14 İyul 2014 15:47
1 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xalq artisti, Gəncə Dövlət Dram Teatrının aktyoru, səhnəmizin Cahandar ağası Ələddin Abbasov bu gün son mənzilə yola salınıb.

Bu gün saat 11.00-dan saat 14.00-a qədər Gəncə Dövlət Dram Teatrında mərhumla vida mərasimi keçirilib.


Mərasimdə xalq artistinin yaxınları ilə yanaşı, onun sənət dostları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib. Teatrın direktoru Əli Qasımovaktyorun həyat və yaradıcılığına nəzər salaraq bildirib ki, Ələddin Abbasov Azərbaycan kinosu və teatrına böyük töhfələr verən dəyərli sənətkarlardan olub. O deyib ki, Ə.Abbasov Gəncəyə bağlı insan olub və bir neçə dəfə işləmək üçün Bakıya dəvət olunsa da, bütün dəvətlərə yox deyib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxışında Gəncə Dövlət Dram Teatrının bu günə gəlib çıxmasında Ələddin Abbasovun böyük əməyinin olduğunu qeyd edib. O, tanınmış aktyorun yaratdığı obrazların daim sevildiyini və bundan sonra da seviləcəyini söyləyib.

Sonra aktyorun sənət yoldaşları onun haqqında öz xatirələrini bölüşüblər.

Vida mərasimindən sonra mərhum Gəncənin Fəxri Xiyabanında dəfn edilib.

Ələddin Aslan oğlu Abbasov 5 may 1922-ci ildə Gəncədə doğulub. Sənət uğurlarına görə Azərbaycan Respublikasının əməkdar artisti (20 may 1958) və xalq artisti (1971) fəxri adları ilə təltif olunub. “Mən ki gözəl deyildim” (İmran), “Özgə ömrü” (Ata), “Qatır Məmməd” (Məşədi Göyüş) və digər bədii filmlərə çəkilib. Ən məşhur ekran rolu “Dəli Kür” əsərində Cahandar ağa obrazıdır.

/apa/


Müəllif: