8 Sentyabr 2017 09:23
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın özünün Şimali Koreyanın nüvə proqramına bənzər proqramı var. İran Şimali Koreya nümunəsini ortaya ataraq dünyaya mesaj verir ki, hər bir dövlətin nüvə siyasətini müstəqil aparmaq hüququ var. Bu mənada Prezident Həsən Ruhaninin Şimali Koreyanı açıq müdafiə etməsi daha çox İranın nüvə proqramına haqq qazandırmaq istəyindən irəli gəlir. Çünki İranın da nüvə siyasəti ilə bağlı planları var.

Bu fikirləri Teleqraf.com-a Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi Natiq Cəfərli İran prezidenti Həsən Ruhaninin açıq şəkildə Şimali Koreyanın ballistik və nüvə sınaqlarını müdafiə edən bəyanatını şərh edərkən deyib.

Natiq Cəfərli xatırladıb ki, son zamanla İranın, Şimali Koreyanın və Rusiyanın adı bir siyahıda çəkilir. Onun sözlərinə görə, ABŞ Konqresində qəbul edilən sanksiyalar haqqında qanunda da bu üç ölkənin adı çəkilib və onlara qarşı vahid sanksiyalar paketi qəbul edilib: “İran prezidenti özünü müdafiə yönlü çıxışında Şimali Koreyanın atdığı addımları müdafiə edir. Əslində bu, İranın köklü tarixi diplomatiyasına yaraşmayan bir hərəkətdir. Şimali Koreyada baş verən hadisələr dünyanı, eləcə də həmin bölgəni təhdid edən proseslərdir. Üstəlik söhbət heç bir nəzarət olmayan və nəzarəti rədd edən Şimali Koreya rejimindən gedir. Bu rejim bütövlükdə bölgəni təhdid altında saxlamaqla yanaşı, gələcəkdə nüvə texnologiyasının inkişafı ilə dünyaya ciddi problemlər yarada bilər. Dünya da bu problemin dərinliyini və nə dərəcədə aktual olduğunu anlayaraq, bu prosesə qarşı mübarizə aparmağa çalışır. Hansısa yollar taparaq problemin böyüməsinə imkan verməmək üçün addımlar atır”.

Natiq Cəfərli hesab edir ki, belə bir vəziyyətdə İran hamının, xüsusilə Amerikanın açığına bu bəyanatı səsləndirir və özünün də nüvə proqramını inkişaf etdirməkdə müstəsna hüquqları olduğunu ortaya atır: “Əslində bu, Qərb-İran münasibətlərini bir qədər də kəskinləşdirə biləcək bəyanatdır. Çünki Rusiya və Çin daim Şimali Koreyanın müttəfiqi olsalar da, onlar belə hazırda Pxenyanın atdığı addımlar fonunda özlərini sığortalamq, yaxalarını kənara çəkməyə çalışırlar. Bu məqamda isə İran ortaya çıxır, “cəsarətli” bəyanat verərək Şimali Koreya rejiminin addımlarına dəstəkləyir. Görünən odur ki, İranı həm də Şimali Koreya rejiminin taleyinin necə olacağı ciddi narahat edir. Çünki onun adının məhz Şimali Koreya ilə birgə çəkilməsindən narahatlıq duyur”.

Xatırladaq ki, İran Prezidenti Həsən Ruhani dünən hökumətin toplantısı zamanı Şimali Koreyanın nüvə və qitələrarası ballistik raket sınaqlarını müdafiə edib və bildirib ki, Qərbin təzyiqləri altında Pxenyanın həyata keçirdiyi sınaqları müdafiə edir.


Müəllif: Cavad