Şimali Koreya rəsmiləri bu görüşə qatılmaqla ABŞ-a bir işarə vermiş olurlar.
Bunu Teleqraf.com-a açıqlamasında Yanvarın 8-də Pxanmuncom sərhəd-keçid məntəqəsində Şimali və Cənubi Koreya nümayəndə heyətlərinin görüşünü şərh edən politoloq Fikrət Sadıqov bildirib.
F.Sadıqovun fikrincə, Şimali Koreya rəsmiləri bununla demək istəyirlər ki, bizim işimizə müdaxilə etməyin və bu halda biz cənubla ümumi dil tapa bilərik:
“Görüşdə Şimali Koreya idmançılarının fevralın 9-25-də Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək XXIII Qış Olimpiya Oyunlarında iştirak etməsi ilə bağlı məsələnin müzakirə olunması formal xarakter daşıyır. Təbii ki, bu, bəhanə, səbəbdir. Görüşdə siyasi məsələlər müzakirə olunub. Əlbəttə, görüşlə bağlı yayılan məlumatda siyasi amillər ön plana çəkilə bilməzdi. Görüşlərin başlanması üçün hansısa səbəb olmalı idi.
Şimali Koreya ABŞ başda olmaqla Qərbə diplomatik jest edir. Onlar bununla sübut etmək istəyirlər ki, Koreya yarımadasının işlərinə qarışmaq düzgün deyil və onlar özləri bütün məsələləri həll edə, hətta ABŞ-ın müttəfiqi olan Seulla anlaşa bilərlər”.
F.Sadıqov bunun düzgün vasitə olduğunu vurğulayıb:
“Bəlkə də bundan sonra münasibətlərdə istiləşmə, yaxınlaşma müşahidə oluna bilər. Bir neçə il öncə də iki Koreya dövləti arasında görüşlər keçirilib. Sonradan bu danışıqlar pozulub. Amma görünür, irəli sürülən təşəbbüs qarşıdurma vəziyyətində olan Pxenyanı görüşə razılaşmağa vadar edib”.
Bəs bu görüşlər uğurla nəticələnəcəkmi? F.Sadıqov bu suala cavab olaraq deyib ki, qısa müddətdə uğur əldə ediləcəyini gözləmək düzgün olmazdı:
“Hələlik, bu danışıqların nəticəsi bəlli deyil. ABŞ-ın bu ölkələrin münasibətlərini yaxşılaşdırması işinə qarışıb-qarışmayacağı gələcəyin işidir. Dünya hazırda elə bir vəziyyətdədir ki, hər an hər şey dəyişə bilər. Amma bu görüşün keçirilməsi hər halda yaxın gələcək üçün müsbət addımdır. Düşünürəm ki, bu addımların müəyyən pozitiv nəticələri olacaq”.
Qeyd edək ki, iki ölkə rəsmiləri arasında görüşdə Cənubi Koreya nümayəndə heyətinə Milli Birləşmə Nazirliyinin rəhbəri Ço Mön Gün, Şimali Koreya nümayəndə heyətinə isə Sülh Birləşməsi Komitəsinin sədri Li Son Qvon rəhbərlik edib. Görüş qapalı keçirilib. Tərəflər ilk növbədə Şimali Koreya idmançılarının Pxençxanda keçiriləcək XXIII Qış Olimpiya Oyunlarında iştirakını müzakirə ediblər.
Qeyd edək ki, bu, 2012-ci ildən bəri tərəflər arasında keçirilən ilk görüşdür.