Bu gün Milli Şura əvvəlki aksiyalarından heç nə ilə fərqlənməyən növbəti mitinqini keçirdi. Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının qatıldığı mitinq iştirakçıların sayına görə ən biabırçı aksiyalardan biri kimi yadda qaldı. Belə ki, bu qədər partiya və ictimai təşkilat "Məhsul" stadionuna ümumilikdə 1000 nəfərədək partiya üzvü və təəssübkeş toplaya bildilər.
Bir sözlə, son illər keçirdikləri əvvəlki mitinqlər kimi Milli Şuranın təşkil etdiyi bu mitinq də sönüklüyü ilə yadda qaldı. Bu, bir daha onu deməyə əsas verir ki, Milli Şura nə qədər cəhd etsə də, cəmiyyətdə, ictimaiyyət arasında özünə tərəfdaş, dəstək qazana bilmir.
Dəfələrlə bildirilib ki, Milli Şuranın keçirdiyi mitinqlər xarici sifarişlərin nəticəsidir. Milli Şuranın son aksiyasında digər bayraqlarla yanaşı, Avropa İttifaqının bayrağının qaldırılması da istər-istəməz belə düşünməyə əsas verir. Bu mənada iddialar səslənir ki, Milli Şuranın son mitinqi də məhz xaricdən gələn sifariş əsasında baş tutub. Nədən bunlar hələ də xaricilərə xidmətdən əl çəkmirlər?
Onu da qeyd edək ki, son günlər baş verən bəzi hadisələr arasındakı əlaqə də Milli Şuranın xarici sifarişlə hərəkət etdiyini təsdiqləyir. Belə ki, əvvəlcə ATƏT DTİHB sifarişlə hazırlanmış hesabatla Azərbaycana gəldi. Seçki başlayandan bir qədər sonra AXCP sədri Əli Kərimli insanları mitinqə dəvət etdi. Aprelin 12-də ATƏT DTİHB ənənəvi hesabatını təqdim etdi və guya seçki günü Seçkilər Məcəlləsinin tələblərinin pozulduğunu iddia etdi. Bundan ilhamlanan Milli Şura rəhbərləri isə bu gün haqqında danışdığımız mitinqi təşkil etdilər. Bununla da seçkidən sonra bəzi beynəlxalq qurumlar və müxalifətin eyni razılaşdırılmış ssenari üzrə hərəkət etdikləri təsdiqlənmiş oldu.
Amma Milli Şuranın bu aksiyası əslində onun özünə zərbə oldu. Bu qurumun rəhbərliyi mitinq keçirib nəyi sübut etmək istəyirdi? Təbii ki, onların istəyi guya ölkədə insanların hakimiyyətdən narazı olduğunu, seçkilərin demokratik keçirilmədiyini, xalqın seçkidə aktiv iştirak etmədiyini və s. göstərmək idi. Ancaq nəticə etibarilə bunun əksi baş verdi. Aydın oldu ki, Azərbaycanda hakimiyyətdən, seçkidən narazı olanların sayı 1000 nəfərdən artıq deyil. Aydın oldu ki, ölkədə xalq hakimiyyəti dəstəkləyir! Aydın oldu ki, Milli Şuranın bir araya gətirdiyi 1000 nəfəri çıxmaqla, qalan insanlar seçkiyə qatılb seçimlərini ediblər və bu, ən düzgün seçimdir!