Qurultayda səsləndirilən təkliflərin bir çoxu ilə razıyam. Xüsusən də, jurnalistikaya aid olmayan şəxslərin bu sahəyə sirayət etməsinin qarşısını almaq üçün vahid kart hazırlanması təklifini dəstəkləyirəm.
Teleqraf.com-un məlumatına görə, bu sözləri "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə jurnalistlərin bu gün keçirilən VII qurultayında çıxışı zamanı deyib.
Baş redaktor bildirib ki, Mətbuat Şurasının fəaliyyətini tənzimləyən çərçivə qanununun qəbulu da vacibdir: "Dövlətin yaratdığı imkanlardan media kifayət qədər faydalanır, lakin sui-istifadə halları da var. Hətta Mətbuat Şurası sədrinin imzasını saxtalaşdıranlara da rast gəlinir. Bununla bağlı Şuranın özünə də müraciətlər olur. Hesab edirəm ki, Azərbaycan mediasının sağlamlaşdırılmasında bu məsələlərə xüsusi diqqət yetirilməlidir”.
Vüqar Rəhimzadə onlayn mediada verilmiş azadlıqdan kənar məqsədlər üçün istifadə hallarının olduğunu da vurğulayıb: “On-on beş onlayn media adını qediyyatdan keçirib, bundan şantaj məqsədilə istifadə edənlər az deyil. Düşünürəm ki, peşə davranış qaydalarını pozanlara qarşı tədbirlər sərtləşdirilməlidir”.