinir deyə ağ ciyərdə problem yarananda yada ilk düşən vərəm olur.

-Bəs vərəm xəstəliyi tam sağalırmı? Bu xəstəliyinin müalicəsi necə aparılır?

-Vərəm tam sağalan xəstəliklərdəndir. Onun dərmanlara həssas və davamlı növləri var. Əsas odur ki, xəstəliyi vaxtında aşkarlayıb, vərəm çöpünü tapıb, onun həssas və ya dərmana davamlı olduğunu araşdırasan. Xəstəyə lazımi müalicə müddəti təyin edəsən. Vərəmin ən qısa müalicəsi 6 ay, ən uzun dərmanlara davamlı formasının müalicəsi isə 24 ay çəkir. Həmin müddət bitdikdə xəstəlik sağalır.

Səhiyyə Nazirliyi vərəm xəstəliyinin bütün dərmanlarını alır. Bizim ölkəmizdə vərəmin müalicəsi pulsuzdur. Müalicə Azərbaycan dövləti, Səhiyyə Nazirliyi tərəfindən alınan dərmanlarla aparılır. Preparatların hamısı respublika üzrə lazım olan mqidarda alınır və vərəm xəstələrinin sayına görə bölgə və rayonlara göndərilir. Qeydiyyatda olan insanlarda xəstəliyin növü təsdiq ediləndən sonra onlar vərəmin növünə görə dərman alıb tam şəkildə müalicə olunurlar.

-Həkim, dediz ki, vərəmin ağırlaşmış formaları olur ki, müalicəsi iki il çəkir. Düzgün müalicə aparılarsa, xəstə hansı müddətdə özünü sağlam hiss etməyə başlayır?

-Vərəm xəstələrinin vəziyyətlərinin ağırlaşması səbəbkarı onları özləridir. Çünki müayinəyə gec gəlirlər. Əgər onlar müalicə olunsalar, 2-3 həftəyə, maksimum 1 aya özlərini yaxşı hiss edirlər. Ancaq müalicə bununla bitmir.

Bizim məqsədimiz odur ki, müalicə tam şəkildə başa çatsın. İnsanlar müalicəni yarımçıq qoyduqda vərəm mikrobakteriyası mutasiya olur və davamlı vərəm forması yaranır. Müalicə isə başqa dərmanlarla aparılır. Bunlar bahalı dərmanlardır.

Dediyim kimi, vərəmə qarşı bütün dərmanlar tam, lazım olan qədər Azərbaycanda var. Preparatlar Səhiyyə Nazirliyi və Qlobal Fond tərəfindən alınır. Xəstələr müayinə olduqda vərəm mikrobakteriyası laboratoriyada əkilir və dərmanın həssaslıq testləri aparıldıqdan sonra bilirik ki, bu xəstə dərmana davamlı formalı vərəmlə xəstələnib, ya əksinə...

Davamlı forma almış vərəmin müalicəsi başqa üsulla aparılır. Bizim institutun nəzdində işləyən həkim komissiyası tərəfindən müalicə kursu təyin olunur. Həmin müalicə kursunun sxemi tərtib olunur, dərmanlar xəstənin yaşadığı yerə fasiləsiz çatdırılır və müalicə aparılır. Əsas odur ki, müalicəyə və müayinəyə əl çatır...

-İradə xanım, bəzi xəstəliklər var ki, insanlar onların adını eşitdikdə həyəcanlanır və xəstəliyin sağalmayacağını düşünürlər... Vərəmli insan müalicə etdirməsə, yaşama şansı varmı?

-Bu, insanın orqanizmindən asılıdır. Elə hallar olar ki, xəstəlik özü də sağala bilər. Yoxlanma zamanı elə insanlar olur ki, ağ ciyərlərində vərəmin qalığını görürük. İnsan xəstələndiyini bilməyib, müalicə almayıb, amma sağalıb. Buna biz deyirik, özü sağalma...

Yəni insan orqanizmi güclüdürsə, başqa xəstəlik yoxdursa, o, özü-özünə sağala da bilər. Düzdür, bəzi xəstəliklər var ki, adı çəkiləndə insanlar onu sağalmayan xəstəlik kimi anlayır.

Vərəm infeksion xəstəlikdir, dərhal özünü büruzə vermir. İnsan özündən asılı olmayaraq, xəstə olduğunu bilmir, cəmiyyətin içində öskürərək vərəm mikrobakteriyalarını ifraz edir. Biz həmişə deyirik ki, vərəm xəstəsinin günahı yoxdur ki, kimisə bu xəstəliyə yoluxdurur. O, sadəcə nəfəs alır. Nə də sağlam insanın günahı yoxdur ki, hava damcısı ilə xəstəliyə yoluxur...

