13 Mart 2018 14:35
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz “Zerkalo” qəzetini deyil, onun internet portalını bərpa etmək qərarını vermişik.

Bu sözləri Teleqraf.com-a dünən sosial şəbəkələrdə “Zerkalo” qəzetinin yenidən nəşr ediləcəyi haqda informasiyanı şərh edərkən “Ayna-Zarkalo” qəzetinin təsisçisi Elçin Şıxlı deyib.

O indiki məqamda qəzet çapının maddi cəhətdən xeyir gətirməyəcəyini bildirib:

“İndi qəzet buraxmaq biznes baxımından sərfəli deyil. Bunun da müəyyən səbəbləri var. Reklam bazarı və yayım şəbəkəsi güclü olmayanda qəzet buraxmaq çətin olur. Ancaq saytın xərcləri qəzetin xərclərindən azı 3-4 dəfə azdır. Üstəlik qəzetin ştatı böyük olur, əziyyəti də çoxdur”.

Elçin Şıxlı deyir ki, onlar qəzetin saytını bərpa etmək niyyətindədir:

“Üstəlik qəzetə xərclədiyin maliyyənin 20-30 faizi ilə saytı bərpa etmək mümkündür. Biz də bu qərara gəlmişik”.

Baş redaktor deyib ki, “Zerkalo” qəzetinin internet portalı “Ayna” qəzetinin saytından bir qədər fərli olacaq:

“Zerkalo”nu qəzetin portalı kimi düşünmüşük. İntəhası bu, rus dilində olacaq. Rus dili sahəsində müəyyən qədər boşluq var. Həm də rus dilində hamı eyni xəbərləri yazır. Bu mənada eksklüziv xəbərlər tapmaq çətindir. Hamı xəbər yazır ki, Gürcüstanın baş naziri Azərbaycan prezidenti ilə görüşdü, filan məsələlər müzakirə olundu. Bunu bütün saytlar verir. Amma bu iki cümləlik xəbərin arxasında həm də görüşdən sonra hansı addımların atıla biləcəyi məsələsi var. Bu, artıq analitikadır. Bunu araşdırmaq, tapmaq, fərziyyələr səsləndirmək lazımdır. Və ictimailəşdirilməsi mümkün olduğu qədər fikir yürüdürsən, oxuculara izah edirsən ki, niyə baş nazir Azərbaycana səfər etdi, niyə prezidentimizlə görüşdü. Bu mənada “Zerkalo”nun portalında daha çox analiz və izahatlara üstünlük veriləcək. Yəni xəbərin şərhi də olacaq. Məncə, bir qədər də düşünmək lazımdır. Ciddi, keyfiyyətli və peşəkar jurnalistikaya hər zaman ehtiyac var”.


Müəllif: Cavad