Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov aprelin 11-də Azərbaycanda keçirilən president seçkilərinə müşahidə aparan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyasını Azərbaycan ictimaiyyətinə cavab verməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, F.Muradov bildirib ki, 2018-cil aprelin 11-də ölkəmizdə prezident seçkiləri keçirildi və xalqımız cənab Prezident İlham Əliyevə yenidən etimad göstərdi:
“Xalqımız seçkilərə bayram əhval-ruhiyyəsi ilə qatıldı, Azərbaycanın gələcəyinə, sabitliyinə səs verdi. Ancaq təəssüf hissi ilə qeyd etmək lazımdır ki, hələ də bəzi qüvvələr ölkəmizin inkişafını, müstəqil siyasətimizi, liderimizin xalqa birliyini qəbul edə bilmirlər.
Güclü Azərbaycan onları çox narahat edir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyası (SMM) və digər beynəlxalq müşahidəçilərin aprelin 12-də, seçkidən bir gün sonra seçki ilə bağlı rəyləri bu qərəzli yanaşmanı bir daha ortaya qoydu. Bu qüvvələrin belə münasibəti bizdə ancaq təəssüf hissi doğurur. Bu, ölkəmizə qarşı bir təxribatdır və heç kim zəmanət verə bilməz ki, belə təxribatlar başqa formalarda davam etdirilməyəcək”.
Deputat bildirib ki, xalqımız bu təxribatı yaxşı anlayır və bu qara qüvvələrə qarşı birləşib: “Hesab edirəm ki, Azərbaycan Xarici İşlər Nazirliyi onlara qarşı daha sərt mövqe göstərməlidir. Azərbaycan dünyaya açıq bir dövlətdir və istər beynəlxalq təşkilatlar olsun, istərsə də ayrı-ayrı ölkələr, onların hər biri ilə əməkdaşlıqda maraqlıdır. Elə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının seçkilərə dəvət olunması da bu siyasətin tərkib hissəsi idi. Bu missiyanın seçkiləri öyrənmək, seçki günü prosesləri yaxından izləyib obyektiv rəy vermək üçün zaman və imkanı var idi. Çox təəssüf edirəm ki, onlar nəinki obyektiv mövqe nümayiş etdirdilər, əksinə imitasiya ilə məşğul oldular. Belə yanaşma ilə bütövlükdə xalqımızın seçiminə, xalqımızın düşüncəsinə, iradəsinə qarşı çıxdılar”.
Deputat bildirib ki, DTİHB bu cür yanaşma ortaya qoymaqla əslində özün ifşa etdi: “Diqqəti onların bu qərəzli bəyanatlarındakı bir neçə məqama çəkmək istəyirəm. Birinci, qeyd edirlər ki, gəlcəkdə Azərbaycan dövləti, Azərbaycan parlamenti ilə əməkdaşlıq edəcəklər. Özləri də bilmədən 2015-ci il parlament seçkilərində səsləndirdikləri bəyanatı təkrarladılar. Məntiqlə yanaşdıqda, prezident seçkiləri ilə parlament seçkiləri tamam fərqli məsələlərdir və bununla özlərini ifşa etdilər. Görünür, missiyanın üzvləri seçkilərdə müşahidəçi kimi iştirak etmək əvəzinə, turistliyə üstünlük veriblər. Çünki vermiş olduqları bəyanat bu adamların seçkilərdən tam məlumatsız olduqlarını göstərdi. İkincisi, onların başqa bir iradı digər namizədlərin hakimiyyətin namizədini müdafiə etməsi ilə bağlıdır. Axı Mərkəzi Seçki Komissiyası hansısa namizədi qeydə alarkən onlardan soruşmur ki, sənin mövqeyin necə olacaq. Bunların bu yanaşması gülməli, gülməli qədər də ağlamalıdır.
Üçüncüsü, bəyan edirlər ki, guya əsl müxalifətin namizədi seçkidə iştirak etməyib. Seçkilərdə qanunvericiliyə uyğun olaraq hər bir Azərbaycan vətəndaşı namizədliyini irəli sürə bilər. Burada kiməsə qadağa qoyulmayıb. Onlardan kimsə xahiş etməli idi ki, seçkidə öz namizədləri ilə iştirak etsinlər... Bu, bizim işimiz deyil. Görünür bu bəyanatı verənlər öz missiyaları ilə bizim fəaliyyəti qarışdırırlar. Müxalifət adlandırdıqları qüvvələrə "seçkilərə qatılmayın" dedikləri kimi, "seçkilərə qatılan"ı da özləri deməlidirlər. Bu da müəyyən qara məqamlardan, sövdələşmələrdən xəbər verir.
Bir daha qeyd etmək istəyirəm ki, bütün bunlar xalqımıza qarşı təxribatdır. Ona görə də Milli Məclisin Gənclər və İdman Komitəsi adından çağırış edirik ki, ATƏT-in Seçki Müşahidə Missiyası bu qərəzli bəyanatla bağlı mətbuat konfransı keçirsin və Azərbaycan ictimaiyyətinə cavab versin”. (Trend)