12:12
Milli Məclisin üzvü Astan Şahverdinin vəfat etməsi haqda informasiyamız var. Deputat rayonda vəfat edib.
Bunu Teleqraf.com-a Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.
Milli Məclisin mətbuat xidmətinin rəhbəri əlavə edib ki, Astan Şahverdinin ölüm səbəbi haqqında onlarda informasiya yoxdur:
“Bizim bildiyimiz odur ki, Astan müəllim rayonda vəfat edib. Sabah yəqin ki, daha ətraflı informasiya olacaq”.
Qeyd edək ki, Qusar Polis İdarəsindən Teleqraf.com-un əməkdaşına bildiriblər ki, Astan Şahverdi ürək çatışmazlığı səbəbindən vəfat edib.
***
Milli Məclis aparatının üzvü Asif Mehdiyev Axar.az-a bildirib ki, A.Şahverdiyev şəxsi işləri ilə bağlı Qusara getmişdi:
“Səhhətində hər hansı ciddi problem yox idi. Ötən gün və ondan əvvəlki gün bir yerdə olmuşuq, bir neçə məclisdə də birgə iştirak etmişik. Qusara şəxsi işi ilə bağlı getmişdi. Bu gün sübh çağı sürücüsü zəng etdi ki, dünyasını dəyişib. Çox üzgünük".
A.Mehdiyev deyib ki, hazırda Astan Şahverdiyevin nəşi Bakıya gətirilir. Onun nəşinin Qurd qapısı qəbiristanlığında dəfn olunması nəzərdə tutulur.
Astan Şahverdiyevin həyat yoldaşının səhhəti haqda yayılan məlumata aydınlıq gətirən A.Mehdiyev bildirib ki, Solmaz xanım bir müddət öncə insult keçirsə də, hazırda evdədir.
Qeyd edək ki, Astan Nuşirəvan oğlu Şahverdiyev 1947-ci ildə Füzuli rayonunda anadan olub. Neft və Kimya İnstitutunu və Politexnik İnstitutunu bitirib. Uzun illər pedoqoji fəaliyyətlə məşğul olub. Texnika elmləri doktoru, professor A.Şahverdiyev Azərbaycan Texniki Universitetinin kafedra müdiri idi.
2005-ci ildə Milli Məclisə seçkilərdə iştirak edib və 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat seçilib. Daha sonra 2010 və 2015-ci il seçkilərində də eyni dairədən uğur qazanıb.