Rəqəmlərdə kifayət qədər artım müşahidə edilir. Statistik məlumatlara baxdıqda 2000-ci ildən sonra bu nikahların sayında sürətlə artım müşahidə edilir. Son 7 ildə isə bu rəqəm 20 mindən aşağı düşməyib.
Regionlar üzrə rəqəmlərə baxdıqda ötən il ən yüksək göstərici Aran və Lənkəran iqtisadi rayonları üzrədir.
Aran iqtisadi rayonu (7069) qeyri-qanuni nikahdan doğulanların sayına görə “lider”dir. Bu region üzrə isə ilk yerlərdə Sabirabad (899), İmişli (806), Biləsuvar (569) rayonları durur.
Qeyri-rəsmi nikahda doğulan uşaqların üstünlük təşkil etdiyi bölgələrdən biri də Lənkəran iqtisadi rayonudur. Bu regionda il ərzində 5449 uşaq nikahdan kənar doğulub, onların 4386-ı kənd, 1063-ü şəhərlərin payına düşür. Bu iqtisadi rayon üzrə Cəlilabad (2170), Masallı (1143) ilk sıradadır.
Sonrakı yerdə isə Gəncə-Qazax iqtisadi rayonu (4895) gəlir. Bu region üzrə nikahdan kənar doğulanların 3206-ı kənd, 1689-u şəhərin payına düşür. Bu iqtisadi zona üzrə ən çox nikahdankənar doğum halı Şəmkir (1225), Tovuz (650), Qazax (586) rayonlarının payına düşür.
Bakı şəhəri üzrə 2813 uşaq nikahdan kənar doğulub. Paytaxt rayonları arasında ən yüksək göstərici Sabunçu rayonunun (582) payına düşür. Abşeron iqtisadi rayonu üzrə 879 uşaq doğulub. Onların 783-ü şəhər, 96-sı kəndlərin payına düşür. Şəki-Zaqatala iqtisadi rayonu üzrə 1102 uşaq nikahdan kənar doğulub. Bu regionda da kənd yerlərinin payı daha çoxdur. 911 uşaq kənddə, 191 uşaq şəhərdə cütlüklər arasında nikah olmadan doğulub. Bu iqtisadi rayon üzrə ən yüksək göstərici Şəkidədir (318), ən az isə Oğuzdadır (47). Quba-Xaçmaz iqtisadi rayonu üzrə (1380) ən yüksək göstərici Xaçmaz (472) və Quba (465) rayonlarındadır.
Yuxarı Qarabağ iqtisadi rayonunda ötən il 1083 uşaq qeyri-qanuni nikahdan doğulub. Bu region üzrə rəsmi qeydiyyata alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı ən çox Ağdam (368), Füzuli (254), Tərtər (230) rayonlarının payına düşür.
Kəlbəcər-Laçın iqtisadi rayonu üzrə 461, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 830, Naxçıvan Muxtar Respublikası üzrə 327 uşaq rəsmi qeydiyyata alınmamış nikahdan doğulub.
Tərəflərin rəsmi nikahdan imtina edib, nikahdankənar uşaq dünyaya gətirməsinin səbəbləri müxtəlifdir. Bu cür uşaqlar adətən, erkən nikahlar zamanı müşahidə edilir.
Digər səbəb bəzi bölgələrimizdə rəsmi nikahın əhəmiyyətsiz hesab edilməsidir. Həmçinin vətəndaş nikahında yaşamağı seçənlər də az deyil.
Bu, isə doğulan uşağın varlığını təsdiq edən sənəddən tutmuş, onun təhsil, səhiyyə xidmətlərindən yararlanmasına qədər bir sıra problemlər yaradır. 2015-ci ildən bəri ölkəmizdə nikahdan əvvəl cütlüklər icbari müayinəyə cəlb edilirlər. QİÇS, siflis və talassemiya üzrə aparılan bu müayinələrin məqsədi dünyaya sağlam uşaqların gəlməsidir. Deməli, qeyri rəsmi nikahdan doğulan uşaqlar həm də bu xəstəliklərdən də sığortalanmamış dünyaya gəlirlər.
Münasibətlərdə kağızın önəmli olmadığını düşünürlər
Təmiz Dünya Qadınlara Yardım ictimai Birliyinin sədri Mehriban Zeynalova Publika.az-a bildirib ki, adətən kişilər qeyri-rəsmi münasibətə maraqlı olur, qadınlar da onlara boyun əyirlər: “Bizim sığınacağa da bu cür qadınlar müraciət edir. Həmin müraciətlər əsasında deyə bilərəm ki, nikahdan kənar uşaq dünyaya gətirən qadınların 70 faizinin bu ikinci ailəsi olur. Həmin qadınlar bir dəfə ailəli olur, sonra həyat yoldaşlarından ayrılıb, başqa bir kişilə münasibətdə olurlar. Bu zaman hər iki tərəf boşanmış olsa da, adətən rəsmi nikah bağlanılmır. Belə məqamlarda kişilər bəzən birinci nikahdan olan uşağı, ya da başqa səbəbləri bəhanə gətirərək rəsmi nikah bağlamaqdan çəkinir. Çox zaman da bu münasibətdən uşaq dünyaya gələndən sonra kişi qaçır, onu tapmaq çətin olur. Bu uşaqların bir qismi isə erkən nikah, ya da dini nikahla qurulan münasibətlərdən doğulmuş olur. Bəzi hallarda tibbi müayinəyə görə cütlüklər rəsmi nikahdan yayınır. Rəsmi nikahı inkar edənlər də, münasibətdə kağızın önəminin olmadığını düşünənlər var. Həmçinin qayınana və qayınatalar gələcək gəlinin əmlaka göz dikməsindən narahat olaraq rəsmi nikahdan yayınırlar. Bəzən kişilər bakirə qızla münasibətdə olur, lakin sonradan uşağın atası olduğunu qəbul etmir. İki insanın sadəcə münasibətdə ola bilər, lakin dünyaya uşaq gətirmək arzuları varsa, məsuliyyəti də bölüşməlidirlər”.
Kişilərin məsuliyyətdən qaçmaq üçün bu üsula əl atdığını deyən, M.Zeynalova qadınların məcburiyyətdən bu təkliflərə razılaşdığını bildirib: “Qadının işi, peşəsi, köməyi yoxdursa, ya da müəyyən yaşa çatıb ailə qurmayıbsa, bu zaman çıxış yolunu bu təkliflərlə razılaşmaqda görür. Qadınlarda tək özünə güvənmək hissi yoxdur, daha çox kişi yanlarında olanda özlərini güclü hiss edirlər. Lakin kişilər də əksər hallarda bu inamı doğrultmurlar. Nəticədə ortada qalan olur”.
M.Zeynalova hesab edir ki, qadınlar hüquqlarını, qanunları bilsələr, doğulan kimi uşaqlarına öz soyadlarını verər və bir çox problemləri də həll etmiş olarlar: “Atalıq təsdiqlənəndən sonra qeyri-rəsmi münasibət olsa belə, qadının uşağa görə aliment almaq, hüququ var. Bu cür nikahlardan doğulan uşaqların sənədlərlə bağlı problem yaşamasının başlıca səbəbi qadınların atalıq soyadı, adını verməsini gözləmələridir. Halbuki, uşaq doğulan kimi ananın soyadı ilə ona sənəd verilə bilər. Qadınlar bəzən bilərəkdən və ya bilməyərəkdən bunu etmədiklərinə görə uşaqları sənəd ala bilmir. Bəzən uşaq məktəb yaşına çatır, lakin onun doğum haqqında şəhadətnaməsi olmur”.
Dövlət bu uşağın varlığından xəbərsiz olur
“Ümidli Gələcək” Gənclər Təşkilatının icraçı direktoru Kəmalə Aşumova deyir ki, bu uşaqlar sonradan yaşadıqları problemlərlə bağlı qeyri-hökumət təşkilatlarına üz tuturlar: “Bizim “Uşaq qaynar Xətti” və “Uşaq hüquqları Klinikası”na bu istiqamətli müraciətlər çox olur. Onların sayı ildən-ilə artmaqdadır. Bu uşaqlar əsasən sənədləşmə problemi ilə qarşılaşırlar. Həmçinin qeyri-rəsmi nikah, ya da vətəndaş nikahından doğulan uşaqların sonrakı inkişafında, doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqələrinin verilməsi, yaşayış yeri üzrə qeydiyyata düşmək problemi yaradır. Bu da sonradan həmin uşaqların səhiyyə və təhsil xidmətindən yararlanmamasında çətinlik yaradır.
İstisna hal kimi uşağın təhsilə yönləndirilməsində gecikmə olmaması üçün Təhsil Nazirliyinə müraciət olunur. Lakin təhsil ocağı həmin uşağı qəbul etsə də, müvafiq sənədin gətirilməsini tələb edir. Çünki uşağın şəxsiyyət vəsiqəsi olmadığı üçün onun məlumatları elektron bazaya salınmasında problemlər törədir. Dövlət, qurumlar bu uşağın varlığından xəbərsiz olur”.
K.Aşumovanın sözlərinə görə, bütün bu problemlər uşağın inkişafına təsir edir: “Rəsmi nikah həm də əvvəldən müayinə nəticəsində bir sıra xəstəliklərin müəyyən edilməsi imkanını da yaradır. Yəni uşaq doğulan kimi səhiyyə ocağı onda qeydə alına biləcək xəstəlikləri bilir. Həmin uşaqlar sosial təminat və digər məsələlərdə dövlətin də nəzarətində olur”.
Onun sözlərinə görə, bu uşaqların hüquqi problemlərini analar özləri həll edə bilər: “Qadınlar məhkəməyə müraciət edə, həmçinin öz soyadlarını uşaqlarına verməklə övladlarının qarşılaşacağı problemi aradan qaldırmış ola bilər. Bizə qeyri-rəsmi nikahdan 4-5 uşaq dünyaya gətirmiş ailələr müraciət edir. Qadınların ailə qurmadan uşaq dünyaya gətirmək istəyi, eləcə də təsadüfi münasibətlərdən doğulan uşaqların həm hüquqi, həm də mənəvi baxımdan problemlər yaşamasına səbəb olur. Bu cür münasibətlərdən doğulan uşaqların psixoloji problem yaşaması istisna edilmir. Çünki bəzən kişilər bu cür münasibətdən doğulan uşağı istəmir. Bu da qadının psixologiyasına təsir edir. O, həyatda tək qalmasının gətirdiyi problemləri uşağına yükləyir. Sonradan o uşaqlar həmyaşıdları ilə ünsiyyətdə, məktəbdə problemlər yaşayırlar”.
Erkən nikah dinlə əlaqələndirilməməlidir
“Məşədi Dadaş” məscidinin imam cüməsi, ilahiyyatçı alim Hacı Şahin Həsənli qeyri-rəsmi nikahlarda kəbinin rolunun azaldığını deyib: “Qafqaz Müsəlmanları İdarəsindən din xadimlərinə rəsmi nikah olmadan dini kəbin kəsməmək tapşırığı verilib. Bu tələbə din xadimləri tərəfindən ciddi şəkildə əməl edilir. Dini nikaha daxil olmaq üçün müraciət edənlər ya rəsmi nikah sənədi, ya da bunun üçün müraciət etmələri barədə sənəd gətirməlidirlər. Bu zaman nişanlı cütlüyün valideynləri, yaxınları da yanlarında olub bunu təsdiq etməlidir. Bunlar olmazsa, kəbin oxunmasına icazə verilmir. Bu məsələ ilə bağlı maarifləndirmə işi aparılmalıdır”.
