14 Dekabr 2017 08:55
1 512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com ABŞ prezidentinin Qüds qərarı, Türkiyədə İslam Əməkdaşlıq Təşkilatının zirvə toplantısı, ərəb ölkələri arasında vahid mövqe olmaması və digər mövzularda Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə müsahibəni təqdim edir:

- Sərdar, bəy bu gün Türkiyədə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər Qüds böhranını müzakirə edir. Gözləntiləriniz nədən ibarətdir?

- Qüds məsələsində islam ölkələrinin belə yekdillik nümayiş etdirməsi böyük hadisədir. Artıq dünyanın indiki formada idarə edilməsi mümkün olmayacaq. Hazırda dünya II Dünya müharibəsinin siyasi nəticələri əsasında idarə edilir. Amma artıq situasiya dəyişib. Dünya xristian-müsəlman tandemi və beynəlxalq hüquq normaları əsasında idarə edilməlidir. Bunun üçün islam dünyasının Avropa Birliyi tipli təşkilatını yaratması və xristian dünyası ilə əlaqələri yoluna qoyması lazımdır. Xilafətin yeni modeldə qurulması da bir ideyadır. Əslində bu proses gedir, məsələn, türk xalqları birliyi, ərəb ölkələri birliyi və s. Qüds problemi bu məsələni bir daha gündəmə gətirdi ki, islam dünyası vahid platformada birləşməsə, xristian dünyası ilə əlaqələrini qura bilməyəcək. İndi islam dünyasında bir ölkə Qüdsə görə ABŞ-ın yanındadır, biri digəri ilə yola getmir və s. Bu da problemlərin həllinə deyil, çətinləşməsinə səbəb olur. Düşünürəm ki, İslam Əməkdaşlıq Təşkilatının gələcək toplantısında islam birliyinin əsası qoyulmalıdır. Vaxtilə Avropa Birliyi də 3-5 dövlətin iştirakı ilə yaradılıb, ABŞ isə ştatların birləşməsi ilə ortaya çxıdı. İndiki halda İndoneziya, İran, Pakistan, Türkiyə, Əfqanıstan, Azərbaycan və digər ölkələr birləşib islam birliyinin əsasını qoyarlarsa, az müddət içində digər islam ölkələri də bu birliyə daxil olacaq. Əslində, islam dünyasının nəhəng potensialı var. Söhbət nəhəng maliyyə resurslarından, enerji daşıyıcılarından gedir. Ancaq islam dünyasının bir təşkilatlanması, təşkilatı yoxdur. Bu, olmayana qədər islam dünyası münaqişələr içində boğulacaq.

Məncə, Ərdoğanın hakimiyyəti dövründə apardığı xarici siyasətinin başlıca istiqaməti islam dünyasının birlik modelini yaratmaqdır. Ərdoğanın addımları buna istiqamətlənib. Baxmayaraq ki, bəzən buna Osmanlını dirçəltmək, Xilafəti yaratmaq kimi qiymət də verirlər.

Əslində, baxsanız klassik mənada yəhudilər qan və torpaq prinsipi ilə birləşməyən xalqdır. Yəhudilik həm də dindir. Bu dinə görə, yəhudilərin dövlət yaratması qadağandır. İlk dəfə yəhudi dövlətinin yaradılmasında məqsəd Osmanlını Yaxın Şərqdən çıxarmaq olub. Bu gün Türkiyə ilə ABŞ arasında münasibətlər kəskinləşir və Vaşinqtonda Qüdslə bağlı qərar verilir. Bu, əslində Türkiyəyə qarşı aktdır. Necə ki, ABŞ Türkiyənin əleyhinə PKK-nı və digər silahlı ünsürləri dəstəkləyir, eləcə də Trampın Qüds qərarı yəhudi xalqı və dövlətinin xeyrinə olmamaqla bərabər, Türkiyənin əleyhinə atılan addımdır. Bunu da Türkiyə çox yaxşı başa düşüb. Zamanında İsrailin yaradılmasında da məqsəd Osmanlını ərəb coğrafiyasından çıxarmaq olub. Türkiyə bunu başa düşürsə, deməli, çalışmalıdır ki, islam ölkələrindən istifadə edərək məsələnin həllinə nail olsun.

