5 Sentyabr 2017 15:12
2 172
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Zərdüşt Əlizadə Myanmada baş verən hadisələrlə bağlı Teleqraf.com-a müsahibə verib. Müsahibəni təqdim edirik.

– Zərdüşt bəy, Myanmanın Azərbaycandan xeyli uzaqda yerləşməsinə görədir, ya başqa səbəbdəndir ki, bu Cənub-Şərqi Asiya ölkəsində baş verənlərlə bağlı ziddiyyətli məlumatlar yayılır. Kimisi orada müsəlmanlara qarşı qətliam törədildiyini, kimisi bunun əksini sübut etməyə çalışır. Müxtəlif zorakılıq fotoları yayılır, sonradan bunun Myanmada baş vermədiyi iddia olunur. Myanmada baş verənlərlə bağlı Azərbaycan oxucusunu dolğun, obyektiv məlumatlandırmağınızı xahiş edirik…

– Myanmanın əvvəlki adı Birma, paytaxtı Neypido şəhəridir. Əvvəllər paytaxtı Ranqun şəhəri olub. Ölkə müstəqillik qazananda onun baş naziri, sonralar – 1961-1972-ci illərdə BMT-nin baş katibi olmuş U Tan 1950-ci illərin sonlarında SSRİ-yə səfəri çərçivəsində Bakıya gəlmişdi. Həmin vaxt mən pioner idim və küçədə bayraqlarla U Tanı salamlayırdıq. Yəni, mən Birmanı uşaqlıqdan tanıyıram, oxuyuram. Çox maraqlı ölkədir, çox gözəl cəngəllikləri, meşələri, şəlalələri var. Xalqı çox mehriban və çalışqandır. Amma uzun on illiklərdir ki, orda hərbi diktatura hakimiyyətdədir. Adlarını sosialist qoyublar, amma sosialist-zad deyillər. Xalq əsarətdə saxlayan hərbi diktaturadır. Son illərdə Qərbin təsiri ilə bir balaca yumuşalma başlayıb. Diktaturanı avtoritarizim əvəzləyib. Belə olan şəraitdə xalqı nəyəsə yönəltmək lazımdır. Əhalinin mütləq əksəriyyəti buddistlərdir. Nəsə etmək lazımdır və “ayır, buyur” siyasəti düşünülür. Necə ayırmaq olar? Rakxayn, yaxud Arakan ştatında yaşayan, Birma dilindən tərcümədə müxtəlif formalarda – roini, roinci kimi tələffüz olunan müsəlman xalqına zülm etməyə başlayırlar. Artıq 4-5 ildir ki, onları qırırlar, tuturlar, ölkədən qovurlar və sair. Onlar da qonşu Banqladeşə qaçırlar, Banqladeşdə onlara yad münasibət bəslənilir. Bəzən də Banqladeşdən keçməklə Hindistana qaçırlar. Yəni, bu uzun müddətdir davam edir.

Təqib olunanlar müsəlman olduqları üçün buna heç kim reaksiya vermir. Müsəlmanın nə hüququ ola bilər?! İstər müsəlman ölkələri olsun, istərsə də başqa ölkələr. Müsəlman ikinci növ insandır. Ona görə də dünya-aləm baş verənlərə bir o qədər də reaksiya vermir. Bəzi ölkələrdə bu barədə yazırlar, bəzi insan hüquq müdafiəçiləri bu barədə danışırlar. Amma Neypido həmin dəqiqə deyir ki, bu, Myanmaya təzyiq vasitəsidir.

– Amma dünən Moskvada mindən çox insanın iştirakı ilə etiraz aksiyası keçirilib, Qroznıda isə etirazçıların sayının 1 milyona çatdığı bildirilir…

– Rusiyada da müsəlmanların hüquqları pozulur. Çeçenistanda ən çox hüquqları pozulanlar çeçenlərdir. Ümumiyyətlə, Rusyada müsəlamanların vəziyyəti gözqamaşdırıcı deyil. Birdən-birə Moskvada və Qroznıda böyük mitinqlərin keçirilməsi hansısa siyasi istəkdən, tələbatdan irəli gəlir. Burda insan haqları, müsəlmanların hüquqları məsələsi əsas deyil. Bəli, faktıdır ki, Birma müsəlmanları təqib olunur, onların hüquqları pozulur, diktatura rejimi dini azlıqları incidir. Amma bunun birdən-birə Rusiyada şişirdilməsi, ictimai səviyyəyə çıxarılması ictimai fikri yayındırmaq və müsəlmanların etirazını hansısa məcraya yönəltmək cəhdidir.

– Qərb ölkələrinin bu məsələyə dair mövqeyi – susqunluğu da maraq kəsb edir…

– Qərbdə öz mənfəəti naminə yaşayan, pul qazanmağa çalışan, hər şeyi pula dəyişməyə hazır olan xeyli insanlar və şirkətlər var. Onlar dövlət siyasətinə daha fəal təsir edirlər. Təbii ki, onlar harda faydalı qazıntılar, təbii sərvətlər varsa, orda insan haqlarını, o cümlədən dini və milli azlıqların haqlarını unudurlar və istənilən diktatorla əməkdaşlıq etməyə hazırdırlar.

– Myanma hökuməti toqquşmaların baş verməsinə, dinc əhalinin kütləvi şəkildə qaçqın vəziyyətinə düşməsinə niyə reaksiya vermir?

