“ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi Azərbaycanda prezident seçkiləri ərəfəsində ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi durumun qiymətləndirilməsi, seçici fəallığı, aktual məsələlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi məqsədilə cari ilin fevral-mart aylarında ölkənin 68 rayonunda (Naxçıvan Muxtar Respublikasının ərazisi və işğal olunmuş rayonlar istisna olunmaqla) 1580 respondentin rəy sorğusunu keçirib.
Teleqraf.com xəbər verir ki, sorğunun nəticələri elan edilərkən bildirilib ki, respondentlərin evlərində şəxsi müsahibə üsulu ilə keçirilmiş rəy sorğusu yaşı 18 və 18-dən yuxarı olan insanları əhatə edib. Sorğu xüsusi hazırlıq kursunu keçmiş intervüerlər qrupu tərəfindən aparılıb. Yaşayış məntəqələrinin seçimi çoxpilləli stratifikasiya edilmiş təsadüfi ərazi seçimi üsulu ilə aparılıb və rayonların bərabər əhatə olunması təmin edilib. Sorğunun əhatə etdiyi yaşayış məntəqələrinin 50,4 faizini şəhər, 6,2 faizini qəsəbələr, 43,4 faizini isə kəndlər təşkil edib.
Sorğuda iştirak edən respondentlərin 49,4 faizini kişilər, 50,6 faizini isə qadınlar təşkil edib. Yaş kateqoriyalarına görə respondentlərin 28,7 faizi 18-29 yaş, 22,3 faizi 30-39 yaş, 18,8 faizi 40-49 yaş, 16,8 faizi 50-59 yaş, 13,4 faizi isə 60 və ondan yuxarı yaş kateqoriyalarına aid olub.
2013-cü il prezident seçkilərindən sonra dövlətimizin idarə edilməsində qazanılan uğurları qeyd edən respondentlərin 94,3 faizi uğurların olduğunu vurğulayıblar. Bu uğurların sırasında təhlükəsiz yaşayış şəraiti (81,6 faiz), sabit siyasi vəziyyət (78,9 faiz), Qarabağ probleminin həlli istiqamətində fəaliyyət (44,3 faiz) və digərləri qeyd olunub.
Növbəti mərhələdə rəyi soruşulanlara ölkə Prezidentinin həyata keçirdiyi siyasətlə bağlı suallar verilib. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasəti qiymətləndirənlərin 94,1 faizi bu siyasəti dəstəklədiklərini, 2,9 faizi dəstəkləmədiklərini bildirib. Rəyi soruşulanların 3 faizi cavab verməkdə çətinlik çəkib.
Prezident İlham Əliyevin həyata keçirdiyi daxili siyasəti qiymətləndirdikdə rəyi soruşulanların 86 faizi bu siyasəti dəstəklədiklərini, 6,3 faizi isə dəstəkləmədiklərini qeyd edib. Rəyi soruşulanların 7,7 faizi suala cavab verməkdə çətinlik çəkib.
Son 5 ildə Qarabağ probleminin həlli istiqamətində ölkə Prezidentinin atdığı addımları qiymətləndirən respondentlərin 65,3 faizi atılan addımları çox uğurlu, 23,2 faizi uğurlu, 6,3 faizi uğursuz hesab edib. Rəyi soruşulanların 5,2 faizi isə cavab verməkdə çətinlik çəkib.
Ermənistan-Azərbaycan münaqişəsinin həllində 25 ildən artıqdır iştirak edən beynəlxalq strukturların fəaliyyətinə münasibət birmənalı olub. Belə ki, ATƏT-in Minsk qrupu, AŞPA, BMT təmsilçilərinin fəaliyyətini uğurlu hesab edənlərin sayı cəmi 7 faiz olub. Bu qurumların fəaliyyətini uğursuz hesab edənlər 86,9 faizdir. Cavab verməkdə çətinlik çəkənlərin nisbi sayı 6 faiz təşkil edib. Uğursuz fəaliyyəti qeyd edənlərin 28,3 faizi, yəni, üçdəbiri bu qurumların problemin həllinə münasibətlərini laqeyd, hətta ermənipərəst hesab ediblər.
Sorğu zamanı respondentlərə “Növbəti prezident seçkiləri indi, məsələn, gələn həftə keçirilərsə kimə səs verərdiniz” sualı ünvanlanıb. Lakin sorğu prezident seçkiləri elan olunduğu vaxta təsadüf etdiyindən respondentlər bu suala 2018-ci il aprel ayının 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərini nəzərdə tutaraq cavab veriblər. Seçkilərdə iştirak edəcəklərinə dair suala cavab verən rəyi soruşulanların 66,5 faizi seçkilərdə həmişə iştirak etdiklərini qeyd edərək səs verəcəklərini bildirib. Respondentlərin 26,1 faizi ola bilər ki, iştirak edəcəklərini, 6,8 faizi heç vaxt seçkilərdə iştirak etmədiklərini deyib. Cavabdan imtina edənlərin sayı 0,6 faiz təşkil edib.
Respondentlərə 2013-ci ildə keçirilmiş prezident seçkilərində kimə səs verdikləri barədə sualla da müraciət edilib. Onların 83,3 faizi İlham Əliyevi, 1,2 faizi başqa namizədləri dəstəklədiklərini deyib. Rəyi soruşulanların 8,6 faizi seçkilərdə müxtəlif səbəblərdən, o cümlədən yaşları çatmaması səbəbindən iştirak etməyib. Respondentlərin 6,9 faizi cavab verməkdə çətinlik çəkib.
Ölkədə aprelin 11-də keçiriləcək prezident seçkilərində edəcəkləri seçimi açıqlayan respondentlərin 84,1 faizi seçkilərdə birmənalı olaraq İlham Əliyevə səs verəcəklərini bildirib. Rəyi soruşulanların 0,2 faizi başqa namizədlərə səs vermək niyyətindədir. Respondentlərin 9,2 faizi hələ seçim etmədiklərini qeyd edib.