26 sentyabr 1990-cı ildə Türkiyə Milli İstihbarat Təşkilatının strateji istiqamətlərinə rəhbərlik edən Hiram Abbas evindən çıxaraq avtomobilinə əyləşdi. Ancaq ona avtomobilini idarə etmək imkanı verilmədi.
Öncə avtomobilin önündən sarışın və cazibədar xanım keçdi. Bu, onun diqqətini yayındırmaq məqsədilə edilən gediş idi... Daha sonra avtomobilin hər iki tərəfinə bələdiyyə əməkdaşı libasında olan şəxslər yaxınlaşdı. Onlar Hiram Abbasın baş nahiyəsinə atəş açmağa başladılar. Beləcə, türk kəşfiyyatı ən cəsarətli və dəliqanlı mütəxəssisi, mərhum prezident Turqut Özalın ən yaxın adamı öldürüldü.
Teleqraf.com Türk Milli İstihbarat Təşkilatının (MİT) ən cəsarətli agenti, əslən azərbaycanlı olan Hiram Abbasın dosyesini təqdim edir:
...Söhbət 1980-cı illərdə Türk Silahlı Qüvvələrinin bir strukturu olan MİT-in mülkiləşdirilməsi əməliyyatının açar ismi kimi təqdim olunan Hiram Abbasdan gedir.
Hiram Abbas 1932-ci ildə İstanbulda Fatma və Hilmi cütlüyünün nikahından doğulub. Ona Mustafa Hiram Abbas adı qoyulur. Bu ailə vaxtı ilə İstanbula İranın nəzarətində olan Cənubi Azərbaycandan qaçdıqdan sonra yerləşmişdi. Ona bu adı qoyan ana atası Mübarək Qalib Əldəm idi. Bu ad yəhudi əfsanələrində məşhur “Hiram Usta” adından götürülüb. Uşaqlıq dövründə son dərəcə dəcəl olan Hiram Abbas artıq gəncliyində boksla məşğul olmağa başladı, ölkə çempionu oldu.
Hələ uşaqlıq dövründə hər kəsdən seçilən Hiram Abbas orta təhsilini Saint-Jozef Litseyində aldı. Bu məktəbdə missionerlər tərəfindən nizam-intizamlı olmağa öyrədildi. Daha sonra Ankara Universitetinin Sosioligiya fakultəsinin məzunu oldu.
Hiram Abbasın dəhşətli əməliyyatları
1967-ci ilə qədər İstanbulda müfəttiş vəzifəsində işlədi. Hərbi xidmətdən sonra Hiram MİT-in əməkdaşı oldu. O dövrə görə çətin iş sayılan işdə - Batumidə SSRİ-yə qarşı kəşfiyyat xidmətinə çalışmağa başladı. Batumidə türk konsulunun müavini olan Hiram qısa müddətdən sonra Türkiyənin Afina səfirliyinə ikinci katib vəzifəsinə göndərildi. Məhz Afinada Yunanıstan Xarici İşlər Nazirliyində işləyən xanımla çox yaxın münasibətlər qura bildi. Bu xanım Yunan XİN-in nümayəndəsi olmaqla bərabər, ölkəsinin xüsusi xidmət zabiti idi. Onun həyat yoldaşı isə yunan Baş Qərargahının kəşfiyyat xidmətinin əməkdaşı olaraq fəaliyyət göstərirdi. Hiram Afinada MİT-in maraqları naminə hörümçək toru qururdu. Yunan kəşfiyyatı ondan şübhələnib cinayət başında yaxalamaq istəyəndə Hiram kəşfiyyatı aldadaraq “yoxa” çıxdı. Az sonra isə onun səsi Beyrutdan gəldi. Amma böyük əməliyyat planı keçirdiyi səbəbindən yunan kəşfiyyatı üçün bir nömrəli düşmən elan edilmişdi. Beyrutda onun türk kəşfiyyatının nümayəndəsi olduğu ortaya çıxdı. Beyrutda müvafiq orqanlar hərəkətə keçəndə Hiram artıq İstanbulda qəhvə içirdi. Onun yerinə Beyruta diplomat qismində Nuri Gündəş göndərildi. Hiram Abbas bu təyinatı başqa ölkənin ona qarşı həyata keçirdiyi əks həmlə hesab etdi.
“Qızıl Dərə” əməliyyatı da məhz onun adı ilə bağlıdır. Bu əməliyyatla Türkiyə əleyhinə fəaliyyət göstərən qrup bütövlükdə məhv edildi, özü isə atışma zamanı yaralandı.
