Blogger Aleksandr Lapşinin Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilməsi gələcəkdə törətdiyi hadisədən ibrət dərsi götürməsi üçün yaxşıdır. Lapşini güllələyəsi deyildik ki. Səhvə yol vermişdi, Azərbaycan xalqının maraqlarına uyğun olmayan hərəkət edib diplomatik etiketləri pozmuşdu, cəzasını aldı, qurtardı getdi.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramov Azərbaycan prezidentinin İsrail dövlətinin vətəndaşı Lapşin Aleksandr Valeryeviçin əfv edilməsi haqqında sərəncam barədə danışarkən deyib.
Onun sözlərinə görə, bloggerin ölkə başçısının sərəncamı ilə azad olunması dövlət siyasətidir:
“Lapşinin əfv edilməsi Azərbaycanla İsrail arasında münasibətlərin daha da yaxşılaşması üçün zəmindir. Azərbaycan öz prinsipiallığını bütün dünyaya nümayiş etdirərək onu Belarusiyadan ölkəmizə gətizdirdi və istintaq orqanlarına təhvil verdi. Bu gün istintaq orqanları belə məsləhət görüb ki, Lapşin buraxılmalıdır. Ermənilərə suyu bulandırmaq sərf edirdi, Lapşinin həbsini qabardırdılar. Bu gün Lapşin əfv edildi, Azərbaycanın öz mentaliteti, tərbiyəsi var və blogerin azad olunması dövlətimizin daxili siyasətinə əsaslanır”.
Xatırladaq ki, İlham Əliyev bu gün Lapşin Aleksandr Valeryeviçin əfv edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“1976-cı ildə anadan olmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 20 iyul tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş İsrail Dövlətinin vətəndaşı Lapşin Aleksandr Valeryeviç cəza çəkməkdən azad edilsin”.