İŞİD-in darmdağın olması haqda iddialara inanmıram. Sadəcə, İŞİD-ə sarsıdıcı zərbə vurulub.
Bunu Teleqraf.com-a “Ayna-Zerkalo” qəzetinin təsisçisi, siyasi analitik Elçin Şıxlı deyib.
O, hesab edir ki, İŞİD kimi terror şəbəkəsini tam məhv etmək üçün birinci növbədə onun ideologiyasını sıradan çıxarmaq lazımdır:
“Bu isə asan məsələ deyil. İŞİD-in əsas hərəkətverici bazası olan ideologiyası məhv edilməyib. Fiziki baxımdan 15 nəfərdən 12-ni öldürmək mümkündür. Amma qalan 3 nəfər yenidən yüzlərlə insanı ətrafına toplaya bilir.
İkincisi, ABŞ Suriyada yeni hərbi birləşmə yaradır, bu qüvvəni Suriya-İraq, Suriya-Türkiyə sərhədlərində yerləşdirmək planı qurur, buna Rusiya, Türkiyə, İranın etirazı var. İndi bu regionda kimisə nə İŞİD, nə də Bəşər Əsəd maraqlandırır. Suriyada geosiyasi oyun gedir, bölgədə kimin daha çox təsir gücünə malik olması uğrunda mübarizə alovlanır. Amerikalılar gördülər ki, bu ərazilərdə mövqelərini itirməkdədirlər, bu səbəbdən Suriyada hərbi kontingent hazırlayırlar. Hesab edirəm ki, bu dəyirman hələ çox su aparacaq”.
Elçin Şıxlıya görə, ABŞ-ın yeni yaradacağı ordunun tərkibinə 70 faiz kürd etnik qüvvəsi toplamasının öz məntiqi var:
“Fikrimcə, Türkiyə əvvəldən özünə düzgün tərəf-müqabil seçməyib. Nəticə göz qabağındadır – Suriyada yaradılan yeni ordunun tərkibi 70 faizi etnik kürdlərdən ibarətdir. Türkiyə NATO ölkəsi qismində ABŞ-ın yanında olmaq əvəzinə özünə dost kimi Rusiyanı seçdi. Türkiyə strateji cəhətdən səhvə yol verdi. İndi ortaya çıxanlar da bunun nəticəsidir.
Türkiyə bizim canımız-qanımızdır. Türkiyənin başına bir iş gələndə ürəyimiz ağrıyır. Amma yürüdülən yanlış siyasətin mahiyyəti odur ki, NATO üzvü olan bir ölkə gedib NATO düşməni ilə müttəfiqlik edir. Onda da nəticə belə olacaq...
Aydındır, Türkiyə sərhəd boyunca PKK və YPG-yə zərbələr endirir, addımlar atır, açıq və gizli formada mənafeyinin qoruyur. Eləcə də son zamanlar gözünü açıb türkmanlara diqqət ayırır. Amerika da mümkün qədər bunun qarşısını alır. Türkiyə zamanında ABŞ-ın yanında olmadı, Vaşinqton da bölgədə istinad edəcəyi subyekt axtardı. Bu gün həmin subyekt etnik kürdlərdir. Məsələ bundan ibarətdir”.
Analitik əlavə edib ki, 30 minlik silahlı ordu qurmağa başlayan ABŞ-ın bölgədə yeni planları var:
“Çox güman ki, bu plana ölkələrin xəritələrini dəyişmək məsələsi də daxildir. İşin pis tərəfi odur ki, arada biz uduzuruq. Türkiyənin uduzması bizim də uduzmağımızdır. Eləcə də İrandakı azərbaycanlılar, bizim millətimizdən olan türkmanlar uduzur.
Bölgədə Rusiyanın da maraqları var. Rusların nə türkə, nə də türkmana ürəyi yanır. Onun marağı ilə Türkiyənin marağı üst-üstə düşdüyü üçün indi bir yerdədir. Sabah maraq dəyişsə, Türkiyəyə birinci xəncəri Rusiya vuracaq”.
Elçin Şıxlı ABŞ-ın Suriyada apardığı prosesləri Türkiyə üçün təhlükəli sayır:
“Türkiyə müsəlman və islam birliyi deyə boş-boş şüarlarla çıxış etməməlidir. Çünki müsəlman birliyi deyənlərin heç biri Türkiyənin arxasında durmur. Bunların da çoxu ərəb ölkələridir. İslam birliyi əsassız iddialarıdır.
Bütün ərəb coğrafiyası 100 il əvvəl Osmanlının torpağı olub və türkləri etnik element olaraq heç vaxt sevməyiblər. Bu, əslində, indi də davam edir, bu məqamı nəzərə almaq lazımdır. Amma təəssüf ki, Ankara islami birliyə daha çox üstünlük verir və dövlətin, millətin mövqelərini itirir”.
Qeyd edək ki, ABŞ-ın rəhbərlik etdiyi anti-İŞİD koalisiyasının sözçüsü Rayn Dillon koalisiyanın Suriya Demokratik Qüvvələri ilə yeni Suriya Sərhəd Təhlükəsizlik Qüvvələri quracağını açıqlayıb. Rayn Dillon hazırda 230 nəfərin təlim keçdiyini və yeni birlikdə 30 min təlim görmüş hərbçinin olacağını qeyd edib.
Onun sözlərinə görə, yeni Suriya Sərhəd Təhlükəsizlik Qüvvələrinin etnik tərkibi hərbçilərin xidmətdə etdikləri yerə görə dəyişəcək. Koalisiya sözçüsü Suriyanın şimalında kürdlərin, Fərat hövzəsi və İraqla sərhəddə ərəblərin xidmət edəcəyini bildirib.