Millət vəkili Qənirə Paşayeva dünən Mərkəzi Hərbi Kliniki Hospitalında görüşdüyü yaralı gizirlə olan söhbətindən danışıb.
Teleqraf.com xəbər verir ki, millət vəkili bu barədə Facebook hesabında yazıb:
"Gizir Hüseynov Yaşar Əhəd oğlu! Bu gün Qospitalda onun əlini sıxmaqdan və tanımaqdan qürur duydum. Belə oğullarla hamımız fəxr etməliyik. Ermənistan Silahlı Qüvvələrinin təxribatlarına layiqli şəkildə cavab verən zaman qolundan yaralanmasına, ağrılara baxmayaraq döyüşü davam etdirən və düşmən ordusunun 6 əsgər və hərbiçisini məhv edərək şəhidlərimizin intiqamını alan qəhrəman bir qardaşımız. Səninlə və səninlə bərabər düşmənə layiqli cavab verən bütün qardaşlarımızla fəxr edirik. Yaralı olmana baxmayaraq sənin cəsarətin, ağrılara əyilməmən, yaralarım bir az yaxşılaşan kimi qayıdıram düz ön cəbhəyə deməyin gözümün qarşısından getmir. İnanırıq ki,sizin kimi oğulların sayəsində biz Ali Baş Komandanımızın, cənab Prezidentin rəhbərliyi altında Ermənistanın işğalı altında olan torpaqlarımızı da işğaldan azad edəcəyik. Səni kimi oğulların sayı daha da çoxalsın. Bütün dualarımız səninlədir. İnşallah Allahın və həkimlərimizin yardımı ilə tezliklə sağalacaqsan.Yaşar qardaşımızdan dualarınızı əksik etməyin".