6 Sentyabr 2017 11:10
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əslində Azərbaycan-Gürcüstan-Türkiyə formatı regionda ən uzun keçmişə, ən stabil xəttə malik və hələlik ən uğurlu formatdır.

Bunu Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirləri – Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Mixeil Canelidzenin bu gün Bakıda keçiriləcək görüşündən gözləntilərini Teleqraf.com-la bölüşən siyasi ekspert Araz Aslanlı deyib.

“Arzu edirik ki, bu formatların sayı artsın, amma SSRİ-nin dağılmasından bu yana baxdıqda Azərbaycan-Gürcüstan-Türkiyə formatının ən uğurlu format olduğunu görə bilərik”, - deyən A.Aslanlı bu formatda hələ 1990-cı illərin sonlarında prezidentlər səviyyəsində görüşlərin keçirildiyini xatırladıb. Onun sözlərinə görə, Azərbaycan-Gürcüstan-Türkiyə formatında digər nazirlərin, müxtəlif əlaqədar orqanların rəhbərləri səviyyəsində görüşlər keçirilib:

“Lakin hətta bu üçtərəfli formatda da daha stabil xəttə malik olan xarici işlər nazirlərinin görüşüdür. Səhv etmirəmsə, artıq 6-cı görüş keçirilir”.

A.Aslanlı bildirib ki, istənilən halda bu görüş əhəmiyyət daşıyır: “Əvvəla, formatın stabilliyinin qorunması baxımından vacibdir. Çünki bu formatın regional təhlükəsizliklə bağlı istiqamətləri mövcuddur. Qlobal əhəmiyyətli regional layihələr baxımından da əhəmiyyəti var. Eləcə də üç ölkənin öz aralarındakı ikitərəfli və üçtərəfli münasibətlərin inkişafı baxımından da bu görüşlər əhəmiyyət daşıyır. Məsələn, nazirlərin üçtərəfli görüşü keçirilən gün adətən ikitərəfli formatlarda da görüşlər keçirilir. Ona görə də üçtərəfli format həm ayrı-ayrılıqda bu ölkələrin hər biri, həm ikitərəfli və üçtərəfli əməkdaşlıq üçün, həm regional, həm də qlobal baxımından əhəmiyyətlidir. Amma burda başqa məsələlər də yox deyil. Məsələn, Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə həyata keçirilən Bakı-Tiflis-Qars layihəsi var. Biz bilirik ki, bu layihə kifayət qədər strateji əhəmiyyətə malikdir. Onun reallaşması onsuz da çox asan deyildi. Heç kim möcüzə gözləmirdi ki, bu layihə bir anda reallaşacaq. Amma ümumi gözləntilərdən, həm də sadəcə ümumi gözləntilərdən deyil, hər üç dövlətin rəsmilərinin verdikləri vədlərdən də artıq bir qədər vaxt keçib. Nəhayət ki, bu layihənin tam reallaşdırılması – Bakı-Tiflis-Qars dəmiryol xəttinin artıq tam istifadəyə verilməsi gözlənilir. Ola bilsin ki, bununla bağlı da müzakirələr olacaq. Mənim heç şübhəm yoxdur ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı məsələsi, Gürcüstanın ərazi bütövlüyü problemi məsələsi müzakirə olunacaq. Ehtimal var ki – bu, bəlkə zəif ehtimaldır – amma qapalı müzakirlərdə ola bilsin Suriya və İraqda gedən proseslərə dair də fikir mübadiləsi aparılsın. Yəni biz bilirik ki, adətən bu formatda olan görüşlərdə hər üç ölkənin ayrı-ayrılıqda xüsusi önəm verdiyi məsələlər müzakirə olunur. Dövlətlər bir-birinin mövqeyini öyrənməyə çalışır, ehtiyac olarsa – həmin anda ehtiyac hiss edilərsə, qapalı müzakirələrdə, bəzən də mətbuat önündə bir-birinə dəstək xarakterli açıqlamalar verirlər. Yəni, bu görüş daimi formatın qorunması baxımından əhəmiyyətlidir. Amma eyni zamanda konkret üç ölkəni maraqlandıran enerji, nəqliyyat layihələri, ümumi siyasi məsələlərin müzakirəsi baxımından da faydalıdır. O da ola bilər ki, hələ mətbuata açıqlanmayan bu üçtərəfli əməkdaşlıqda gələcəkdə yeni imkanlar, hansısa yeni sahələr var ki, nazirlər onu nəzəri olaraq müzakirə edirlər. Elə məsələlər də ola bilər. Yəni, hələ indi siyasi səviyyədə müzakirəsi gedir, münbit şərait olanda onun reallaşdırılmasına başlanılacaq. Bütün hallarda bu görüşü çox əhəmiyyətli hesab edirəm”.


Müəllif: Səxavət HƏMİD

Oxşar xəbərlər