İkincisi, yəhudilərin özləri də bu qərarın əleyhinədir. Çünki bilirlər ki, bu qərar yəhudiləri ərəblərlə düşmən mövqeyə gətirəcək. Yəhudilər həm də bilirlər ki, ABŞ-ın bu qərarını ümumilikdə xristian aləmi dəstəkləmir. Məncə, İsrail də İslam Əməkdaşlıq Təşkilatının toplantısına dəvət edilməli və ona bu şəkildə izahat verilməli idi. Bu qərarla ABŞ həm yəhudilərə pislik edib, həm də yeni müharibə üçün qapılarını açıb.

- İslam Əməkdaşlıq Təşkilatının fövqəladə toplantısı ABŞ-ın Qüds qərarına qarşı nə dərəcədə effektiv ola bilər?

- Türkiyədə belə toplantının keçirilməsi mühüm hadisədir. Bundan əvvəl Avropa Birliyi toplaşdı, hətta İsrail baş naziri Netanyahu Brüsselə dəvət edildi, ona mövqelərini bildirdilər. İslam ölkələrinin də toplaşaraq Qüdsü müzakirə etməsi ciddi hadisədir. Bu, islam cəbhəsinin məsələyə dair siyasi mövqeyini ortaya çıxaracaq. Əlbəttə, əksər islam ölkələrində etiraz aksiyaları keçirilib. İkinci mərhələdə isə dövlətlərin mövqeyi ortaya qoyulur. Üstəlik nəzərə alın ki, çoxlu müsəlman ölkəsinin ABŞ-la iqtisadi, hərbi, ticarət və s. əlaqələri var. Əgər islam birliyi doğru qərar alarsa, ABŞ öz sözünü geri götürəcək. Çünki bir ölkəni qazanmaq üçün 40-50 ölkəni itirmək məntiqli siyasət sayıla bilməz. Bu saat Tramp bu işlə məşğuldur.

- İslam aləminin vahid mövqedən çıxış etməsi müşgül məsələdir. Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirliyi kimi ölkələr İslam Əməkdaşlıq Təşkilatının toplantısına qatılmayıb...

- Bir neçə ölkə var ki, oyuncaq rejimlərdir və ABŞ-ın dəstəyindən asılıdırlar. Hətta biz onların bu prosesə qoşulmasını istəsək də, mümkün olmayacaq. Çünki onların mövcudluğu ABŞ-dan aslıdır. Burada İndoneziya, Pakistan, İran, Türkiyə kimi nəhəng islam dövlətləri mövqeyini ortaya qoymalıdır. Ərəb coğrafiyasından isə Misirlə Səudiyyə Ərəbistanı böyük dövlətdir. Yerdə qalanlar kiçikdir.

İkincisi, Səudiyyə, Misir, Birləşmiş Ərəb Əmirliyi kimi ölkələr Ərəb Birliyi Təşkilatı daxilində öz mövqelərini ortaya qoyub. Ola bilsin ki, adı çəkilən ölkələr Ankara ilə münasibətlərinə görə, İslam Əməkdaşlıq Təşkilatının toplantısında iştirak etmir. Amma 3-4 ərəb ölkəsinin burada iştirak etməməsi böyük problem deyil. Nəzərə almaq lazımdır ki, müsəlmançılıq ərəbçilik demək deyil. Biz adətən, “müsəlmançılıq bərabərdir ərəb” düşüncəsindəyik. Əslində, müsəlmançılığın ərəblərə aidiyyəti yoxdur. Quran deyir ki, biz bu dini ərəblərə və sonra ona qoşulanlara nazil etdik. İslam dini ərəblər üçün nə qədər doğmadırsa, türklər, əfqanlar, farslar, qazaxlar üçün də o qədər doğmadır. Həm də Qüds Fələstinə görə müdafiə edilmir. Qüds islam dəyərlərinə görə müdafiə edilir. Bu mənada müsəlmançılığı ərəbliklə qarışdırmamalıyıq. Bu gün Avropada, ABŞ-da müsəlmanlığı qəbul edən alman, fransız, ingilis var ki, onlar islama ərəblərdən çox xidmət edir. İnternetdə baxdım, ABŞ-da bir polkonvik, hazırda böyük bir klinikanın rəhbəridir, islamı qəbul edəndən sonra 15-dən çox kitab yazıb. Söhbət ondan gedir ki, islam onu qəbul edənlərin malıdır, ərəblərin malı deyil. Ərəblərin içində milyonlarla xristian, formal islamı qəbul edənlər var.

