17 Yanvar 2018 11:46
2 127
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə artıq düyməyə basıb, Suriya ərazisinə növbəti hərbi müdaxiləyə günlər, bəlkə də saatlar qalıb.

Teleqraf.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Ankara qərarında haqlıdır, Vaşinqtonun 30 min kürdü sillahlandırıb sərhəddə yerləşdirmək istəyi birbaşa Türkiyənin ərazi bütövlüyünə təhdiddir:

“Ancaq məni iki suala cavab maraqlandırır. Birinci sual; Türkiyə ordusunun hücumu ötən dəfəki kimi uğurlu alınarsa buna Vaşinqtonun reaksiyası necə olacaq və ABŞ Türkiyə əleyhinə hansı açıq və gizli planlarını işə salacaq? İkinci sual; Türkiyə ordusunun Afrini nəzarət altına alması planını Rusiya necə qarşılayacaq?”

Analitikin fikrincə, Rusiya hələ ki Türkiyənin tərəfdaşıdır, Ərdoğan Putinlə telefon danışığında Kreml sahibini Türkiyə ordusunun planları barədə xəbərdar edib və ikinci buna etiraz etməyib:

“Ancaq Rusiya ikibaşlı oynayır. Baxmayaraq ki, ABŞ-ın kürdlərə hərbi dəstəyi Moskvanın xoşuna gəlmir, ancaq Kreml kürdlərin bir hissəsini Bəşər Əsəd rejiminin tərəfdarı kimi qiymətləndirir və silahlı kürdlərin hamısının neytrallaşdırılması Rusiya hakimiyyətinin xoşuna gəlməyəcək. Bundan əlavə, ənənəvi rus-kürd yaxınlığı var ki, Moskva bu kartdan illər boyu Türkiyə əleyhinə istifadə edib. Buna baxmayaraq, Putin məntiqlə Ərdoğanla razılığı amerikalıların müttəfiqinə çevrilən silahlı kürdlərə qurban verməməli, Türkiyə ordusunun Suriya ərazisinə hücumunu dəstəkləməsə də, gələcək toqquşmalara göz yummalı, ən uzağı Rusiya Xarici İşlər Nazirliyi baş verənlərə yumşaq etirazını bildirməlidir”.


Müəllif: Səxavət

Oxşar xəbərlər