Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında bu gün keçirilən prezident seçkiləri ilə bağlı mətbuat konfransı keçirilib.
Teleqraf.com xəbər verir ki, YAP sədrinin müavini, icra katibi Əli Əhmədov seçkilərin yüksək səviyyədə keçirildiyini bildirib: "MSK-dan verilən məlumata görə, səsvermədə 3,9 milyondan çox seçici iştirak edib. "Exit-poll"ların keçirdiyi sorğular nəticəsində İlham Əliyev 80 faizdən yuxarı səs qazanıb. Hesab edirik ki,"Exit-poll"ların nəticələri MSK-nın açıqlayacağı nəticələrdən çox fərqli olmayacaq. Azərbaycan xalqı hər zaman olduğu kimi İlham Əliyevin müdrik və uzaqgörən siyasətini qiymətləndirdi. Azərbaycan xalqı doğru seçim edərək İlham Əliyevi prezident seçib".
Ə. Əhmədov növbəti 7 ilin Azərbaycanda inkişafın yeni mərhələsi olacağını qeyd edib: "İlham Əliyevin müəyyənləşdirdiyi strategiya sayəsində genişmiqyaslı hökumət planı işlənib hazırlanacaq. Azərbaycan bütün sahələrdə inkişaf edəcək və dünya birliyində mövqeləri güclənəcək. İlham Əliyevin qələbəsi bütün Azərbaycan xalqının qələbəsidir və mən bu münasibətlə bütün xalqımızı təbrik edirəm".