İnsanların düşüncəsində illərlə formalaşmış “damğa”lar bizə mane olur. Həkimin öhdəçiliyi xəstə insana kömək etməkdir.

Ağ ciyərlərdə ən çətin problem onkoloji xəstəlikdir. Artıq onlar da vaxtında müayinə edilib, vaxtında müalicəyə cəlb olunsa, tam sağala bilərlər. Bəzən hansısa vərəm xəstəliyinə yoluxmuş ailə olur, baxırsan ki, müalicəni özləri gecikdiriblər. Hər bir insan xəstələnəndə həkimə getməlidir. Çox təəssüf ki, “damğa” məsələsi tibb işçilərində də var. Vərəm xəstəsindən çəkinirlər. Halbuki hər bir tibb işçisinin məqsədi onlara kömək etmək olmalıdır.

-Yəqin ki, institutda yalnız vərəm xəstələri müalicə almır...

-Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunda yalnız vərəm xəstələri deyil, qeyri-spesifik ağ ciyər xəstəliyi olan insanlar da müalicə alırlar. Hər bir tibb müəssisəsində vacib addım odur ki, infeksion nəzarət diqqətdə saxlansın. Bizdə xəstələr ambulator müalicə üçün gəldikdə poliklinka şöbəsinə toplanır.

Hər bir tibb müəssəsində üç növ insan var. Xəstə, tibb işçisi və xəstəyə baş çəkməyə gələnlər. Biz xəstələrlə yanaşı tibb işçilərini də qorulmalıyıq. Vərəm xəstəsi müalicə alırsa, onun ikinci bir xəstəliyə tutulmaması vacibdir. Xəstəyə baş çəkməyə gələn insan xəstə ola bilər və xəstəmiz ikinci bir xəstəliyə yoluxa bilər.

Əvvəldə qeyd etdim ki, vərəm xəstəliyinin həssas və davamlı növləri var. Ancaq həssas vərəmi olan insan davamlı vərəmi olan insanla bir şöbədə qalsa, o, vərəmin dərmanlara davamlı mikrobakteriyası ilə yoluxa bilər. Səhiyyə Nazirliyi tərəfindən belə xəstələr üçün tam ayrı stasionarlar ayrılıb.

Zığda 6 saylı vərəm xəstəxanasında çoxsaylı dərmanlara davamlı vərəm xəstələri müalicə alır. Mərdəkanda 9 saylı xüsusiləşdirilmiş xəstəxana da var. Bura da geniş saylı dərmanlara davamlı xəstələr üçündür. Türkanda isə 8 saylı xüsusiləşdirilmiş vərəm xəstəxanası fəaliyyət göstərir.

Səhiyyə Nazirliyinin qarşısına qoyduğu məqsəd vərəm mikrobakteriyası ifraz etməyən xəstənin ambulator şəraitdə müalicə olunmasına şərait yaratmaqdır. Vərəmin elə forması var ki, xəstələrin şikayəti olmadan rentgen müayinəsi zamanı aşkar edirik. Onlar müalicə olunmalıdır ki, bu xəstəlik ağırlaşmasın.

Azərbaycanın elə bir rayonu yoxdur ki, orada vərəm mütəxəssisi olmasın. Rayonlarda işləyən həkimlər bizimlə eyni biliyə malikdir. Ona görə ki, biz eyni kliniki protokollarla işləyirik. İnstitutun bazasında Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış Milli Vərəm proqramı işləyir və biz bütün mütəxəssislərimizə treninqlər keçirik.

-Həkim, bəzən vərəm xəstəliyini sosial-iqtisadi vəziyyətlə də əlaqələndirirlər. Deyilir ki, inkişaf etmiş ölkələrdə nadir rast gəlinən xəstəlikdir. Doğurdanmı belədir?

-Əlbəttə, belədir. Avropa ölkələrində bu xəstəlik azdır. İndi orada qaçqınlar artır. Onlarda da vərəm xəstələrinin sayı artır. Azərbaycan vərəm xəstəliyi problemi üzrə Şərqi Avropa ölkələrində 18-liyə daxildir. Çalışırıq vərəm problemini həll edək. İldən-ilə vərəm problemi, xəstələnmə, ölüm halları azalır. Uşaqlar arasında göstəricilər azalmağa doğru gedir.