- İndiki situasiyada bu problemin inkişaf tendensiyasını necə görürsünüz?

- Əslində, Fələstin dövlətini tanımadan ABŞ-ın Qüdslə bağlı məlum qərar verməsi münaqişəni körükləyir. Tramp həm ABŞ daxili aditoriyasını, həm dünyanın diqqətini özünün apardığı siyasətdən yayındırmaq üçün belə çaşdırıcı addımlar atır. Buna qədər Şimali Koreyaya hədə-qorxu gəlirdi, daha sonra Rusiyanı və İranı boykot edirdi. Dövlətlərin xarici siyasətində belə addımlar adətən, daxili siyasətdə problemlər olanda atılır. Biz bütün işğalçı dövlətlərin siyasətinə baxanda görə bilərik ki, daxildə problemlər olduğundan xaricdə belə siyasət həyata keçiriblər. Tramp seçki öncəsi verdiyi vədlərin çoxunu həyata keçirməyib. İndi deyir, bəs seçkilərdə vəd vermişəm ki, Qüdsü İsrailin paytaxtı olaraq tanıyacam. Əvvəla, Qüdsün İsrailin paytaxtı olması haqda qərarı İsrail xalqı və dövləti verməlidir. Bunun ABŞ-a nə aidiyyəti var? Belə çıxır ki, Azərbaycanda prezident seçkiləri keçirilir və bir nəfər namizəd elan edir ki, hakimiyyətə gələrsə, ABŞ-ın filan ştatını alıb Kanadaya verəcək. Trampın son qərarı buna oxşar gedişdir. Nəhayət, Trampın prezident seçilməsində yəhudi lobbisinin mühüm təsiri olub. Yəhudilər buna görə ABŞ-dan pay almalıdırlar. Əslində, ilk dəfə İsrail dövlətinin yaradılması bir ştat kimi ABŞ-da nəzərdə tutulub. Hətta bu ştatın adı da müəyyən edilib. Sonra bir siyasətçi təklif edib ki, İsrail dövləti Avropada yaradılsın. Yalnız 1840-cı ildə, Osmanlı Aralıq dənizindən sıxışdırılıb çıxarıldıqdan sonra Avropa ərəb ölkələrini nəzarətə almaq planını həyata keçirərək düşünüb ki, İsrail dövlətini Fələstin ərazisində yaratsın. Bu gün İsraildə yaşayan yəhudilərin çoxu əslində bura Avropadan, Rusiyadan, ABŞ-dan və digər ərəb ölkələrindən gələn insanlardır.

İndi müşahidə edilən prosesin silahlı münaqişəyə çevrilmək ehtimalı yoxdur. Amma bu, Yaxın Şərqdə terrorizmin yeni dalğasının meydana gəlməsini, Fələstin-İsrail münaqişəsinin aktivləşməsinə və indiyə qədər aparılan danışıqların dayanmasına gətirib çıxara bilər. Amma bütünlükdə bu dünya müharibəsi və ya dövlətlərarası müharibəyə gətirməyəcək.

Əgər Türkiyə və ABŞ dil tapacaqsa, bu məsələ avtomatik həll ediləcək. Nəzərə almaq lazımdır ki, Trampın qərarı Türkiyənin Yaxın Şərq siyasətinə verilən reaksiyadır.

