28 Aprel 2018 12:04
1 420
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Milli Məclisin deputatı Musa Urudla müsahibəni təqdim edir.

- Musa müəllim, AŞPA-nın qərəzli “korrupsiya hesabatı”nı, sizcə, necə qiymətləndirmək olar?

- Sözsüz ki, bu, qərəzli rəydir, həqiqəti əks etdirmir və faktlara söykənmir. Bu mənada hesabatda Azərbaycanın adını min dəfə çəksələr belə, bu, heç nəyi dəyişmir. Əgər ortada araşdırma, maliyyə auditi yoxdursa qəfil Azərbaycanın adını korrupsiyada çəkilməsi və ayrı-ayrı şəxslərin adının hallandırılması, mənfi fikirlərin söylənilməsi qərəzdir.

Əslində biz belə bir qərarı gözləyirdik. ATƏT və Avropa Şurası prezident seçkilərinə qeyri-obyektiv rəy verməklə göstərdilər ki, bu təşkilatlarda müəyyən dövlətlərə qarşı ikili münasibət var.

- Yanaşmalarlında ikili standartları nəzərdə tutursuz?

- Bəli. Bunun bariz nümunəsi Ermənistandır. Avropa strukturlarının zaman-zaman Ermənistana verdiyi qiymətə baxaq. Gözümüzün önünə Ermənistanda prezident və parlament seçkilərini gətirək, parlamentin gülləbaran olunmasını, prezidentliyə namizədin güllələnməsini, seçkilərdən sonra etiraz edən dinc insanların atəşə tutulmasını və bütün bunlara Avropa Şurasının loyal münasibətinə baxın. Baş verənlərə adekvat münasibət sərgilənmir.

Bir də Azərbaycanda keçirilən azad, ədalətli, demokratik, vətəndaşların elliklə gəlib səs verdiyi seçkilərə göstərdikləri münasibətə nəzər salın. Hər şey ortadadır. Mən demirəm ki, bütün Avropa dövlətləri Azərbaycana qarşıdır, amma ayrı-ayrı qüvvələr var… Eyni zamanda xristian təəssübkeşliyi, dini ayrı-seçkilik meylləri, inkişaf edən və güclü iqtisadiyyat yaradan dövlətə qarşı qısqanclıq, daha artıq pay əldə etmək niyyətləri var. Müxtəlif maraqlar öz işindədir və bu, məcbur edir ki, müxtəlif deputatlar, habelə ayrı-ayrı qruplar vaxtaşırı Azərbaycana qarşı belə qərəzli qərarlar qəbul etsin. Aydındır ki, onların özləri də qəbul olunan qərarların və dedikləri ifadələrin ədalətsiz olduğunu bilirlər. Biz ədalətsiz dünyada yaşayırıq, amma Azərbaycan ədalətsiz və qərəzli addımlara həmişə cavab verib, bundan sonra da cavab verəcək.

- Sizcə, qeyd etdiyiniz qüvvələrin məqsədi nədir?

- Cənab prezident bu barədə dəfələrlə deyib. Məqsəd Azərbaycanı öz nüfuz dairələrində saxlamaq, idarə etmək, fikirlərini diktə etmək, Azərbaycanın milli sərvətlərindən istədikləri şəkildə faydalanmaq və Azərbaycanın müstəqil, qüdrətli dövlət kimi inkişafına mane olmaq… Məqsəd budur. Prezident açıq bəyan etdi ki, Azərbaycanda hakimiyyətin mənbəyi Azərbaycan xalqıdır və bizə ancaq Azərbaycan xalqı diktə edə bilər. Bundan kənar heç bir qüvvənin diktəsi ilə hərəkət etməyəcəyik və öz müstəqil siyasətimizi yeridəcəyik.

Burada maraqlı uyğunsuzluq da var. Təsəvvür edin ki, Avropa dövlət başçılarının əksəriyyəti cənab prezidenti uğurlu seçki qələbəsi münasibəti ilə təbrik edir, onu öz ölkələrinə rəsmi səfərə dəvət edirlər. Bir tərəfdən də AŞPA vasitəsilə qərəzli “hesabat” ortaya çıxır. Bu, da təsadüfi deyil və Azərbaycanı sevməyən qüvvələrin fəaliyyətidir.

- Azərbaycanın AŞ PA-dan çıxması gündəmə gəlməlidirmi?

