7 Avqust 2017 21:19
1 182
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ilə ABŞ arasında “soyuq müharibə” bir müddət əvvəl başlayıb. İndi amerikalı diplomatların Rusiyadan çıxarılmasına Vaşinqtonun cavab tədbirləri həm də yaranan fürsətdən istifadə deməkdir. Yəni bəhanədən yararlanmaqdır. Onu da deyə bilərəm ki, Rusiyanın addımları son nəticədə öz başında çatlayır. Reallıq bunu göstərir.

Bu fikirləri Teleqraf.com-a Prezident Administrasiyasının sabiq sektor rəhbəri, professor Rüstəm Məmmədov Rusiya-ABŞ münasibətlərini şərh edərkən deyib.

Politoloq bildirib ki, Amerikanın ixtiyarında ciddi resurs və rıçaqlar var: “Vaşinqton müxtəlif cavab tədbirləri görə bilər. Artıq sanksiyalar tətbiq edilir. ABŞ əlavə olaraq rusiyalı diplomatlara sanksiya və qadağalar tətbiq edə, Rusiyaya gediş-gəlişi azalda, eləcə də bir sıra diplomatların Rusiyadan çıxmasının qarşısına maneə qoya bilər. Amerika çox oyunlar çıxara bilər”.

Mütəxəssisin sözlərinə görə, indiki proses Yaxın Şərqdə kimin möhkəmlənəcəyi, kimin zəifləyəcəyi aydınlaşana qədər davam edəcək: “Qərb Rusiyanı Yaxın Şərqdən uzaqlaşdırmaq istəyir. Əlbəttə, mən düşünmürəm ki, Amerika son sanksiyaları ilə buna nail ola bilər. Rusiya öz qərarlarında qətidir və bu, açıq görünür”.

Bununla belə, Rüstəm Məmmədov qeyd edib ki, ABŞ-ın son sanksiyaları Rusiyanı pis vəziyyətə qoyacaq:

“Rusiya böyük problem və çətinliklərlə rastlaşacaq. Bəs ABŞ-a qarşı Rusiya neyləyə bilər? Ən yaxşı halda amerikalı diplomatları ölkədən çıxara... Bundan əlavə rıçaqları yoxdur.

Mən deyə bilmərəm ki, Rusiya nəyə arxalanır. Açığı, Rusiyanın mövqeyini başa düşə bilmirəm. Hesab edirəm ki, vəziyyəti rusların özü Yaxın Şərq siyasəti ilə korlayıblar. İndi də vəziyyətləri gərgindir”.

Xatırladaq ki, ABŞ Dövlət katibi Reks Tillerson bəyan edib ki, ABŞ Rusiyanın amerikalı diplomatları ölkədən çıxarmasına cavab verəcək. Dövlət katibi cavabın nədən ibarət olacağını açıqlamayıb.

Əlavə edək ki, ötən ay ABŞ Rusiyaya tətbiq edilən sanksiyaları genişləndirib. Buna cavab olaraq Rusiya Prezidenti Vladimir Putin ölkəsindəki 755 amerikalı diplomatın sentyabrın 1-də Rusiyadan çıxarılacağını deyib.


Müəllif: Cavad