Ermənistanda 11 gündür ki, davam edən etirazlardan sonra Serj Sarkisyan baş nazir vəzifəsindən istefa verib. Etirazlara millət vəkili Nikol Paşinyan və onu dəstəkləyən qrup rəhbərlik edir.
Etirazlara rəhbərlik edən müxalifətçi millət vəkili Nikol Paşinyan və bir sıra vətəndaş cəmiyyəti qrupları həftələrdir ki, onlayn etirazları həyata keçirirdilər.
Bu etirazlarda nüfuzu daha da artan Nikol Paşinyan əslində Ermənistanın milli qəhrəmanı Sarkisyandan heç də az təhlükəli deyil.
İfrat milliyətçiliyi ilə tanınan Paşinyanın dosyesini təqdim edirik:
Nikol Paşinyan 1975-ci il iyunun 1-də Ermənistanda anadan olub. Jurnalist, siyasətçi və Ermənistan parlamentinin üzvü olan Nikol Paşinyan Ermənistanın ən çox satılan və Robert Köçəryan və Serj Sarkisyan hökumətini tənqid edən gündəlik “Haykakan Zhamanak” (Erməni vaxtı) qəzetinin redaktoru olub. Gündəlik qəzetin redaktoru kimi çalışdığı 1999-cu ildən etibarən Paşinyan keçmiş prezident Robert Köçəryan və hazırkı baş nazir Serj Sarkisyan əleyhinə təşkil olunan hərəkatlara böyük dəstək verib. 2000-ci ildə “Haykakan Zhamanak”ın baş redaktoru kimi başqa adamlara iftira atmaq ittihamı ilə həbs olunub.
Qəzet redaktoru kimi çalışdığı vaxtlarda ona sui-qəsd cəhdi də olub. 2004-cü il noyabrın 22-də 20:40-da Paşinyana məxsus olan və “Haykakan Zhamanak” redaksiyasının qarşısında saxlanan maşın partlayıb və yanmağa başlayıb. Paşinyan bunun ona qarşı sui-qəsd cəhdi olduğunu deyib. Onun sözlərinə görə, bu hadisəyə qədər son 3 ay ərzində o hər gün işdən 20:30-21:00 radələrində çıxıb. Həmin gün təsadüfən sağ qalıb, çünki o gün işdən həmişəkindən gec çıxıb. Yanğın maşının sürücü əyləşən hissəsini tamamilə yandırıb məhv edib.
2008-ci ildə Ermənistanda keçirilən prezident seçkilərində Levon Ter Petrasyanın seçki komandasında olub. 2008-ci ilin 1-2 mart iğtişaşlarından sonra Ermənistanda axtarışa verilib.
2009-cu ildə siyasətçi özü polisə təslim olub. 2010-cu ildə kütləvi iğtişaşların təşkilində ittiham edilərək 7 il müddətinə azadlıqdan məhrum edilib. Bir müddət sonra məhkəmə onun hökmünü iki dəfə azaldıb, 2011-ci ildə isə Ermənistanın müstəqilliyinin 20 illiyi ilə bağlı amnistiyada azadlığa buraxılıb.
2015-ci ilin dekabrında dövlət telekanalına müsahibəsində deyib ki, gizləndiyi müddət ərzində o heç vaxt Ermənistan ərazisini tərk etməyib və hətta əksər vaxtlarda Yerevan şəhərində olub. Siyasətçi həmin müddət ərzində tapılmamasını Milli Təhlükəsizlik Xidməti üçün utanc kimi dəyərləndirib.
2012-ci ildə “Milli Ermənistan Konqresi” blokunda təmsil olunaraq proporsional qaydada keçirilən seçkidə Ermənistan Parlamentinə deputat seçilib. O, 2016-cı ildən “Yelk” partiyasının üzvüdür.
2017-ci ildə Yerevan merliyinə namizədliyini verib. 23% səslə ikinci yer tutub.
Paşinyan düşünür ki, Ermənistan Avrasiya İttifaqına öz istəyi ilə yox, məcburən qoşulub. Rusiya və Ermənistan arasındakı münasibətləri o, belə xarakterizə edir: danışan və dinləyən.
Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı çox təhlükəli fikirləri var. O, Dağlıq Qarabağ ərazisinin Ermənistana aid olduğunu iddia edib. Mətbuata müsahibələrindən aydın olur ki, Nikol Qarabağı müstəqil respublika hesab edir.
Paşinyanın 2016-cı ildə Azərbaycanın ordusunun böyük uğuru ilə nəticələnən aprel döyüşləri ilə bağlı fikirləri onun da Sarkisyan kimi Dağlıq Qarabağ məsələsində işğalçı mövqedə qalacağını sübut edir:
“Dağlıq Qarabağ Respublikasının ələ keçirilməsinə cəhdlər olub. Azərbaycanın ilkin planı uğursuz alınıb. Azərbaycan şimal və cənubdan Qarabağa daxil olmağa çalışıb, daha sonra şərait imkan verərsə, mərkəzdən Stepanakertə doğru hərəkət etməyi düşünüblər. Buna baxmayaraq “Arsax Silahlı Qüvvələri” həmin andaca hücumun qarşısını almağa müvəffəq olub, nəticədə Azərbaycan tərəfi planın baş tutmayacağını anlayıb”.
2018-ci il 19 apreldə İrəvandakı mitinqdə o, yenə Qarabağ barədə fikirlərini bildirib:
“Biz heç vaxt Avropa, ABŞ və Rusiyanın maraqlarını qorumayacağıq. Bizim yeganə istəyimiz Ermənistan və Qarabağın maraqlarını qorumaqdır”.
Görünür, hazırda Ermənistandakı geniş etirazçı kütlənin lideri olan radikal millətçi Nikol Paşinyan Qarabağ münaqişəsində işğalçı dövlətin mövqeyini qoruyub saxlayacaq.