Teleqraf.com Azərbaycanın sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarovla müsahibəni təqdim edir.
- Tofiq bəy, Ankarada sabah Putin, Ərdoğan və Ruhani arasında görüş nəzərdə tutulub. Bu görüş Rusiya-Qərb, Avropa-Türkiyə və ABŞ-İran qarşıdurmasının müşahidə olunduğu bir zamanda keçirilir. Bu baxımdan regionda vəziyyəti necə qiymətləndirərdiniz?
- Öncə deyim ki, bu regional əməkdaşlığın daha güclənməsi və fəal olması deməkdir. Regionda nüfuza malik olan bu ölkələr çox aktivləşiblər və əlaqələr qururlar. Əslində bu, yaxşı haldır. Ən sevindirici hal odur ki, regionda bütün əməkdaşlıq formatlarında Azərbaycanın yeri var. Azərbaycan böyük ölkə olmasa da, dövlət başçısının xarici siyasəti nəticəsində ölkəmiz əksər tədbirlərdə iştirak edir. Bu yaxınlarda İran Prezidenti Həsən Ruhaninin Bakıya səfər etməsi də buna misaldır. Sözsüz ki, Azərbaycanın öz maraqları var.
- Ancaq Ankara görüşü həm də Qərblə bu ölkələrin kəskin qarşıdurması şəraitində keçirilir. Bunu təsadüf hesab edirsiniz?
- İndiki şəraitdə Ankarada görüşəcək ölkə liderləri Qərblə problemlər yaşayır. Ələlxüsus Rusiya. Bu ölkələr Qərb cəbhəsindən ciddi təzyiqlərə məruz qalır. Bizim üçün daha əhəmiyyətlisi bu məsələdə Azərbaycanın rolu və mövqeyidir. Fikrimcə, Azərbaycan çalışmalıdır ki, qarşıdurma tərəfi olan düşərgələrin heç birində təmsil olunmasın. Azərbaycan öz xeyrinə olan balans siyasətini davam etdirməlidir. Eyni zamanda, bu mövqe Azərbaycana imkan verəcək ki, problemlərin həllində xoşməramlı xidmətlər təklif etsin. Məsələn, Türkiyə-Rusiya böhranı zamanı Azərbaycan Ankara və Moskvanın yaxınlaşması üçün səylər nümayiş etdirdi. Yəni buna bənzər siyasətin həyata keçirilməsi, fikrimcə, Azərbaycan üçün daha əlverişli olar. Bu ölkələrə nisbətən Azərbaycan daha kiçik iqtisadiyyata malikdir. Nəzəri baxımdan bu qarşıdurmada iki xətt ola bilər. Birincisi, qarşıdurma tərəfində olan düşərgələrdən birinin sıravi üzvü olursan və düşərgə ilə birlikdə siyasət qurursan.
İkincisi, neytral mövqe tutaraq xoşməramlı xidmətlər göstərirsən. Mən hesab edirəm ki, ikinci siyasi xətt Azərbaycan üçün daha əlverişlidir.
- Qərb-Rusiya qarşıdurması Rusiyada keçirilən prezident seçkilərindən sonra özünü daha kəskin formada nümayiş etdirir. Sizcə, bu durum hansı nəticələrə gətirib çıxara bilər?
- Bilirsinizmi, bu məsələni şərh etmək üçün gərək hansısa mövqe tutasan. Təbii ki, İngiltərədə baş verən son hadisələrə ümumi gərginliyə xüsusi rəng qatıb və bu münasibətlərdə böhran səviyyəsinə gətirib çıxarıb. Ancaq bizim üçün daha maraqlı Azərbaycanın mövqeyi və atacağı addımlardır. Aydındır ki, bu dava bizim dava deyil. Biz çalışmalıyıq ki, bizə aidiyyəti olmayan davalarda iştirak etməyək. Sadə və məntiqli mövqe tutulmasının tərəfdarıyam. Hesab edirəm ki, Rusiya-Qərb qarşıdurması gec-tez müəyyən səviyyədə müzakirə ediləcək və siyasi xətlərdə yumşalma olacaq. Təbii, indi hər kəs anlayır ki, Rusiya elə səviyyədə deyil, Qərblə rəqabət apara bilsin. Bu çətin işdir və Rusiyanın xeyrinə deyil. Hərbi, iqtisadi, siyasi baxımdan götürsək, Qərb daha güclüdür. İstisna etmirəm ki, Rusiyada keçirilən prezident seçkilərindən sonra Moskvanın siyasətində müəyyən düzəlişlər ola bilər. Həm də nəzərə alaq ki, baş verənlər tarixi prosesdir.
