Ermənistan baş nazirinin seçkisi aprelin 17-də adi açıq səsvermə yolu ilə baş tutacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinə Ermənistan parlamentinin dövlət-hüquq məsələləri və insan hüquqlarının müdafiəsi daimi komissiyasının sədr müavini Rüstəm Mahmudyan bildirib.
“Mill Məclisdə (parlament) adbaad səsvermə keçiriləcək. Adi qanun layihələrinin qəbulu zamanı olan prosedura uyğun olaraq. Deputatların böyük əksəriyyətinin səsini qazanacaq namizəd baş nazir seçilmiş sayılacaq”, deyə o bildirib.
Qeyd edək ki, hakim Respublika Partiyasının bu posta namizədi partiyanın lideri, səlahiyyət müddəti aprelin 9-da başa çatan Serj Sərkisyandır. Daha sonra onun namizədliyini Daşnaksütyun Partiyası da müdafiə edib. Bu iki fraksiyanın parlamentdəki 105 yerdən 65-nə sahib olduğunu nəzərə aldıqda, S.Sərkisyanın baş nazir seçiləcəyi qətiyyən şübhə doğurmur.