Ağciyər xəstəlikləri, əsasən, vərəm xəstəliyi iqtisadi duruma bağlı xəstəlikdir. Biz iqtisadi cəhətdən yüksək səviyyədə olan ölkələrə yaxınlaşdığımız üçün vərəmə xəstələnmə, vərəmdən ölüm əhali arasında azalıb.

-Bəs Azərbaycanda vərəmlə bağlı kütləvi yoxlama aprılırmı?

-Yalnız uşaqlar arasında kütləvi yoxlama aparılır. Risk qruplarına görə isə böyüklər arasında kütləvi yoxlama tədbiri tətbiq olunur.

Şikayəti olmayanlar ildə 1 dəfə müayinədən keçməlidirlər. Passiv və aktiv aşkarlama var. Passiv aşkarlama odur ki, xəstə öz şikayəti ilə həkim yanına gəlir. Aktiv isə odur ki, insanların şikayəti yoxdur, amma biz onları müayinə üçün tibb müəssələrinə dəvət edirik.

-Azərbaycanda nə qədər vərəm xəstəsi qeydiyyatdadır?

-Ölkədə 8 mindən çox vərəm xəstəsi qeydiyyatdadır. Onların 3 mindən bir qədər artığı yeni xəstədir. Yeni xəstələrin sayi 2016-ci ildə (xəstələnmə) hər 100000 əhaliyə 38,9-dur. Ölüm sayı 2015 -ci ildə 1000000 nəfərə 4,1 idisə, indi 3,8-dir. Müalicə nəticələri də qalxıb. Həssas xəstələr arasında ilkin xəstələrin sağalma faizi 83, təkrar xəstələrin sağalma faizi 73-dür.

Ümumilikdə son 5 ildə ölkədə vərəm xəstəliyinin dinamikasında müsbət dəyişikliklər qeydə alınıb. 2010-cu ildə 100 000 nəfərə 53,5 xəstəlik var idisə (hər 100000 əhali arasında ümumi vərəm xəstələrin sayı), 2016-ci ildə bu 100 000 nəfərə 38,8-dək azalıb.

İnsan bir dəfə vərəm xəstəsi olub sağalıbsa, yenidən vərəmə tutulma ehtimalı var. Ona görə də biz hamıya tövsiyə edirik ki, sağlamlığa fikir versinlər. Qapalı otaqda çox qalmasınlar, qidalanmaya nəzarət etsinlər. Sağlam həyat tərzi keçirsinlər.

-Uşaqlar arasında daha çox hansı yaş qrupları arasında vərəm tutulması olur? Peyvənd vərəmin qarşısını alırmı?

-Vərəmə görə peyvənd bizdə yalnız doğuş zamanı vurulur. Bu peyvənd çox vacibdir, amma o demək deyil ki, 1 dəfə peyvənd vuruldusa, uşaq vərəmə tutmayacaq. Əgər uşaq vərəmə yoluxursa, onun vərəm prosesi ağırlaşma ilə nəticələnmir. Əgər uşaq ağırlaşmış formada olursa, biz onu araşdırırıq. Uşaqlarda o qədər vərəm xəstəliyinə rast gəlmirik. Yeniyetmələr arasında isə rast gəlinir.

Çox təəssüf ki, kontakt ailəsində bu xəstəliyə çox rast gəlirik. Ailədə uşaq ata, ana, baba ilə kontakta olur və onlarda olan xəstəlik hava-damcı vasitəsi ilə uşağa ötürülür. İnsan vaxtında həkimə gəlib, müalicə olunsa bu xəstəliklə mübarizə asan başa gələr.

-Azərbaycanda daha çox hansı zonada vərəm xəstələrinin sayı çoxdur?

-Statistik araşdırmalar göstərir ki, vərəm xəstəliyi daha çox cənub və şimal zonalarında rast gəlinir.

-İradə xanım, el arasında “Mən Filankəs vərəmləti” deyimi var. Belə çıxır ki, vərəm kədərdən, dərddən yaranır. Onun əsası varmı?

-Bunun heç bir əsası yoxdur. Yuxarıda qeyd etdiyim kimi, vərəm infeksion xəstəlikdir. Törədicisi – vərəm mikobakteriyasıdı.

-Əvvəllər vərəm olan insanın ictimai sahələrdə işləməsinə icazə verilmirdi. İndi vəziyyət necədir? Bu xəstəliyi olan insanların əmək fəaliyyətinə məhdudiyyət qoyulurmu?

-Bir daha demək istərdim ki, vərəm tam sağalan xəstəlikdir. İnsan tam sağalandan sonra, istənilən yerdə işləyə bilər.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər