Teleqraf.com xəbər verir ki, bu fikirləri Respublikaçı Alternativ (REAL) Hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli son günlər AXCP üzvləri ilə REAL-çı Altay Göyüşov arasında yaşanan gərginliyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, son zamanlar cəbhəçilərin öncə Natiq Cəfərliyə, indi də Altay Göyüşova qarşı hücumlarına heç cür haqq qazandırmaq olmur: “Bu, nə davranışdır? Cəbhəçilər heç nədən özlərinə problem yarada bilirlər, hamıyla dalaşırlar, neçə yerə parçalanıblar və sair. Hamını da satqın çıxarmağa çalışırlar. İndi də REAL-ın üstünə gəlirlər”.
Erkin Qədirli qeyd edib ki, cəbhəçilər İlqar Məmmədovun nüfuzuna şərik çıxmağa başlayıblar: “Özlərini İlqarın sadiq müdafiəçiləri kimi göstərməyə çalışırlar, REAL-ı da İlqardan üz döndərməkdə ittiham edirlər. Araya da tamamilə boş bir söhbət atıblar, guya biz REAL olaraq İlqarın müdafiəsi üçün heç nə etmirik. “Heç nə”ni də elə ürəklə deyirlər ki, dərhal ağıllarına mitinqdən başqa heç nəyin gəlmədiyi anlaşılır. Mat qalınası söhbətdir. Amma, təəssüf ki, bununla da bitmir. Milli Şuranın müzakirələri gedəndə REAL-ın oraya qoşulmayacağını görəndə, bizi liderimizin sözünə baxmamaqda günahlandırdılar. İlqar o zaman həbsdən məktub yazmışdı, REAL-ın Milli Şuraya üzv olmağını məsləhət görmüşdü. Biz də İdarə Heyətində müzakirə etdik və əleyhinə səs verdik, qərar verdik ki, Milli Şuraya qoşulmayaq. Bizdə işlər belə qurulub - heç kimin şəxsi iradəsi həlledici ola bilmir. Bunlar da “liderinizin sözünə baxmırsınız; siz necə siyasi təşkilatsınız; İlqar həbsdən çıxandan sonra Milli Şuraya qoşulacaq” sayağı atmacalara keçdilər. Qınanılası deyil, bəlkə də. Bizdəki liderlik modelinin çox fərqli olduğunu anlaya bilmirlər. Hələ mən bunların REAL-ın İdarə Heyətində dəfələrlə intriqa salmaq cəhdlərini demirəm. Deyiləsi deyil. Cəbhəçilərə də sözüm budur ki, bu dəfə yanlış hədəf seçmisiniz. REAL insanlar birliyi deyil. ReAl - ideyadır. Hegelin sözü olmasın, “real olan hər şey ağıllıdır; ağıllı olan hər şey realdır”.