Ermənilər bəlli səbəblərdən “Qarabağ” klubunun qələbələrini həzm edə bilmirlər. Guya bunun qarşısını almaq üçün yeni formul icad ediblər. Erməni saytları klubumuz haqqında nəsə yazmağa məcbur olanda klubu “Qarabağ-Ağdam” kimi təqdim edirlər. Bununla demək istəyirlər ki, bu “Qarabağ”ın, onların “Qarabağı”na aidiyyəti yoxdur. Ermənilər bu “xəstəliklərini” ruslara da yoluxdurmağa çalışırlar. Rusiyanın bir neçə saytı da klubumuzu “Qarabağ-Ağdam” kimi təqdim edib.
Sözsüz ki, “Qarabağ”ın beynəlxalq arenada uğurları artdıqca erməni lobbisi Avropa mətbuatında da klubumuzun adının fərqli yazılmasına çalışacaq. Halbuki, klubun rəsmi adı “Qarabağ”dır və belə də yazılmalıdır, mötərizədə isə təmsil etdiyi şəhərin və ölkənin adı göstərilməlidir.
Bu mövzuda Teleqraf.com-a danışan Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirib ki, Azərbaycan ordusu 2016-cı ilin aprelində Ermənistan ordusuna ağır zərbə vurmuşdu və ermənilər bunun altından çıxmaq üçün yüz hoqqadan çıxdılar. Onun sözlərinə görə, təcavüzkar tərəf həmin vaxt saxta məlumatlar yaysa da, Aprel zərbəsinin təsiri altından bu günədək çıxa bilmirlər:
”Qarabağ”ın qələbəsi, ümumiyyətlə, futbol dünyasında uğurlar qazanması da ermənilərə çox ağır zərbədir. Onun altından çıxmağa, neytrallaşdırmağa çalışırlar. Təbii ki, bu klub Ağdamı təmsil edir. Burda fərqli bir şey yoxdur. Deyəcəklər ki, bu klub “Ağdam”ı təmsil etdiyi üçün belə yazırıq. Amma onların məkrli niyyətini başa düşürük”.
A.Nağı erməni tərəfinin Qarabağ Azadlıq Təşkilatı ilə bağlı da vaxtilə oxşar addım atdığını vurğulayıb:
“Qarabağ Azadlıq Təşkilatı bir bəyanat verən kimi, aksiya keçirən kimi əksər erməni saytları, qəzetləri bunu manşetə çıxarırdılar. Bir müddət keçəndən sonra onlar özləri-özlərini tənqid etməyə başladılar. Dedilər ki, biz bununla Qarabağ Azadlıq Təşkilatını təbliğ edirik. Sonra “Azerbaydjanskaya Orqanizatsiya Osvobojdenie Karabaxa” yazmağa başladılar. Ermənilər Qarabağ Azadlıq Təşkilatı sözündən çəkindikləri üçün əvvəlinə bir Azərbaycan sözünü əlavə edirdilər ki, birdən səhv başa düşülə bilər”.
QAT sədri qeyd edib ki, ermənilərin növbəti təxribatının qarşısını almaq üçün həm dövlət, həm də ictimaiyyət tərəfindən müəyyən işlər görülməlidir:
“Bu istiqamətdə Rusiyanın, Avropa ölkələrinin kütləvi informasiya vasitələri ilə işlənilməlidir. İctimai sektor xüsusi fəallıq göstərməli, qeyri-hökumət təşkilatları, Mətbuat Şurası tərəfindən işlər görülməlidir. Yəni, təbliğatımızı aparmalı, “Qarabağ”ın bütün Qarabağı təmsil etdiyini təqdim etməliyik”.
A.Nağı 1951-ci ildə Ağdamın “Qarabağ” komandası yarandıqdan sonra ermənilərin Xankəndidə də eyniadlı komanda yaratdıqlarını xatırladıb: “Onlar müvəqqəti də olsa “Qarabağ” adını ağdamlıların əlindən almağa müvəffəq oldular. Moskvaya – Mərkəzi Komitəyə yüzlərlə məktub göndərdilər. Ağdamlıların bu adı götürməsinin yanlışlıq olduğunu bildirdilər. Hətta, məsləni hüquqi müstəviyə daşımaq istədilər. Ancaq Azərbaycan rəhbərliyinin SSRİ rəhbərliyi, futbol federasiyaları qarşısında əsaslandırmasından, bir xeyli mübarizədən sonra həmin ad Ağdama qaytarıldı. Yəni, bu mübarizədir. Onlar da, biz də mübarizə aparırıq. İkinci dünya müharibəsinin sonlarında ermənilər Amerikada “Arşın mal alan” adlı film çəkmişdilər. Erməni müəllif, erməni rejissorun ərsəyə gətirdiyi bu film prokata erməni filmi kimi buraxılmışdı. Azərbaycan rəhbərliyi SSRİ rəhbərliyi qarşısında məsələ qaldırdı. Bu qərara gəldilər ki, o filmi neytrallaşdırmaq üçün Azərbaycan və rus dillərində azərbaycanlı müəlliflər tərəfindən yaxşı bir film çəkilib prokata buraxılsın. Elə də oldu. Azərbaycanın “Arşın mal alan” filmi bütün dünyanı fəth elədi. İndi də “Qarabağ”la bağlı təbliğatımızı genişləndirməli, onların təbliğatını neytrallaşdırmalı, həqiqətləri çatdırmalıyıq. Ağdamın “Qarabağ” klubu Dağlıq Qarabağı da, bütün işğal olunmuş əraziləri də təmsil edir. Hesab edirəm ki, təbliğatımız bu yöndə olmalıdır”.