- Nə mənada tarixi proses hesab edirsiniz?
- SSRİ dağıldıqdan sonra Rusiya dünyada özünəməxsus mövqe axtarırdı və axtarışdadır. Və ənənəvi olaraq, nüfuzunun genişləndirilməsi üçün addımlar atırdı. Buna misal kimi Ukrayna və digər məsələləri göstərmək olar Qərb də müəyyən qırmızı xətlər çəkib və düşünür ki, Rusiya bu xətləri keçməməlidir. Buna uyğun proses gedir. Hesab edirəm ki, hansısa məqamda müharibə olmadan bu proses öz həllini tapacaq. Bu mərhələdə Azərbaycan özünə sərf edən siyasət aparmalı, kənarda dayanmalı və xoşməramlı siyasətini təklif etməlidir. Məsələn, ABŞ və Rusiya baş qərargah rəisləri Bakıda görüşlər keçirib müzakirələr aparır. Buna bənzər xidmətlər göstərmək daha məqsədəuyğundur və bizə xeyirdir.
- Rusiyada prezident seçkiləri keçirildi, bundan sonra Rusiyanın Cənubi Qafqazda marağı nədən ibarət olacaq və ənənəvi siyasətin yeni siyasətlə əvəz edilməsi gözlənilirmi?
- Yuxarıda qeyd etdiyim kimi yaranan böhranın səbəb Rusiyanın öz qonşuları üzərində nüfuzunu artırmaq və bəzən təzyiqlər göstərmək istəyindən irəli gəlir. Rusiyanın bu istəyi beynəlxalq birlik tərəfindən qəbul edilmir. Sadə sxem çəksək, aydın olar ki, məhz bu məsələlər Qərb-Rusiya böhranının dərinləşməsinə səbəb olub. Məncə, Rusiyanın siyasətində dəyişikliklər qaçılmazdır. Fikrimcə, Rusiya daha çox öz daxili problemləri ilə məşğul olacaq. Bu zaman Rusiyanın xarici siyasəti Çinin xarici siyasətinə bənzər olacaq. Görürsünüz ki, Çin güclü iqtisadiyyata malik dövlətdir, amma xarici siyasətdə sanki passivdir. Daha çox iqtisadi baxımdan təsiredici dövlətə çevrilib. Bəlkə də Rusiya öz siyasətində buna bənzər seçim edəcək.
- Hazırda Çin-ABŞ arasında iqtisadi müharibə gedir. Ekspertlər bunun ağır nəticələrə gətirib çıxaracağını deyirlər. Siz, bu haqda nə düşünürsünüz?
- Mən özümü bu mövzuda mütəxəssis hesab etmirəm. Amma hadisələri maraqla izləyirəm. Yaddan çıxarmayaq ki, Çin qədim sivilizasiyaya məxsusdur, dünyada olan ən qədim toplumlardan biridir. Bu baxımdan Çinin iqtisadi uğurları hansısa nöqtədə mentalitetlə əlaqəlidir. Onlar öz məqsədlərini daha çox daxili problemləri üzərində cəmləşdirib və böyük uğurlar əldə edib. Bu baxımdan onların siyasəti düzgündür və gec-tez öz nəticələrini göstərəcək. Diqqət etsək, görərik ki, artıq bu siyasətin nəticələri də var. İndi iqtisadi baxımdan ən güclü dövlət Çindir və ümum idaxili məhsulun həcminə görə Amerikanı geridə qoyub. İndi görünən odur ki, iqtisadi səpkidə qarşıdurma müşahidə edilir, amma bu proses hələ indi sürət götürüb və daha çox gələcəyə bağlı məsələdir. İstisna etmirəm ki, burada Şimali Koreya böhranı və digərlərinin təsiri var və əslində ABŞ-Çin arasında olan iqtisadi gərginlik hansısa siyasi gərginlikdən törəyib.
