14 Avqust 2017 09:19
1 780
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Çox sevindim ki, bizim prezidentlər məni təbrik etdi. Bu, mənim üçün böyük məna daşıyır”.

Londonda keçirilən 16-cı Dünya Atletika Çempionatının qalibi, Türkiyəni təmsil edən azərbaycanlı Ramil Quliyev Teleqraf.com-un suallarını cavablandırıb:

- Ramil bəy, Londonda keçirilən yüngül atletika yarışında dünya çempionu adını qazanmağınız həm Azərbaycanda, həm də Türkiyədə böyük ajiotaja səbəb oldu. Bu cür reaksiyanı gözləyirdiniz?

- Qələbə qazandığım üçün çox xoşbəxtəm. Gördüyünüz kimi, finaldan sonra iki ölkənin bayrağını qaldırdım. İnsanları sevindirdiyim üçün mən də xoş hislər keçirirəm. Yarış üçün çox ciddi hazırlaşmışdım. İstəyim ancaq qalibiyyət idi. Bu il 13 yarışda uğurla irəlilədiyim üçün finalda qalibiyyətə çox inanırdım. Finiş xəttini keçəndə, tam əmin deyildim, ekrana baxıb adımı gördüm, çox sevindim, çünki arzum çin olmuşdu. Hamı qələbə üçün əlindən gələni edirdi, kim stresə dayanıqlıydırsa, qüvvətliydisə, o da qazandı. Mənə verilən dəstəyə görə hər kəsə təşəkkür edirəm.

- Sizin Azərbaycan bayrağını qaldırmağınız xüsusi dəyərləndirilir və hər kəs söyləyir ki, Ramil Vətənini unutmayıb. Qələbə çalacağınız təqdirdə bayrağımızı qaldırmağı əvvəlcədən planlamışdınız?

- Bəli. Həmişə istəyirdim ki, yarışda iki türk dövlətinin bayrağı birgə dalğalansın. Bunu bacardığım və belə şans düşdüyü üçün olduqca şadam.

- Sizin qələbənizlə bağlı Azərbaycan və Türkiyə prezidentləri təbrik ünvanladılar. Təbriklərlə bağlı nə deyə bilərsiniz?

- Çox sevindim ki, bizim prezidentlər məni təbrik etdi. Bu, mənim üçün böyük məna daşıyır.

- Azərbaycan prezidenti qələbəni Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının növbəti təzahürü kimi qiymətləndirdi....

- Bəli, hazırda Türkiyədəyəm və iki ölkəni təmsil edirəm, gördüyünüz kimi hər iki ölkənin bayrağını qaldırdım. Azərbaycan bayrağını dalğalandırmaq böyük arzum idi, buna da nail oldum. Bu, mənim üçün fəxrdir.

- Türkiyədəki müqaviləniz neçə müddətlikdir?

- Xüsusi müqavilə yoxdur. Türkiyə dövləti adına yarışıram.

- Azərbaycandan təklif gəlsə, qayıdarsınızmı?

- İndi bu suala cavab verə bilmərəm.

- Hüseyn Boltla yarışmaq istədiyinizi demişdiniz, qələbənizə o necə reaksiya verdi?

- Yarışdan sonra Boltla bir neçə dəfə görüşdüm. Məni təbrik etdi, şəkil çəkdirdik. Dünən Estafet yarışında qaçanda zədə aldı, çox üzüldük. Amma bu idmandır və idmanda hər şey ola bilər.

- Atletika Azərbaycan üçün digər idman növləri ilə müqayisədə bir qədər ənənəvi deyil, maraqlıdır, atletikanı Sizə kim sevdirib?

- Ailəmiz atletdir, anam da, atam da atletika ilə məşğul olub. Elə ənənə və sevgi də ailəmdəm gəlib.

- Qarşıda hədəflər nədir?

- İdman həyatı yaxşı mənada dəyişdirir. Mənim növbəti hədəfim Olimpiya Oyunlarıdır. Gənclərimizə idmanla məşğul olmağı tövsiyə edərdim.

Xatırladaq ki, Ramil Quliyevi Azərbaycan vətəndaşı olan əməkdar məşqçi Oleq Muxin çalışdırır.

QEYD: Ramil Quliyev 29 may 1990-cı ildə Bakı şəhərində anadan olub. O, ilk böyük uğurunu 2007-ci ildə Gənclərin Dünya Çempionatında gümüş medal qazanmaqla əldə edib. Ramil Quliyev 2008-ci ildə Azərbaycanı Yay Olimpiya Oyunlarında təmsil edib. Təsnifat mərhələsində 20.78 nəticə göstərərək 1/4 finala adlayan Ramil 1/4 finalda 20.66 nəticə ilə 5-ci olaraq, mübarizəni dayandırıb. Bu, Ramilin Azərbaycanı təmsil etdiyi sonuncu yarış olub. Bundan sonra Ramil Türkiyə millisinin uğurları üçün mübarizəyə başlayıb. O, 2011-ci ildə Türkiyə vətəndaşlığını qəbul edib.

Ramil Quliyev türk mediasına ayrı-ayrı vaxtlarda verdiyi müsahibəsində “Fənərbağça” klubundan böyük dəstək gördüyünü söyləyib və bildirib ki, bu klub və rəhbəri Əziz Yıldırım olmasaydı, bəlkə də atletika ilə çoxdan vidalaşardı.


Müəllif: Nərgiz Ehlamqızı

Oxşar xəbərlər