Teleqraf.com xəbər verir ki, bu sözləri Feysbuk səhifəsində BQP sədri, deputat Fazil Qəzənfəroğlu dilə gətirib.
Deputat əlavə edib ki, bizim məmləkətdə insanın çəkisi tərəzi ilə ölçülür, ona görə də ömrümüz rəqəmlərin sıradan dəyişimi kimi qiymətləndirilir:
“Harada ki, insanın çəkisi əməli ilə ölçülür, o zaman nə tərəziyə, nə də tərəzi daşına ehtiyac qalır, bəşər insanının yaddaşında çəkisiz bir ruh kimi qalırsan. İndi Lütfizadənin Azərbaycan üçün etdiklərinin tərəzidə çəkisi nə ola bilər, bunu rəqəmlərlə izah etmək istəyənlər yəqin ki, tapılacaq. Ancaq səlis bir məntiq onu deyir ki, elə bəşəriyyət üçün edilən hər bir dəyərli əməl, həm də Azərbaycan üçün edilən dəyərli əməldir. O müasir elmdə dəyər yaradan bir şəxsiyyətdir, çəkisi 60-70 kilo ilə müəyyənləşdirilməz”.
Qəzənfəroğluna görə, elə adlar var ki, onların mövcudluğu elə o xalqın başucalığıdır:
“Bu mövcudluğa həm də bir inam məsələsi kimi baxmaq lazım gəlir. 1921-ci ildə Bakıda doğulan həmyerlimiz dünya elmində qeyri-səlis məntiqin yaradıcısı kimi öz adını yazdırdısa, 2001-ci ildə, 2021-ci ildə doğulan bir azərbaycanlı da belə bir zirvəyə qalxmağın mümkünlüyünə Lütfizadə obrazında hər zaman inam daşıyacaq!
Bir də Azərbaycanda dəfn olunmağı bir müqəddəslik ritualına çevirməyək, bu gözəlim məmləkətdə minlərlə dəyərli vətən övladı ilə yanaşı, on minlərlə vətənə faydası dəyməyən insan dəfn olunub. Bu məmləkətin torpağına bu milləti azadlığa qovuşduran Rəsulzadə, Topçubaşov, Fətəli xan Xoyski və minlərlə bu dəyərdə olan insanlar hələ də qovuşmayıblar. Onlar heç vəsiyyət də etməyə imkan tapmayıblar. Lütfizadənin bu vəsiyyətinə sıradan bir istək kimi baxmaq doğru deyil, bu addımın özü də son mənzilə yol almazdan öncə vətənə, yəni Azərbaycana dəyər verməkdir”.
Xatırladaq ki, dünya şöhrətli alim Lütfizadənin səhətinin pisləşməsi haqqında dünya mediasında xəbərlər yayılıb. Alimin oğlu Norman Zadə bildirib ki, atası vəsiyyət edərək Azərbaycanda dəfn edilməsini istəyib.