22 Aprel 2018 17:09
1 271
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com tanınmış təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyevin müəllif yazısını təqdim edir:

Saytların birindən oxudum ki, Tərcümə Mərkəzinin buraxdığı lüğətlə bağlı qalmaqal yaranıb və Dövlət Dil Komissiyasının üzvü, Azərbaycan Atatürk Mərkəzinin rəhbəri, mübahisəyə yol açan "Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”nün redaktoru Nizami Cəfərov bu kitabı plagiat sayanlara cavab yazıb. Onun “Kim Tərcümə Mərkəzinin “Sözlüy”ünü “plagiat” sayırsa, çox böyük səhv edir” məqaləsini də, bu yazıda səsləndirdiyi ittihamlara AMEA-nın Dilçilik İnstitutunun bir qrup aliminin cavablarını da oxudum. AMEA əməkdaşlarının cavabları kifayət qədər tutarlı idi. Amma mənə qəribə gələn o oldu ki, adının və soyadının “sözlüyə” redaktor yazılmasına baxmayaraq, Nizami müəllim söhbətin nədən getdiyini bilmir. Mövqeyi isə təzadlıdır və özü-özünü inkar edir, hətta sözlüyün AMEA-nın orfoqrafiya lüğətindən “düzəldildiyini” də boynuna alır.

Baxın, Nizami Cəfərov yazısında bir tərəfdən deyir ki, yeni nəşr “həm də müəyyən mübahisələrə rəvac vermişdir ki, bu, tamamilə təbiidir...”, digər tərəfdən də tənqidləri nəinki təbii qəbul edir, hətta düşməncəsinə qarşılayır. Tənqid edənlərdən bəzilərini hətta ələ salır. Məsələn, deyir ki, “Sözlüyə” irad tutan AMEA əməkdaşının cümlələri dil qaydalarına uyğun deyil, savadsızdır və onu maarifləndirmə kursuna cəlb etmək gərəkdir. Yəni AMEA əməkdaşlarını aşağılayır və heç olmasa, bu zaman AMEA əməkdaşının ironiya etdiyi cümlələrini nümunə kimi də göstərmir, ümumi danışır, mövqeyini heç bir arqument gətirmədən haqlı sayır. Amma bu boyda akademik olasan, dilçi olasan, özgələrinin cümlələrində qüsur axtarasan, özünün cümlələrini isə görə bilməyəsən. Nizami Cəfərov yazır: «Ənənənin qorunması vacibdir, ancaq bu, o demək deyil ki, Azərbaycan dilinin ilk orfoqrafiya (imla) lüğətinin tərtibi prinsiplərindən kənara çıxmayıb hər yeni nəşri kəmiyyətcə "zənginləşdirəsən”».

Nizami müəllim, misal gətirdiyimiz cümlənizdə “o” əvəzliyindən əvvəl gələn “bu” əvəzliyindən sonra vergül qoyulmur. Bu, fəlsəfi problem deyil ki, dartışaq. Bizim dilin durğu işarələri (punktasiya) qaydalarının tələbidir. Cümləniz də anlaşılmır. Cümlədə başqa bir səhv də var, yazmıram, digər cümlələrə də keçmirəm, çünki məsələ bunda deyil.

Lüğət redaktorunun öz yazısı bu cürdürsə, başqalarının yazılarına irad tutmaqla bir lüğətin plagiat, yaxud yeni yaradıcılıq olduğunu necə iddia edə bilər? Yazırsınız ki, lüğət hazırlamaq heç kimin monopoliyasında deyil, amma peşəkarlıq tələb edir: “...məsələ burasındadır (və "Sözlüy”ü görməmiş onun "tənqid”inə qalxanların mülahizələrinin əsassızlığı onda ifadə olunur) ki, hər hansı lüğət, o cümlədən orfoqrafiya lüğəti və ya sözlüyü peşəkar yaradıcılıq işidir, hansısa təşkilatın monopoliyasında deyil.”

Bəli, söhbət elə peşəkarlıqdan gedir. Tərcümə Mərkəzinin təyinatı budurmu? Bu sahə üzrəmi peşəkarlaşıb? Hər kəs bilir ki, müasir dövrdə dilçilikdə lüğət hazırlığı ciddi struktur və ənənə işidir, çox sayda kadrlar, böyük zəhmət və zaman tələb edir. Hətta AMEA-nın hazırladığı lüğətdə də qüsur tapmaq olar, onun nöqsanları mümkündür, amma “nöqsanlıdır” deyib, uğursuz əlavələr etməklə onu oğurlamaq olmaz. İllər tələb edən bu qədər işi kimlər öyrənib, bunun üçün hansı kafedra, hansı bölüm, hansı mərkəz yaradılıb, hansı kompüter proqramı tətbiq edilib, nə qədər mətn oxunub, nə qədər müqayisələr aparılıb? Kimlər edib bunu? Əlbəttə, heç biri edilməyib, həmin yeni nəşri hazırlamaq üçün heç kim etməyib bunları.

