Bunu Teleqraf.com-a açıqlamasında Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı deyib.
Onun sözlərinə görə, Ermənistan Silahlı qüvvələri Tovuz rayonunun Qaralar kəndini atəşə tutan zaman dinc sakinin yaralanması növbəti erməni vandalizmidir: “Bu, onların növbəti vandalizminin acı nəticəsidir. Onlar dəfələrlə mülki əhaliyə qarşı bu cür addım atıblar. İlk dəfə deyil ki, silahlı insident nəticəsində uşaqlar zərər çəkirlər”.
Aparatının rəhbəri qeyd edib ki, məsələ ilə bağlı Ombudsman tərəfindən müvafiq qurumlara məlumatlar veriləcək.
Qeyd edək ki, dünən Ermənistan Silahlı qüvvələri Tovuz rayonunun Qaralar kəndini atəşə tutublar. Hadisə nəticəsində bir dinc sakin yaralanıb. Yaralanan şəxs 2004-cü il təvəllüdlü Ramin Sabir oğlu Yusifovdur. O öz həyətlərində olarkən həyətə mərmi düşüb. Mərminin qəlpələri Ramini ağır şəkildə yaralayıb.
Bədənində çoxsaylı qəlpə yarası alan Ramin Yusifov dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.