- Rusiya mətbuatı bəyan edir ki, Xarici İşlər naziri Sergey Lavrov yeni hökumət kabinetində yer almaya bilər. Siz də dəfələrlə Lavrovu ciddi tənqid etmisiniz. Lavrovun yeni hökumətdə rol almaması Rusiyanın ümumi siyasətinə təsir göstərə bilərmi?
- Bəzən Lavrovu “bacarıqlı diplomat” kimi təqdim edirlər. Ancaq bacarığın meyarı nəticədir. Heç vaxt Rusiya xarici siyasəti indiki qədər böhranla rastlaşmayıb. Əksinə, indiki durum Lavrovun “zəhmətinin” nəticəsidir. Rusiya xarici siyasətinin böhranlı halda olması göz qabağındadır. Lavrovun dəyişməsi məntiqli addım ola bilər. Əslində persona baxımından da Lavrovu çox yerdə qəbul etmirlər. Məsələn İngiltərədə, elə Azərbaycanda da qəbul etmirlər.
Təəssüflər olsun ki, imkanlar olduğu halda postsovet məkanında həyata keçirdiyi siyasət nəticəsində Rusiya xarici siyasəti böhran içinə düşüb. Rusiya-Azərbaycan əlaqələri, bu əlaqələrin müsbət nəticələri Rusiya xarici siyasət idarəsi ilə bağlı deyil. Əksinə, bu, digər qurumlar və strukturlarla əlaqələr səbəbindən inkişaf edib. İqtisadi baxımından, müdafiə məsələləri və s. istiqamətdə inkişaf var və bu xarici siyasət idarəsindən yan keçən əlaqələrdir. Hətta ötən ilə açıq-açığına belə bir fikir səslənib ki, ermənipərəst və Azərbaycana qarşı duran insanları idarə edən şəxslərdən bir də Lavrovdur. İndi nazir vəzifəsindən gedirsə, getsin.
- Rusiya və Ermənistanda seçkilər bitdi, bir həftə sonra Azərbaycanda da prezident seçkiləri keçiriləcək. Bundan sonra siz Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aktiv danışıqlar prosesini gözləyirsinizmi, yoxsa necə?
- Məntiqi baxımdan əgər biz Rusiyanın xarici siyasətində dəyişikliklərin olacağını gözləyiriksə, Rusiya üçün ən böyük təhlükə postsovet məkanının hansısa bir nöqtəsində müharibənin yenidən alovlanması olardı. Onlar başa düşürlər ki, Suriyada, Ukraynada olan gərginlik nöqtələrinə Dağlıq Qarabağ da əlavə olunsa, sözsüz ki, bunun nəticələrindən biri Rusiyanın regionda nüfuzunun azalması olacaq. Bunu onlar başa düşürlər. Bunun da əsasında çalışacaqlar ki, nəsə etsinlər. Açığı, Lavrov faktoru danışıqlarda müsbət nəticəyə əngəl olur. Əgər, bu faktor aradan qaldırılsa, mümkündür ki, rus siyasəti çalışacaq ki, hansısa uğurlara nail olsun. Əlbəttə, Azərbaycanın əsas tələbi ərazilərimizin işğaldan azad edilməsidir. Mən bu ərazilərin erməni işğalı altında qalmasında Rusiyanın marağının olduğunu görmürəm. İstisna etmirəm ki, bu danışıqlarda mövzulardan biri ola bilər. Bilmirəm, danışıqlar prosesi nə zaman başlayacaq. İndi rus siyasətində bir nömrəli məsələ Qərblə olan böhranı yoluna qoymaqdır. Bəlkə də payıza yaxın biz danışıqlar prosesini müşahidə edə bilərik.