Gerçəkdə olan isə budur ki, hazır lüğət götürülüb, dəyişiklik edilib və yenidən nəşr olunub. Bunun adı plagiatlıq deyilsə, görəsən nədir?

Ən dəhşətlisi odur ki, Nizami Cəfərov özü bunu etiraf edib, indi gizlətməyə çalışsa da. Bəs haradadır bu etiraf? Çox maraqlıdır, qalmaqala səbəb olan kitaba yazdığı ön sözdə. Oğurluq həmişə iz qoyur. Nizami müəllim kitabın ön sözündə deyir: “Azərbaycan Tərcümə Mərkəzi “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə olan qüsurları aradan qaldırmaqla yanaşı, ona yüzlərlə yeni söz əlavə edib...”

Bəli, oxuyanda dəhşətə gəldim, Nizami müəllim özü yazıb ki, AMEA-nın hazırladığı lüğətə yeni sözlər əlavə edərək, onu yenidən nəşr ediblər....

Bu, etirafdır. Lüğəti götürüblər, onun üzərində bir azacıq dəyişiklik edib, adını qoyublar yeni lüğət. Əslində, həmin lüğətdir, sadəcə, 10 minlərlə sözə 100-lərlə söz artırıblar. Tutaq ki, 2 yüz söz. Plagiatlığın Çin üsuludur.

Çin mallarının satıldığı bazara gedin, “Adidas” sözünü dəyişib, öz mallarının üstünə “Abidas” yazıblar, bir-iki çalar da əlavə ediblər ki, yeni məhsuldur. Bunlar da “lüğət” sözünü “sözlük” ediblər.

Nizami Cəfərov yazır: “Sonralar çox təəssüf ki, nəyə görəsə, Azərbaycanda leksikoqrafiya nəzəriyyəsi kifayət qədər inkişaf etməmiş, digər dünya universitetlərindən fərqli olaraq, bizim ali məktəblərdə lüğətçiliyə aid maarifləndirici bir fənn tədris edilməmişdir. Bəlkə də, bu səbəbdəndir ki, sözlərin lüğətə daxil edilməsi ilə bağlı lüğətçilikdən bixəbər bu qədər yazılarla üzləşirik”.

Nizami müəllim 1991-ci ildən Bakı Dövlət Universitetində çalışır. Uzun illər filologiya fakültəsinin dekanı olub, 2000-ci ildən həmin universitetdə kafedra müdiridir. Deputatdır, komissiyaların üzvüdür. Qəribə bir sirrin üstünü açıb. Leksikoqrafiya nəzriyyəsinin tədrisi yaddan çıxıbmış. Görün bu vacib istiqamət nə qədər unudulub ki, yeyib-içmək məclislərində də yada düşməyib.

Nizami Cəfərov böyük elmi adlar daşısa da, bu yazısında elmdən uzaq adam təsiri bağışlayır. Redaktoru olduğu “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”nə yazdığı ön sözə qayıdaq: “Müasir dövrdə terminologiyanın beynəlmilləşməsi elə bir səviyyədədir ki, bu və ya digər terminin (məsələn: atom, diskret, kreativ, modern və s.) hər hansı bir dilə mənsubluğu şərtidir və ümumiyyətlə, terminlər həm real, həm də potensial olaraq bütün dillərə aiddir” .

Necə ola bilər ki, “Atom” sözünün yunan , “diskret” və “kreativ” sözlərinin latın mənşəli olması şərti sayılsın? Bizim dilimizdə sözlər mənşəyinə görə iki qrupa bölünür: əsl Azərbaycan sözləri, alınma sözlər. Heç bir şərtilikdən söhbət gedə bilməz. Alınma söz termin olsa da, olmasa da, başqa dillərdən alınır. Onları işlədirik, burda qəbahət də yoxdur, amma onları alındığı dillər şərti deyil. Bir geçəkdir.

Nizami Cəfərov “Sözlüyün” ön sözündə bir ifadə də işlədir: “ümumişlək terminlər”.

Bu nə deməkdir? Söz ümumişləkdirsə, niyə termin olur? Dilçilikdə hamının anladığı ümumişlək sözlər var, bir də hamı tərəfindən istifadə olunmayan və anlaşılmayan - ümumişlək olmayan sözlər. Orta məktəbdən bilirik ki, ümumişlək olmayan sözlər də iki qrupa bölünür: dialekt sözləri, terminlər.

“Ümumişlək terminlər” nədir bəs? Bəlkə bu da “Kitayski” variantdır?!


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər