Suriya prezidenti Bəşər Əsədə sadiq qüvvələr bu gün səhər saatlarında İdlibin Han Şeyhun bölgəsinə təyyarələrlə xlor qazı ilə hücuma keçiblər.
Hərbi ekspert Azad İsazadə kimyəvi silah növünə aid xlor qazının tətbiqi, təsir gücü haqda fikirlərini Teleqraf.com-a açıqlayıb.
Onun sözlərinə görə, kimyəvi silahların bəzi növləri insanda sinir iflici yaradır, başqa formaları nəfəs almanı çətinləşdirir, ümumilikdə bədənə təsir formaları fərqlənir: “Xlor qazı da kütləvi qırğın silahına aiddir. Bəzi qüvvələr kimyəvi qırğın silahından istifadə etməklə çoxsaylı insan tələfatına nail olurlar. Məqsəd maksimum çox canlı qüvvənin məhvidir. Suriya müharibəsi də daxil olmaqla çox zaman görürük ki, kimyəvi qırğın silahı növlərindən mülki şəxslərə qarşı da istifadə edilir”.
Ekspert qeyd edib ki, xlor qazından istifadə beynəlxalq konvensiyalara əsasən qadağandır: “Suriyada müharibə başlayan ərəfədə Rusiyanın köməyi ilə ABŞ bu məsələyə qoşuldu, Suriyanın kimyəvi silahını ləğv etmək üçün xüsusi zavod da tikilmişdi. İdlibdəki görüntülərdə xlor qazı hücumuna məruz qalan şəxslərin ağzından köpük gəldiyinin şahidi olduq. Bu isə onu göstərir ki, xlor tərkibli kimyəvi qaz ilk növbədə qida borusuna təsir edib, insanların nəfəs yolları zərbə alıb. Hərbidə hər kimyəvi silah növünə qarşı xüsusi antidotlar da var. Ona görə də çox vaxt mülki şəxslər daha çox zərər çəkir, çünki hərbçilər buna çox zaman hazırlıqlı olurlar, tibb çantasında kimyəvi qazlar əleyhinə əleyhqaz və antoditlardan saxlayırlar. Mülki şəxslər isə bu kimi qoruyucu vasitələrə malik olmur, onlar əleyhqaz tapana qədər müəyyən vaxt itirirlər və zəhərlənmə halları olur, bəzən bu, onların həyatı bahasına başa gəlir”.
Azad İsazadə vurğulayıb ki, xlor qazı dumanının mərkəzində olan insanlara yaxın 5-10 dəqiqə ərzində yardım göstərilməlidir, çünki zəhərin təsir gücü çox yüksəkdir: “İnsan qazın təsirindən nisbətən kənarda qalırsa, ölüm təhlükəsi bir o qədər olmur, amma qısa zamanda həmin şəxsə yardım göstərilməlidir”.
Qeyd edək ki, Suriyanın keçid hökumətinin səhiyyə naziri Ferras Cundi bildirib ki, Əsəd qüvvələrinin kimyəvi silahla hücumu zamanı çoxu uşaq olmaqla 100 nəfər həlak olub, 500-dən çox şəxs yaralanıb.
Nərgiz