– Çünki özü bunda maraqlıdır və əvvəldə qeyd etdiyim “ayır, buyur” siyasəti yürüdür. Bu, avtoritar, totalitar rejimlərin xüsusiyyətidir. Birma hökuməti həyatından narazı olan buddist əhalinin əksəriyyətini müsəlmanları qurbanlıq keçi kimi təyin edib onların üstünə qısqırdır. Amma onlar da elə birmalılardır. Sadəcə, etiqadları fərqlidir, vəssəlam.

– BMT-nin müvafiq qurumları, o cümlədən Beynəlxalq Miqrasiya Təşkilatı nəyə görə 1 milyona yaxın insana 70 il ərzində vətəndaşlıq verilməməsi məsələsinə münasibət bildirmir?

– Məsələ ondadır ki, beynəlxalq hüquq, beynəlxalq təşkilatlar, BMT yalnız hansısa məsələdə güclü dövlətlər maraqlı olduqda işə düşür. Güclü dövlətlərə maraqlı olduqda qanunun aliliyi, hətta sanksiyalar yada düşür. Amma Myanma məsələsində etiraz etmək heç kimə əl vermir. Bəzilərinə ona görə ki, əzilən, təqib olunanlar müsəlmanlardır. İndi bu iş qalxıb, görünür, böyük dövlətlər bundan fayda götürmək istəyirlər. Ona görə bu məsələyə ciddi diqqət yetirməyə başlayıblar. Ancaq bundan əvvəl neçə illərdir məzlum müsəlmanları Birmada döyürdülər, qovurdular, heç kimin vecinə deyildi.

BMT də hansısa mücərrəd təşkilat deyil. Onun Təhlükəsizlik Şurası, şuranın 5 daimi üzvü, həmin üzvlərin hər birinin geosiyasi maraqları var. Geosiyasi maraqlara görə Birmadakı vəziyyətə münasibət bildirmək əl vermir. Rusiya deyir ki, Birma mənim təsir dairəm deyil, mənim nəyimə lazımdır?! Amerika deyir ki, qoy əzsinlər, qovsunlar. Vaxt gələndə biz insan hüquqlarının pozulması məsələsindən istifadə edib Birmadan nəsə qopararıq. Fransa da deyir ki, mən də hansısa mənfəətimi təmin edərəm. Britaniya da onun kimi. Hər biri öz maraqlarını düşünür. BMT üzvü olan ölkələrin mütləq əksəriyyəti – 150-si öz iradəsi olmayan qurumlardır. Onlar qlobal yox, heç regional, milli düşüncə səviyyəsində deyillər.

– Bəs Çinin mövqeyi? Çin də Təhlükəsizlik Şurasının üzvüdür və Pekin də müsəlmanlarla ayrı-seçkilik siyasəti yürüdür...

– Çin deyir ki, əşşi, müsəlmanları əzirlər, əcəb edirlər. Mən də uyğurları əzirəm. Ancaq burda bir məsələ var. Çində ciddi problemlər mövcuddur və bu ölkə ilə mübarizə aparan böyük geosiyasi rəqiblər Çindəki dini və etnik rəngarənglikdən sui-istifadə etmək istəyirlər. Məqsəd Çin, Rusiya kimi nəhəng, qüdrətli, çoxmillətli dövləti dağıtmaq, onun yerində xırda “dövlətcik”lər yaratmaqdır. SSRİ dağılanda onlar çox xoşbəxt idilər. Çində Sitzyan vilayətində türk mənşəli müsəlman uyğurlar yaşayır. Onlardan sui-istifadə etmək istəyirlər. Ancaq hələlik Çin hökumətinin sərt, totalitar siyasəti bu dövlətə bütün prosesləri nəzarətdə saxlamağa imkan verir. Özlərini “xan” adlandıran çinlilərin Uyğurustana hökumət tərəfindən köçürülməsi nəticəsində artıq həmin vilayətdə uyğurlar etnik çoxluq deyil. Artıq nisbət təxminən 50-nin 50-dir. Bununla bağlı Qərb ölkələri tərəfindən müxtəlif bəyanatlar verilir, etirazlar bildirilir. Guya ki, müsəlmanların təəssübünü çəkirlər. Amma fikir verin, ən məzlum müsəlmanlar müsəlman ölkələrində, xüsusən avtoritar ölkələrdə yaşayırlar.

– Sizcə, Myanma hökumətinin beynəlxalq birliyin reaksiyasından sonra müsəlmanlara qarşı diskriminasiyanı dayandıracağı gözləniləndirmi?

– Birma hökuməti dəfələrlə bəyanat verib ki, hər şey əladır, hər şey yaxşıdır. Təqib olunanlar cinayətkarlardır, onlar dövlət çevrilişi hazırlayırlar, qanunlara tabe olmurlar, biz qanunun aliliyini təmin edirik. Yəni, bu cür standart ifadələr səsləndirirlər. Birmada da hökumət susmur – ona lazım olan şeyləri deyir. Verilən bütün suallara ötkəm cavab verir ki, hər şey yaxşıdır. Ermənistanda azərbaycanlı talanı olanda kimsə durub deyirdi, dinc azərbaycanlıları niyə öldürürsünüz? Milli işdir də, belə də lazımdır. Millət tələb edir ki, müsəlmanlar Birmadan təmizlənsin. Xalqın əsl əqli səviyyəsi də bununla ölçülür. Birmada aşağı səviyyədə xalqı qısqırdırlar, vuruşdururlar, yuxarı səviyyədə isə deyir ki, dövlət mənafeyi tələb edir ki, belə olsun və heç bir pozuntu yoxdur, qanunun aliliyi təmin olunur, hər şey əladır. Üzə durmağa nə var ki?!


Müəllif: Səxavət HƏMİD

Oxşar xəbərlər