- Bu məsələ də gündəmə gələ bilər. Ancaq o qurumda Azərbaycanla yanaşı Ermənistan da təmsil olunur. Bizim oradan çıxmağımız ermənilərə əlavə tribuna qazandıra bilər. Üstəlik, bizi sevməyən qüvvələrin ola bilsin, bir məqsədi də Azərbaycanın oradan çıxmasına nail olmaqdır. Biz orada qalmaqda davam etməli, bununla paralel olaraq mövqe və şərtlərimizi də deməliyik. Hesab edirəm ki, bizim AŞ PA-dakı nümayəndə heyətimiz Azərbaycanın haqlarını müdafiə edən fəaliyyət sərgilədilər.

Bundan sonra da biz bütün müstəvilərdə aktiv şəkildə həqiqəti müdafiə edən mövqelərimizi ortaya qoymalıyıq. Ancaq sözsüz ki, Azərbaycanın AŞ PA-da qalıb-qalmaması məsələsinə baxıla bilər. Biz orada fəaliyyətimizi müəyyən müddətə dayandıra da bilərik. Onların qəbul etdiyi qərarlara etiraz edəcəyik, bu qərarları yerinə yetirməyəcəyik və yolumuzu da davam edəcəyik.

- Siz özünüz də xarici səfərlərə gedirsiniz, həmin ölkədə sizlərə də nahar və ya şam yeməyi təşkil edilir. Bura gələn AŞPA rəsmilərinin yeməyə qonaq edilməsi kimi qonaqpərvərlik nümayişi nə dərəcədə korrupsiya hesab oluna bilər?

- Ən azı bu, etikasızlıqdır. Kimsə kimin evinə qonaq gəlirsə, qarşı tərəf qonağı hörmətlə qarşılayırsa, ona bir tikə çörək verirsə, bunu korrupsiya kimi təqdim etmək tərbiyəsizlik, naşükürlük və nankorluqdur. Amma hesab edirəm ki, biz qarşı tərəflə münasibətlərimizin səviyyəsini endirə bilərik. Yəqin ki, Azərbaycan parlamenti toplaşıb müzakirələr aparar və arqumentlərini ortaya qoyar. Biz onların ədalətsiz qərarlarını tənqid etməli, bəyanatlarımızı göndərməliyik. Lazım gəlsə münasibətlərin səviyyəsini də aşağı sala bilərik. Son qərar isə sözsüz ki, müzakirələrdən sonra qəbul edilə bilər.

- Erməni lobbisinin bu prosesdə “əməyi” nə qədərdir?

- Bu məsələdə erməni lobbisinin də fəaliyyəti var. Onları maliyyələşdirir, vaxtaşırı xidmətlərində dururlar. Erməni lobbisinin təsiri var, amma bu, təkcə erməninin gücündə olan məsələ deyil. Əslində bir sıra qüvvələrin maraqları üst-üstə düşüb. Həm anti-islam məsələsi var, həm Azərbaycanın inkişafına maneə yaratmaq məsələsi, həm xristian klubu faktoru… Bütün bunlar üst-üstə düşür.

Nəzərə almaq lazımdır ki, bu, Azərbaycana qarşı birinci hal deyil. İstər Avropa Parlamenti, istər ATƏT, istərsə də AŞ PA-da inkişaf edən müsəlman və türk respublikasını gözü götürməyənlər çoxdur. Biz bu reallığı qəbul etməli və onlara qarşı ayıq-sayıq durmalıyıq. Cənab prezident inauqurasiya mərasimində haqlı olaraq bildirdi ki, bu gün dünyada beynəlxalq hüquq və beynəlxalq hüququn gücü deyilən bir məfhum qalmayıb. Dünyada beynəlxalq güc deyilən məfhum qalıb, kim güclüdürsə onun sözü keçir. Bizim əsas məqsəd və niyyətimiz güclü Azərbaycan qurmaqdır və bu istiqamətdə fəaliyyətimizi davam etdiririk.

Onların hər dediyi fikirlərin, hesabatların Azərbaycan dövləti üçün həlledici gücü və təsiri yoxdur. Biz öz yolumuzla getməliyik, müstəqil siyasətini aparmalıyıq və prezidentin dediyi kimi, hakimiyyətin mənbəyi olan xalqın iradəsinə güvənməliyik.


Müəllif: Cavad

Oxşar xəbərlər