26 Aprel 2018 15:38
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yüksələn Avrasiyada Türkiyə-Rusiya münasibətlərinin gələcəyi mövzusuna həsr olunmuş Antalya zirvəsində Rusiya prezidentliyinə keçmiş namizəd, Rusiya Ümumxalq İttifaqı Partiyasının üzvü Sergey Baburin çıxış edib.

Teleqraf.com xəbər verir ki, S.Baburin çıxışında rus və türk xalqları arasındakı əməkdaşlığın, qarşılıqlı münasibətlərin vacibliyinə toxunub.

Siyasətçi bildirib ki, qarşılıqlı əməkdaşlıqdan danışarkən söhbət ilk növbədə Rusiya vətəndaşlarının türkləri, Türkiyə vətəndaşlarının isə rusları daha yaxşı başa düşməsindən gedir: “Bunun üçün humanitar əməkdaşlıq, mədəni əlaqələr, ticari-iqtisadi əməkdaşlıq olmalıdır. Biz iki ölkə prezidentinin - V.Putinin və R.T.Ərdoğanın sayəsində ölkələrimizin bir-birinə yaxın olması üçün atılan addımları yüksək qiymətləndiririk. Üçüncü qüvvələr var ki, bizim əməkdaşlığımızda maraqlı deyillər. Onlar dünyanı hansısa bir xaosa və qarışıqlığa salmaq istəyərdilər”.

S.Baburin bildirib ki, hazırda iştirak etdikləri konfrans sülh, dünya düzəni və dünya ədaləti üçün təşkil olunub. Onun sözlərinə görə, bu ədalət və düzənin mümkün qədər tez gerçəkləşməsi daha arzuediləndir: “Bu variantda iqtisadiyyatımızı və xalqlarımızı daha tez birləşdirə bilərik. Amma hər şey bu qədər sadə deyil. Ona görə də qonşu ölkələrlə münasibətləri düzənləmək lazımdır. Çünki bu halda Avropa üçün Rusiya Türkiyə ilə birləşdirici xətt rolunu oynaya bilər. Rusiya üçün də Türkiyənin sayəsində Avropa İttifaqı ilə olan bütün anlaşılmazlıqları aradan qaldırmaq mümkün ola bilərdi. Hər iki ölkənin iş adamları, investorları arasında münasibətlər təkcə iqtisadi-ticari əlaqələrin inkişafı baxımdan mühüm rol oynamır. Eyni zamanda, xalqlarımız arasındakı qarşılıqlı etimad və etibar baxımdan da bu, olduqca faydalıdır”.

S.Baburin çıxışının sonunda zalda iştirak edən iqtisadçılara, investorlara, Türkiyədə çalışan rusiyalı həmvətənlərinə müraciət edərək, onlara uğurlar arzulayıb. Tədbir iştirakçılarının gördükləri işlərin Avropa, dünya düzəni və stabilliyin təmin olunması üçün mühüm addımlar olduğuna toxunan S.Baburin bu məqsəd üçün siyasətçilərin, dövlət xadimlərinin çalışdığını da yada salıb: “Biz də ona görə bu zalda yığışmışıq. Allah eləsin ki, bütün bunlar xalqlarımız tərəfindən dəstək görsün. İnşallah…”


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər