Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bəyanat BMT, ATƏT, AŞPA, Avropa İnsan Haqları Məhkəməsinə, ATƏT- in Minsk Qrupunun Rusiyalı həmsədri İqor Popova, amerikalı həmsədri Ceyms Uorlikə, fransalı həmsədri Pier Andreuya və Avropa Parlamentinə göndərilib.
Bəyanatda deyilir: ”Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə yönəlmiş artilleriya zərbələri sübut edir ki, Ermənistan dövləti təcavüzkar siyasəti ilə beynəlxalq hüquq normalarına riayət etməyərək, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına dair və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanı ciddi şəkildə pozmaqda davam edir. Bəyanat müəllifləri dünyanın aparıcı, sivil, sülhpərvər dövlətlərini, BMT, ATƏT, Avropa Şurası, Avropa Birliyini dinc sakinlərin, qocaların, qadınların, körpə uşaqların qətlə yetirilməməsi üçün nəhayət ki, biganəlikdən əl çəkməyə, təcavüzkar Ermənistanın işğal etdiyi torpaqlardan silahlı qüvvələrini çəkməyə məcbur edilməsi üçün qəti addımlar atmağa çağırır. Regionda sülhün, sabitliyin, əmin-amanlığın təmin olunmasının yeganə yolu status-kvonun dəyişdirilməsi, Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır”.
Ümumrusiya Azərbaycan Konqresi, “AzerRos” azərbaycanlıların milli-mədəni muxtariyyəti və Ukrayna Azərbaycanlıları Gənclər Birliyi Alxanlı hadisələri ilə əlaqədar Rusya, Ukrayna, Moldova və Ukraynanın kütləvi informasiya vasitələrində Alxanlı hadisəsi ilə bağlı çıxışlar etməyi də planlaşdırır.