Buna rəğmən, Hiram Abbas təhsilini davam etdirdi. Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) müxtəlif kurslarında və məktəblərində 4 il təhsil aldı. Təhsilini başa vurduqdan sonra 12 mart 1971-ci ildə İstanbulda yenidən fəaliyyətə başladı. Lakin 1978-ci ildə Namiq Kamal Ərsinin xuntası səbəbindən MİT tarixində istefa verən ilk şəxs oldu.
MİT cəsarətli oğlunu tələb etdi…
Az sonra Türkiyədə 12 sentyabr dövlət çevrilişi baş verdi. 1983-cü ildə Hiram Abbas ikinci dəfə MİT-də işə qaytarıldı. Bu zaman o, cəsarətli əməliyyatları ilə diqqət mərkəzinə gəldi. Onun həyata keçirdiyi əməliyyatlar MİT-in peşəkarları üçün belə ağlasığmaz idi. 1986-cı ilin avqustunda Hayrı Ündül MİT-in birinci müşaviri vəzifəsinə gətirildi. Az sonra Hiram Abbasa MİT-in müstəşar köməkçisi kimi strateji vəzifə təklif edildi. Bu vəzifədə Abbas çoxsaylı əməliyyatlara rəhbərlik etdi, MİT daxilində olan xainlərin ifşası kimi ən mürəkkəb prosesi layiqincə yerinə yetirdi. Məhz bu fəaliyyətinin nəticəsi olaraq MKİ və Mİ6-ya məxfi informasiyalar sızdıran Səbahətdin Savaşman ifşa olundu və cinayət başında yaxalandı. MİT daxilində öz şəbəkələrini quran xarici kəşfiyyat qurumları məhz Hiram Abbasın sayəsində casuslarını itirməklə bərabər, Türkiyə çapında fəaliyyətlərini dayandırmaq zorunda qaldı. MKİ kurslarında təhsil və iş prinsiplərini mənimsəyən Hiram Abbas üçün bunları həyata keçirmək çətin deyildi. İddialara görə, məhz onun cəsarətli və qüsursuz fəaliyyəti nəticəsində MKİ və MOSSAD-ın MİT-i öz təsir dairəsinə alaraq idarə etməsi artıq mümkünsüz hala gəlmişdi.
PKK-ya qarşı Müsəlman Qardaşları Təşkilatı
Bu dövrdə Suriya PKK-nı müdafiə edir, ona dəstək verirdi. Məhz bu zaman Hiram Abbasın strateq olduğu ortaya çıxdı. O, PKK kartına qarşı Müsəlman Qardaşları Təşkilatından istifadə etdi. Heç kimin heç zaman ağlına gəlməzdi ki, PKK-ya qarşı belə bir oyun qurulsun. Türkiyə siyasi elitası və kəşfiyyatçıları bu haqda danışanda Hiram Abbas artıq Müsəlman Qardaşları Təşkilatının liderlərini Ankarada qarşılayırdı…
Bununla parallel olaraq Türkiyədə solçuluğun və kommunizmin qurulmaması üçün Dev-Sol təşkilatına qarşı kontur tədbirlər həyata keçirməklə solu zəiflətmək və tədricən sıradan çıxarmağa çalışırdı.
Böyük kəşfiyyatçı 1960-cı illərdə general Fuad Doğu qrupunda fəaliyyət göstərmişdi, Türkiyənin düşmənlərinə qarşı şəxsən özü əməliyyatlarda iştirak etmişdi. Bu səbəbdən də onu ləkələmək heç cür mümkün olmurdu.
MİT-in Avropada ovu
ASALA terror təşkilatına qarşı ölkə daxilində və xaricdə MİT adına keçirilən əməliyyatlar da bilavasitə Hiram Abbasın adı ilə bağlıdır.
ASALA xaricdə türk diplomatlatrına sui-qəsd həyata keçirirdi. Məhz bu zaman Hiram Abbas xaricdə ASALA-nı bitirmək üçün addımlar atılmasını vacib hesab etdi, amma hələlik qərarverici statusda deyildi. Buna rəğmən, MİT xaricdə ASALA-ya qarşı gizli fəaliyyətə start verdi. Bunun nəticəsində bir ASALA üzvü ələ keçirildi və bir çox informasiyalar ortaya çıxdı. Hiram Abbas dərhal xaricdə əməliyyatlara başlanılmasının vacibliyini dedi və 5 nəfərlik qrup işə keçdi. Hiram Abbas qrupda olsa da, əsasən arxa planda yer alır və strateji planlamanı həyata keçirirdi. Qrup üzvləri həbs edildikləri zamanı MİT və dövlətlə əlaqələri olmayacaqlarını bəyan edəcəkdi. Qrup üzvləri sol qollarından əməliyyat edildi, dəri altına xüsusi həblər yerləşdirldi. Ələ keçəcəkləri təqdirdə dırnaqları ilə dərilərini çərtərək dərmanları qəbul etməklə kimsəsiz cəsədləri vasitəsilə türk dövlətçiliyinə son xidmətlərini göstərəcəkdilər.
