7 İyul 2017 11:38
547

Ermənilərin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində yaralanan 1965-ci il təvəllüdlü Sərvinaz Quliyeva bu gün Horadiz şəhər xəstəxanasına köçürüləcək.

Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov Publika.az-a açıqlamasında bildirib ki, S.Quliyeva ilə bağlı keçirilən konsilium nəticəsində bu qərar verilib:

“Bizim xəstəxana Zobucuq qəsəbəsində yerləşir, onun yollarında təmir işləri aparıldığından Sərvinaz Quliyevanı Horadiz şəhər mərkəzi xəstəxanasına köçürməyi məsləhət bildik. Çünki çoxsaylı qəlpə yaraları alıb, yoldakı narahatlıq pis təsir edə, qanaxmaya səbəb ola bilər. Horadiz xəstəxanasında onun müalicəsi davam etdiriləcək. Hesab edirəm ki, qısa zamanda onu evinə yaza biləcəyik”.

Baş həkim hazırda S.Quliyevanın vəziyyətinin normal olduğunu dedi: “Vəziyyəti stabildir. Bizim xəstəmizi operativ şəkildə əməliyyat alıb, müalicəsini yüksək səviyyədə təşkil etdiklərinə görə Hərbi Hosbitala da təşəkkür edirik”.
Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.


Müəllif: Teleqraf.com