- Bu məntiqlə 10 ildən sonra ABŞ-da bir namizəd erməni lobbisinin dəstəyi ilə prezident seçilə və günün birində Şuşanı erməni torpağı kimi tanıya bilərmi?

- Beynəlxalq hüquqa əsasən, iki dövlət arasındakı münasibətlər üçüncü dövlətin əleyhinə yönələ bilməz. Bu gün İsrail-ABŞ münasibətləri yüksəkdirsə, bu münasibətlər Fələstinin əleyhinə yönələ bilməz.

Problemin səbəbi həm də ondadır ki, artıq BMT kimi təşkilat gücünü itirib, ABŞ BMT-nin qərarı ilə hesablaşmır. II Dünya Müharibəsindən sonra yaranan bu qurumun əsasında dünya idarə olunur. İndi isə vəziyyət köklü dəyişib. Supergüclər də bildiklərini edirlər. Əvvəlki illər BMT dünyada sabitliyin və sülhün qorunmasında ciddi güc mərkəzi kimi çıxış edirdi. İndi isə bu gücünü itirib. Dünyanın aparıcı siyasətçiləri də deyir ki, BMT-də ciddi islahatlar olmalı, nizamnamə dəyişdirilməlidir. Bu, baş verməsə, hələ dünyada çoxlu problemlər yaranacaq. Əslində, ABŞ supergücdür. Dünya iqtisadiyyatının 70 faizi, ən böyük hərbi büdcə ABŞ-dadır. Amma bu o demək deyil ki, əlinə qayçı alıb dövlətlərin sərhədlərini istədiyim kimi kəsmək hüququn var. Məhz bu davranış dünya müharibəsinə gətirib çıxara bilər. Bu mənada süpergücün də gücünün fəaliyyət sferası olmalıdır. ABŞ-ın indiki rəhbərləri məncə, super güc olmaları ilə dünya ağalığını bir-birilə qarışdırıb. Tramp da qeyri-standart adamdır. Adətən, ABŞ prezidentləri seçki öncəsi qeyri-adi vədlərlə çıxış edirlər. Seçildikdən sonra isə dolaşıq vədləri yaddan çıxarırlar. Tramp isə düşünür ki, seçki öncəsi nə deyibsə, onu mütləq həyata keçirməlidir. Məşhur söz var: inqilabla hakimiyyətə gəlmək olar, ancaq inqilabi ruhla hakimiyyətdə qalmaq olmaz. Çünki hakimiyyət başqa, hakimiyyətə gəlmək isə tam başqa məsələdir. Tramp hansı ruhla seçki mübarizəsi aparıbsa, indi də prezidentliyini həmin seçki ruhu ilə davam etdirir. Bu da yanlışdır. Sən dünənə qədər dövlətdən məsafəli idin, heç bilmirdin dövlət nədir. Öz alternativlərini irəli sürüb prezident seçilmisən. Artıq indi əlində dövlət, tam ayrı şərtlər var. ABŞ-da sənə səs verən və verməyən insanların maraqlarını qorumalısan. Nəzərə almalısan ki, sən cəmi 2 faiz çox səslə seçilmisən. Bu isə ona imkan vermir ki, ABŞ-ın siyasətini köklü dəyişsin, dünyanı ABŞ-la düşmən etsin, ABŞ-ın dəyərlərinin üzərindən xətt çəksin və s. Tramp isə düşünür ki, bunu edə bilər və bu ABŞ xalqının iradəsini ifadə edir. Əslində isə Tramp bilməlidir ki, nisbi səs çoxluğu ilə prezident seçilib və qərar verərkən əks tərəfin də iradəsini nəzərə almalıdır. Axı ABŞ-da da hamı Tramp kimi düşünmür. Hətta öz komandasında ona qarşı çıxanlar, Trampın siyasətinin təhlükəli olduğunu açıq deyən siyasətçilər var.


Müəllif: Cavad

Oxşar xəbərlər