Sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn son günlər cəbhə xəttində baş verən durumu Teleqraf.com-a şərh edib.
- Pənah bəy, cəbhə xəttindəki vəziyyəti necə qiymətləndirirsiniz?
- Hesab edirəm ki, torpaqlarımız Silahlı Qüvvələrdən istifadə olunmaqla işğaldan azad olunmalıdır. Son hadisələrə gəlincə, bu, ciddi proseslərdir. Bunun necə davam edəcəyini sonrakı hadisələr göstərəcək.
- Bu atışmaların müharibəyə çevrilmə ehtimalı varmı? Yoxsa, sülh danışıqları davam edəcək?
- Bunu ölkənin iqtidarı müəyyən edir. Hesab edirəm ki, ölkə iqtidarı üzərinə düşən vəzifəni yerinə yetirib torpaqların azad olunması üçün konkret addımlar atmalıdır. Xalqın tələb və istəyi də bundan ibarətdir. Bunu sülh yolu ilə yaxud Silahlı Qüvvələrdən istifadə etməsi barədə seçim əhəmiyyətli dərəcədə iqtidardan asılıdır. Bizim əsgərlərimizin qanı yerdə qalmalı deyil. Dinc dövrdə bu qədər itkini cavabsız qoymaq olmaz.
- İrəvanda bir neçə partiya birləşib Azərbaycana qarşı bəyanat yaydılar. Eyni təcrübəni bizim müxalifət və iqtidar partiyaları birləşib həyata keçirə bilərmi?
- Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti, o cümlədən siyasi müxalifət öz mövqeyini ifadə edib. Azərbaycan ordusunun tərəfində olduğunu və döyüş əməliyyatları başlayarsa, öz üzərinə düşəni edəcəklərini bildiriblər. Ümumiyyətlə, Azərbaycan cəmiyyəti torpaqlarımızın azad olunması mövqeyindən çıxış edib. Məncə erməni cəmiyyətindən daha açıq və konkret şəkildə bu mövqe ifadə olunub. Bizim çağırışımız oldu ki, xarici təcavüz qarşısında gərək ölkə daxilindəki ziddiyyətlər bir kənara qoyulsun. Bunu birinci növbədə iqtidar eləməlidir, milli barışıq istiqamətində addımlar atılmalıdır. Konkret olaraq bunun ilkin addımı kimi də məhbusların azad olunmasını istəyirəm. Bunları iqtidar başqa cür, müxalifət və hüquq müdafiə təşkilatları siyasi məhbus adlandırır, onların azad olunması Azərbaycan cəmiyyətinin xarici təhlükə qarşısında, o cümlədən son günlər çox aktuallaşmış təhlükə qarşısında birləşməsinə kömək edərdi. Bu baxımdan Azərbaycan cəmiyyəti son günlərdəki gərginliyə baxmayaraq torpaqların azad olunması üçün ciddi milli birlik olduğunu ortaya qoydu. Erməni cəmiyyəti bu cəhətdən bizimlə müqayisə oluna bilməz.
- Müxalifət partiyaları fövqəladə toplantı keçirib hakimiyyətə vəziyyətdən çıxış üçün özünün təkliflər paketini təqdim edilməsi gözlənilir?
- Müxalifətin demək olar ki, hamısı bu məsələdə yekdil mövqe ifadə elədilər, döyüş əməliyyatları başlanarsa orduya tam dəstək ifadə olundu. Siyasi müxalifətin bu istiqamətdə başqa nə lazımdırsa edəcəyi barədə də bəyanatları oldu. Məncə, Azərbaycan müxalifətinə bu məsələdə hər hansı iradın irəli sürülməsi mümkün deyil.
- Sabah Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçiriləcək. Görüş barədə ilkin rəyləriniz necədir?
- Bu görüşlərə münasibət birmənalı deyil. Bu görüşün təşkilatçısına, vasitəçi olan Ruisyaya münasibət də birmənalı deyil. Konkret olaraq Ermənistanın arxasında Rusiyanın durması, Rusiyanın açıq şəkildə Ermənistanı müdafiə etməsi, onunla müttəfiq kimi çıxış etməsi məlumdur. Bu qədər itkilərdən sonra Azərbaycan cəmiyyətinin torpaqların azad olunması üçün ortalığa iradə qoyduğu məqamda Soçi görüşü işğalın növbəti dəfə uzadılması, status-kovonun davam etdirilməsi üçün vasitə kimi istifadə olunmasını istəməzdim. Mənə elə gəlir ki, Azərbaycan iqtidarı qəti və son mövqeyini ifadə eləməlidir. Prinsip etibarilə danışıqlardan imtina eləmək barədə də düşünmək mümkündür. Çünki real və konkret addım olmayacaqsa, bu cür tədbirlərdə iştirakın özü Azərbaycanın marağına xidmət edib-etməməsi baxımından sual alına düşür. Amma hər halda mənə elə gəlir ki, bu görüşə çox da böyük ümid bəsləmək də doğru deyil. Azərbaycanın mövqeləri burada ifadə oluna bilər. Sözün düzü belə hesab edirəm ki, başımızı yastığa qoysaq, yaxşı qarşılanmayacaq. Mətbuatda da belə şərhlər gedir ki, cəmiyyətdəki vətən müharibəsi ovqatının yaranmasında iqtidarın bəyanatlarının müəyyən rolu olub.
- Bir qrup insan israrla müharibənin olmasını istəyir. O fikri müdafiə edirlər ki, şəhidlərin qanı yerdə qalmasın və yaşlı nəslin nümayəndələri öz torpaqlarını görüb dünyadan getsin...
- Müharibə ciddi məsələdir. Bunu konkret olaraq hansı gün, necə, hansı vasitələrlə həyata keçirmək məsələsi barədə kənardan qeyri-peşəkar tövsiyələr ifadə etmək də doğru deyil. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan xalqı torpaqlarını Vətən müharibəsi vasitəsilə azad etmək iradəsini ortalığa qoyub. 20 ildən artıqdır ki, danışıqlar vasitəsilə həyata keçməyib. Ona görə də iqtidarda olan siyasi qüvvənin kim olmasından asılı olmayaraq torpaqlarımızı işğaldan azad etmək Azərbaycan iqtidarının konstitusiya borcudur. İqtidar da bu vəzifəsini yerinə yetirməlidir. Cəmiyyət öz tərəfindən dəstəyini ifadə edib və iradə ortaya qoyub. O baxımdan işğalın davam edilməsi məsələsinə dözmək sadə olmayacaq. Amma necə və konkret hansı şəkildə olması artıq hərbçilərin, peşəkarların, dövləti idarə etmək məsuliyyətini üzərinə götürüb müəyyən məlumatlara malik şəxslərin işidir.
Nərgiz