1 Dekabr 2017 13:58
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi başlayıb.

Teleqraf.com xəbər verir ki, layihə haqqında deputatlara birinci vitse-spiker, Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib.

O deyib ki, 1991-ci ildə qəbul edilən qanunda söhbət Silahlı Qüvvələrdən getsə də, əslində ordunun statusundan bəhs olunur: "Qanunda Silahlı Qüvvələr, ordunun birbaşa təyinatı və məqsədi kimi məsələlər aydın şəkildə təqdim edilib. Qanun layihəsi hazırlanarkən, Konstitusiya, 2010-cu ildə parlamentin qəbul etdiyi Hərbi Doktrina və prezidentin təsdiq etdiyi Milli Təhlükəsizlik Konsepsiyasının müddəaları əsas götürülb. Bu üç qanunun hamısında dövlətin ərazi bütövlüyü və suverenliyi, insanların hüquq və azadlıqlarının müdafiəsi əsas götürülüb. Bu qanun qəbul ediləndən sonra ölkə prezidentinin fərmanı ilə silahlı birləşmələrin siyahısı müəyyən ediləcək".

Deputat Qüdrət Həsənquliyev qanunun mükəmməl hazırlandığını deyib. Bununla belə, bəzi əlavələrinin olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, hərbi qulluqçuların hərbi cinayət hesab edilən əmrləri icra etməsi hərbi cinayət hesab olunur və bu məqam qanunda əksini tapmalıdır:

"Bundan başqa, qanunun 15-ci maddəsində qeyd edilir ki, Silahlı Qüvvələrə nəzarəti Ali Baş Komandan həyata keçirir. Söhbət həm də parlamentin nəzarətindən imtinadan gedir. Konstitusiyasının 95.3-cü hissəsinə əsasən, parlament münasib bildirdiyi, zəruri hesab etdiyi istənilən məsələni müzakirəyə çıxara bilər. Nəzərə almaq lazımdır ki, Milli Məclis həm də dövlət büdcəsini qəbul edir və ona nəzarəti həyata keçirir. Əgər Milli Məclisin Silahlı Qüvvələr üzərində nəzarəti yoxdursa, bu sahəyə ayrılan maliyyə vəsaitinə nəzarəti həyata keçirməsi necə olacaq?

Bəzən zabitlərin əsgərlərə qarşı nizamnamədən kənar, qanunsuz əməlləri ilə bağlı məlumatlar olur. Hesab edirəm ki, yeri gələndə Milli Məclisin müvafiq komitəsi dinləmələr keçirmək hüququna malik olmalıdır. Heç bir halda Silahlı Qüvvələri parlament nəzarətindən kənarda saxlamaq olmaz. Qanunda Silahlı Qüvvələrə ictimai nəzarəti hansısa formada qeyd etmək lazımdır. Qeyd edim ki, bəzən Silahlı Qüvvələrdə ictimai nəzarətlə bağlı açıq qapı günləri keçirilir. Bu zaman valideynlər əsgərlərin saxlanma şəraiti, durumu ilə tanış ola bilir. Əgər bu praktikada varsa, qanuna da öz əksini tapa bilər.

Millət vəkili Siyavuş Novruzov isə deyib ki, layihə mükəmməl hazırlanıb: “Burada Silahlı Qüvvələrin vəzfəsi, təyinatı, idarəçiliyi, sosial müdafiəsi öz əksini tapıb. Ümumilli liderin də arzusu ondan ibarət idi ki, Azərbaycan Silahlı Qüvvələri güclü olsun. İndi Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazda ən güclüdür. Biz həssas dövrdə yaşayırıq. Hesab edirəm ki, bu il ərzində qanunu qəbul etməliyik. Bir neçə gün əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında yeni qüvvələrin yaradılması haqda qərar verilib. Bizim ərazilərimizi işğal edən Ermənistan bu qurumun üzvüdür. Haqlı olaraq qanunda Silahlı Qüvvələrə tam nəzarət Ali Baş Komandana verilir. ABŞ-da da bu cürdür. Vahid nəzarət mexanizmi Ali Baş Komandanın nəzarəti altında olmalıdır. Maddə 1.0.3 baxanda görünür ki, hansı silahlı birləşmələr Silahlı Qüvvələrin tərkibinə daxildir”.

Tahir Rzayev də qanunun mükəmməl hazırlandığını, bunun Silahlı Qüvvələrin inkişafına ciddi töhfə verəcəyini qeyd edib.

Hazırda müzakirələr davam edir.


Müəllif: Cavad

Oxşar xəbərlər