16 Yanvar 2018 17:11
1 039
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın Baş naziri Mariano Rajoy Kataloniyanın müstəqilliyini elan edən Karlos Puçdemonun yenidən muxtar vilayətin rəhbəri seçilməsinə qarşı çıxıb.

Teleqraf.com-un xəbərinə görə, baş nazir bəyan edib ki, Kataloniya lideri Brüsseldə andiçmə mərasimi keçirə bilməz. Onun fikrincə, əgər Kataloniya parlamenti Puçdemonu yenidən muxtar vilayətin rəhbəri seçərsə, bu halda Kataloniyanın Madrid tərəfindən idarə edilməsi davam etdiriləcək.

Qeyd edək ki, hazırda Kataloniya böhranı həll edilməmiş qalır.

Müstəqillik referendumundan dərhal sonra rəsmi Madrid Kataloniyada ciddi tədbirlər həyata keçirib. Kataloniya rəhbərliyində təmsil olunan bəzi şəxslər həbs edilib, bəziləri ölkədən qaçıb. Kataloniyada müstəqillik referendumunun tərəfdarı olan Puçdemon isə Brüsseldə yaşamağa məcbur olub. Madrid bəyan edib ki, Puçdemon İspaniya ərazisinə daxil olduğu an həbs ediləcək.

Ancaq bu hadisədən sonra Kataloniyada keçirilən seçkilər zamanı Karlos Puçdemonun lideri olduğu partiya səslərin çoxunu toplayıb. Bununla da Kataloniya böhranının həlli yenidən dalana dirənib.

Puçdemont sabah parlamentdə Katoloniya rəhbərliyinə namizədliyini irəli sürmək niyyətindədir. O, artıq bu barədə Skayp vasitəsilə kataloniyalılara müraciət edib.

İspaniya Baş naziri Mariano Rajoy isə bəyan edib ki, Kataloniyanı idarə edəcək şəxsin andiçmə mərasimi parlamentdə keçirilməlidir. Onun sözlərinə görə, bu, baş verənə qədər Kataloniyanın idarəçilik səlahiyyətləri Madridin əlində olacaq: “Kataloniya hökumətinin başçısı olmaq istəyən şəxsin Brüsseldə olması absurddur. Əgər həmin şəxs orada ola-ola Kataloniyanın rəhbəri seçilsə, səsvermənin nəticələrini ləğvi ilə bağlı məhkəməyə müraciət edəcəyəm”.


Müəllif: Cavad

Oxşar xəbərlər