3 Yanvar 2018 12:39
3 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın XX əsr tarixi ən azı üç inqilab görüb. Rusiyadan fərqli olaraq bu üç inqilabın hamısı xarici qüvvələrin və imperialistlərin maraqları ilə ziddiyyət təşkil edib və xarici qüvvələr hər dəfə onun boğulmasına çalışıb.

Teleqraf.com xəbər verir ki, bunu Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Fuad Çıraqov bildirib.

O qeyd edib ki, birinci (1905-11) və ikinci inqilab (1951-53) xarici qüvvələrin dəstəyi ilə yatırılıb, üçüncüsü isə baş tutub:

“İran inqilablar ölkəsidir. Bəlkə də bunda pis bir şey yoxdur. İnqilablar dərin tarixi kökləri, intellektual və dinamik potensialı olan ölkələrə xasdır. Fransa kimi. Amma burda inqilabların tarixi və məntiqi dinamikası üçün maraqlı bir nüans var. İranda inqilabi zəmin, inqilabi şərait var. Ancaq alternativ ideologiya və kütlələri arxasınca apara biləcək passionar liderlər yoxdur. Bu özünü son hadisələr zamanı etirazların kortəbii baş verməsi, liderlərin olmaması və etiraz dalğasının hansısa siyasi məqsədlər üçün yönəldilməməsində göstərdi. İnqilabi şərait nə qədər vacibdirsə, onun önündə gedən liderlərin şəxsi keyfiyyətləri və qabiliyyətləri, aydın ifadə edilən alternativ ideologiya da bir o qədər vacibdir. Hazırda İran üçün alternativ ideologiya çox çətin məsələdir.

Görünən isə odur ki, son hadisələrə hətta 2009-cu il “Yaşıl hərəkat”ın liderləri də səssiz qaldılar. Bu, orta sinfin və intellektual elitanın səssiz qalması deməkdir. Yəqin ki, proseslərin təkamül yolu ilə inkişafı onları qane edir. Hələlik görünən odur ki, etirazlar sosial-iqtisadi vəziyyəti ağır olan aşağı kütlənin üsyanından o tərəfə keçə bilmir”.

F.Çıraqov bildirib ki, hələlik bu etirazlara “inqilab” demək çətindir:

“Bu, fərqli sosial etirazdır və bu sosial etirazların da öz səbəbləri var. Birincisi odur ki, Prezident Həsən Ruhaninin nüvə sazişini imzalamasından sonra iqtisadi vəziyyətin düzələcəyi ilə bağlı böyük ümidlər özünü doğrultmadı. Ruhani və komandası nüvə məsələsi ilə bağlı sanksiyalar götürüləndən sonra iqtisadi vəziyyətin düzələcəyi ilə bağlı böyük vədlər vermişdi. Bəli, bugünkü sosial etirazlarda vaxtilə İrana tətbiq edilən iqtisadi sanksiyaların böyük rolu var. Ancaq bir məsələni də unutmayaq. Nüvə sazişi imzalanandan sonra Barak Obama administrasiyası milyardlarla dolları təyyarələrlə İrana göndərdi. Hara getdi o pullar? Suriyada, Yəməndə müharibənin və “Hizbullah” kimi təşkilatların maliyyələşdirilməsinə. Bundan əlavə, Ruhani iqtisadi islahatlar həyata keçirməyə çalışırdı. Əsas maneə kim idi? İqtisadiyyatı və bütün gəlirli sahələri monopoliyada saxlayan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH). Ona görə də SEPAH-la hakim komanda düşməndir”.

Bununla belə, F.Çıraqov qeyd edib ki, hazırkı hadisələri inqilab adlandırmaq çox tez olsa da, hər şeyi bu etiraz dalğasının gələcək miqyası həll edəcək:

“Hələlik görünən odur ki, hakimiyyət böyük qan tökməkdən çəkinir və prosesi siyasi mübarizə müstəvisinə çəkməyə çalışır. Ancaq bu hadisə sözsüz ki, izsiz ötüşməyəcək. Hansısa böyük günah keçisinin tapılması zəruri ola bilər. Bu Ruhani də ola bilər, çünki onun düşmənləri çoxdur.

Ruhani hazırkı İran rejimi üçün çox vacib və maraqlı tarixi funksiyanı oynayırdı. O, sistem daxilində özünün islahatçı, liberal və mötədil imici ilə ölkədəki etiraz kütləsinin böyük hissəsinə ümidlər verərək, onları kəskin addımlardan çəkindirərək, ümumilikdə rejimin ömrünü uzadırdı. Bu cür personajın önə çıxmasına 2009-cu il “Yaşıl hərəkatı”ndan və “Ərəb baharı” dalğasından sonra böyük ehtiyac yaranmışdı.

Onun iflası etiraz kütləsinin hakimiyyət daxilində son ümidlərini qıracaq və inqilabi dəyişikliyi və qarşıdurmanı daha da yaxınlaşdıracaq. İnqilabların dinamikasında maraqlı bir məqam var. Ruhanidən və Ali dini lider Əli Xameneyidən sonra hazırkı İran rejimi üçün çox çətin olacaq. Mən İran haqqında heç nə demirəm. Dövlətlə onu idarə edənləri bir-birindən ayırıram. Xameneyi həqiqətən də hazırkı mürəkkəb unikal dövlət sistemini və qüvvələr nisbəti arasında incə balansı tapan böyük strateqdir. Yalnız o, rejimin ömrünü bu qədər uzada bilərdi. Onun intellektual portreti haqqında bir neçə il əvvəl “Foreign Affairs” jurnalında çox yaxşı yazı çıxmışdı. Üfüqdə onun bənzəri yoxdur”.

Analitik hazırkı ABŞ iqtidarının bu proseslərin arxasında dayanmasına qətiyyən inanmadığını vurğulayıb:

“Bəli, Donald Tramp administrasiyası prosesdən istifadə etməyə və onu alovlandırmağa çalışacaq. Amma hazırkı kadrlarla və ağıllarla bunu necə edəcəyi başqa məsələdir. Çox maraqlı situasiya yaranıb. Tramp hakimiyyətə gələndən İrana qarşı sərt siyasət yeritməyə çalışır. Nüvə sazişini ləğv etməyə çalışdı, alınmadı. Demokratlar və avropalılar hər vasitə ilə bunu əngəllədilər. Başda CNN olmaqla liberal mətbuat İranı müdafiə etmək üçün əllərindən gələni etdilər. İndi də maraqlı vəziyyətdir; liberal, sol mətbuat demək olar ki, susur. Ancaq “FoxNews” və digər sağçı mətbuat hadisələri diqqət mərkəzində saxlayıb, İran hakimiyyətini tənqid edir”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər