İranın bir sıra şəhərlərində korrupsiya, bahalaşma və yoxsulluğa qarşı keçirilən etiraz aksiyalarında səslənən şüarlar, əsasən siyasi şüarlardır və burada Tehranın Suriya siyasəti tənqid edilir.
Bunu Teleqraf.com-a açıqlamasında siyasi ekspert Məhəmməd Əsədullazadə bildirib.
O qeyd edib ki, əgər ali dini lider tənqid edilirsə, bu aksiyalarda xarici qüvvələrin əlinin olduğunu istisna etmək olmaz:
“İranda Mahmud Əhmədinejadın prezidentliyi dövründə Mirhüseyn Müsəvi tərəfdarlarının aksiyaları geniş vüsət alsa da, onlar rejimi hədəf almamışdılar. Həmin nümayişlər rəqiblərin mübarizəsi idi. İndi keçirilən qəzəblə dolu aksiyalar Tehran rejimini hədəfləyib. İranda aksiyaları sosial media vasitəsilə izləyəndə bu qənaətə gəlmək olur ki, xalq təkcə yoxsulluğa qarşı deyil, siyasi ədalət və rejimin dəyişilməsi üçün çalışır. Zənnimcə, bu etiraz nümayişləri siyasi sifarişdir və idarəolunandır. Əgər bu xaricdən idarə edilirsə, demək, İrana qarşı çox ciddi plan həyata keçirilir”.
Politoloq bildirib ki, İranın Yaxın Şərqdə yürütdüyü fəal siyasəti və hərbi münaqişələrdə iştirakı ABŞ və İsrailin geosiyasi maraqlarının qarşısını almağa hesablanıb:
“Odur ki, İranın Yaxın Şərqdən çıxması üçün onu daxili problemlərə cəlb edirlər. İranın vitse-prezidentinin bu nümayişlərin mühafizəkarlar tərəfindən təşkil edilməsini qeyd etməsindən də aydın olur ki, nümayişlər idarə olunur. ABŞ artıq bu etiraz aksiyalarına dəstək verir. Məhz Qərbin, xüsusilə ABŞ-ın əsas hədəfi İranı daxili problemlərə cəlb etmək, xalq etirazı yolu ilə rejimi dəyişdirməkdir. Rəsmi Tehran bu etiraz nümayişlərini önləyə bilməsə, dalğa paytaxta çatarsa, böyük qarşıdurmaya və vətəndaş müharibəsinə səbəb ola bilə”.