ASALAYA qarşı Hiram əməliyyatları
Hiram Abbas qrupu Livana sızdı, ASALA üzvləri “yemlənərək” məhv edildi. Daha sonra Hiram Abbas Parisə keçdi və ASALA-nın rəhbərləri yoxa çıxmağa başladı. Artıq bütün Avropa paytaxtlarını türk kəşfiyyatı ram etdi. Avropa Hiram Abbas qrupunun ov meydanına çevrildi. Bu, türk kəşfiyyatı üçün ağlasığmaz və fövqladə vəziyyət idi. 1984-cü ildə San-Pedroda erməni konsert salonunun qarşısına bomba qoyulması Hiramın onlarla əməliyyatndan biri idi. Az sonra Avropada daha bir ASALA nümayəndəsinin avtomobili hərəkət edəcəyi an dəhşətli yanğına düçar olacaqdı.
Əməliyyatlar uğurlu keçdikdən sonra Hiram Abbas ölkəyə qayıtdı və fəaliyyətini davam etdirdi. Uzun illər Türkiyə siyasi rəhbərliyinə məhz kürd problem ilə bağlı hesabatlar Hiram Abbas tərəfindən hazırlanır və mümkün təhlükələr, anti PKK tədbirlərinin istiqamətləri göstərilirdi.
Günahlar kimin üzərinə qoyulsun?
Amma bütün bunlara rəğmən, 1988-ci ildə yayımlanan MİT hesabatında bütün qüsurlar Hiram Abbasın boynuna qoyuldu. Beləcə, türk milli kəşfiyyat məktəbinin ən güclü strateqlərindən olan Hiram Abbas tarixdə ikinci dəfə MİT-dən istefa etdiyini bəyan etdi. Və daha MİT-lə heç bir əlaqə saxlamadı, mümkün qədər az görünməyə, xarici silah şirkətinin İstanbul nümayəndəsi kimi fəaliyyətə başladı.
Özalın istəyi ilə yenidən MİT-ə döndü
Amma Türkiyə siyasi elitası Hiram Abbasın nə dərəcədə vətənpərvər və peşəkar olduğunu bilirdi. Odur ki, Turqut Özal onu yenidən xatırladı. İddialara görə, sui-qəsdə məruz qalmazdan öncə Turqut Özalın qəbulunda olan iki nəfərdən biri Hiram Abbas idi. Özalın ona hansı tapşırıq verib-vermədiyi isə sirr kimi qalmaqdadır. Digər iddiaya görə, Turqut Özal Hiram Abbası MİT müstəşarı vəzifəsinə gətirəcək, beləcə MİT tarixində ilk dəfə müstəşar hərbçi deyil, peşəkar kəşfiyyatçı olacaqdı. Özala görə, həm bölgə, həm də dünya şərtləri MİT-in mülkiləşdirilməsini tələb edirdi. Bu prosesi isə ancaq Hiram Abbas həyata keçirə bilərdi.
Lakin Türkiyə düşmənləri bu gedişləri səssiz müşahidə etmədi. Odur ki, 1990-cı ilin 26 sentyabrında evindən çıxan və “Doğan” markalı avtomobilinə əyləşən Hiram Abbas çarpaz atəş altında öldürüldü. Onun öldürülməsi sirr kimi qaldı.
Bəzi iddialara görə, onu elə dövlət içində olan rəqibləri aradan götürdü, məsuliyyəti isə Dev-Sol hərəkatının üzərinə atıldı. Ən son xəbər budur ki, Hiram Abbasın qatili 1995-ci ilin 3 martında öldürülüb, cəsədi isə qarışdırılan betona atılan MİT agenti “Tarix Ümid” olub.
Yaxınları isə deyir ki, Hiram Abbas MİT-də silahdan sərrast istifadə edən çox nadir şəxslərdən biri olub. Bu səbəbdən də daima mühafizəçisiz gəzib. Onu öldürən isə şəxsən tanıdığı şəxs olub. Əks təqdirdə Hiram Abbas tanımadığı şəxslərin onu öldürməsinə imkan verməzdi. Çünki sağ əli hər zaman yanında olan tapancanın tətiyində olub.
Hiram Abbasın kəşfiyyatçı obrazı illər sonra çəkilən “Qurdlar Vadisi” adlı serialda Aslan Akbəy obrazı kimi tamamlanaraq tarixə çevrilib.