Bu sözləri Teleqraf.com-a Milli Məclisin 122 saylı Xankəndi seçki dairəsi üzrə deputatı Flora Qasımova deyib.
Flora Qasımova hesab edir ki, deputat və ictimaiyyət nümayəndələrinin fəallığı nəticəsində NATO tədbirində, ATƏT Parlament Assambleyasında Alxanlı hadisəsi qaldırıldı və dünya ictimaiyyətinə doğru və dürüst məlumatlar çatdırıldı.
Onun sözlərinə görə, ATƏT Minsk qrupu həmsədrlərinin ikinci bəyanatında baş vermiş hadisə ilə bağlı daha obyektiv mövqe sərgilənməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun, öz mənafeyini və maraqlarını qorumaq imkanlarının və bacarığının etiraf olunması deməkdir: “Həmsədrlərin başqa yolu qalmamışdı. Çünki yerindəcə məsələni araşdırdılar, gördülər ki, Alxanlıda heç bir döyüş məntəqəsi yoxdur. Faktlar göstərdi ki, ermənilər mülki şəxsləri öldürmək məqsədilə təxribat törədib”.
Deputat onu da qeyd edib ki, 25 il müddətində ATƏT həmsədrləri qarşılıqlı etimad mühiti yarada bilməyib, erməniləri təxribatçı əməllərindən çəkindirməyiblər: “Ermənilər Dağlıq Qarabağın ətraf rayonlarının adlarını dəyişdirdilər, qeyri-qanuni məskunlaşma həyata keçirildi. Bütün bunlar göstərdi ki, erməni öz niyyətindən əl çəkmir. Burada təkcə ermənini günahlandırmaq lazım deyil. Erməni vasitəsilə dolayı yolla bizə təzyiq edənlər var. Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, bizə təzyiq olunur. Biz həmişə deyirik erməni kimdir ki, bizim torpağımızı işğal etsin. Çünki əminik ki, ordumuz 1 həftəyə İrəvana çatar. Erməni isə arxasında duran qüvvələrə güvənib status-kvonu saxlayır. Nə qədər ki, Ermənistana təzyiq yoxdur, sülh danışıqlarının da mənası qalmayacaq. Ermənilər müxtəlif yolla Azərbaycanı sülh danışıqlarından çəkindirməyə çalışır. 25 ildə BMT-nin tarixi torpaqlarımızı qeyd-şərtsiz boşaltmaqla bağlı 4 qətnaməsinə icra etmirlər”.
Flora Qasımova diaspor təşkilatlarını da fəal olmağa çağırıb: “Ermənilər xaricdə yaşayan zəngin şəxslərin pulu hesabına öz təbliğatlarını qururlar. Amma xaricdə yaşayan azərbaycanlıların səsi zəif çıxır. Söhbət müsahibə verməkdən getmir. Xaricdəki medianın diqqətini çəkməyi bacarmalıdırlar, daha geniş təbliğat qurulmalıdırlar. Amerikanın bir ştatı Sarkisyana məktubla müraciət edib. Diplomatik korpusun nümayəndələri bölgəyə getdilər, yəqin öz xətləri ilə bu hadisəni dürüst şəkildə bəyan edəcəklər”.