Qeyri-rəsmi nikahların erkən evliliklə əlaqəsinə toxunan Hacı Şahin bunun dinə bağlanmasının yanlış olduğunu vurğuladı: “Düzdür, bir vaxtlar peyğəmbərimiz belə bir addım atıb. Lakin bu gün din xadimləri bildirir ki, dini qaydalar müasir dövrün tələblərinə uyğunlaşdırılmalıdır. Bu gün qız uşaqlarının formalaşması daha gec olur və onlar erkən yaşlarda nikaha hazır olmurlar. Dinimiz də erkən nikahları dəstəkləmir. Heç bir din xadiminə də rəsmi nikah yaşı tamam olmayan qız uşaqlarının kəbinin kəsilməsinə icazə verilmir. Din xadimlərimizə son vaxtlar bu cür müraciətlər qeydə alınmır. Lakin yetkinlik yaşına çatmış, rəsmi nikahı olmadan kəbin kəsdirmək istəyənlər olur. Onlara da tələblər izah edilir. Həmçinin dövlət nikahı üçün müraciət sənədi tələb edilir. Yalnız bundan sonra kəbin kəsilə bilər”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin məsləhətçisi Aynur Veysəlova deyir edir ki, qeyri-rəsmi nikahda olan qadınlar tərəfindən doğulan uşaqların hamısı tək ananın ərizəsilə qeydiyyatdan keçməyib: “Bu uşaqların doğulduğu ailələrin bir çoxunda normal münasibət var, valideynlər birlikdə yaşayır. Hətta bu uşaqlar ailələrin 4-5 uşaqları da ola bilər. Sadəcə tərəflərdən birinin sənədləri qaydasında olmayanda, tələsik toy edib nikahı sonraya saxlayıblar, sonra da unudulub, ehtiyac duyulmayıb. Belə səbəblərdən illərdir qeyri-rəsmi nikahda yaşayanlar az deyil. Tək qadının ərizəsilə qeydə alınan uşaqlar isə boşanmış, ya da qeyri-rəsmi birgəyaşayış nəticəsində doğulan uşaqlardır. Bu uşaqlara doğum haqqında şəhadətnamə, təhsil alanda sənədlərin qaydasında olmaması kimi problemlər yaradır. Belə hallar uşaqlarda bir sıra mənəvi problemlər də yaradır. Bu uşaqlar daim atalarını sorusur. Ona görə də hər bir vətəndaşa münasibətlərini rəsmiləşdirməyi məsləhət görürük. Çünki qeyri-rəsmi münasibətdən doğulan uşaqlar valideynlər üçün də problemlər yaradır”.
A.Veysəlova əvvəllər ölkəmizdə rəsmi nikah olmadan qız ailələrinin toya razı olmadığını xatırladır: “Bu gün də qız atalarına səslənirik ki, həmin qaydalara əməl edin. Yalnız rəsmi nikahdan sonra qızlarınızı gəlin paltarında evdən köçürün”.
Komitə rəsmisi hesab edir ki, bu uşaqların bir qisminin nikah yaşı tamam olmayan qadınlar tərəfindən doğulur. O, cütlüklərin bəzən emosiyalarla hərəkət etdiyini deyir: “Bəzən tərəflər hisslərinin arxasınca gedib, rəsmi nikah olmadan birlikdə yaşayır və övlad dünyaya gətirirlər. Lakin uşaqların sonrakı taleyini emosiyalardan çox hüquqi qayda qanunlar həll edir. Yəni Avropa ölkələrindən vətəndaş nikahını götürmək yetərli deyil. Çünki həmin ölkələrdə cütlüklər birlikdə yaşasalar da, bunun özünün kökündə çoxlu normativ sənədlər dayanır. Həmin cütlüklər həmin hüquqi qaydalara əməl etməlidirlər. Hər bir azadlığın arxasında hüquqi baza var. Bu istiqamətdə Komitə maarifləndirici işlər aparır, lakin daha çox iş aparılmasına ehtiyac var”.
\Publika\