"Mən dəfələrlə qeyd etmişəm, bir daha demək istəyirəm ki, Azərbaycan dövləti sosial dövlətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əlbəttə ki, hər bir insan üçün onun sağlamlığı çox vacibdir. Biz çalışmalıyıq ki, insanlar öz sağlamlıqlarını itirməsinlər və keyfiyyətli yüksək tibbi xidmətlə təmin olunsunlar. Bunu etmək üçün bundan sonra da müvafiq göstərişlər veriləcəkdir, tədbirlər görüləcəkdir.
Ancaq deyə bilərəm ki, Azərbaycanda bu sahədə görülən işlər beynəlxalq təşkilatlar tərəfindən də qiymətləndirilir. Dünya Səhiyyə Təşkilatı Azərbaycanda islahatların aparılmasında müsbət meyilləri qeyd edir. Əlbəttə ki, bu bizi daha da ruhlandırır. Əminəm ki, növbəti illərdə səhiyyə sisteminin təkmilləşdirilməsi üçün əlavə tədbirlər görüləcəkdir".
“İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxan 59-cu kitabında yer alan bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev 2013-cü il oktyabrın 3-də 1 saylı Sumqayıt Şəhər Xəstəxanasında aparılan əsaslı təmir və yenidənquma işləri ilə tanış olarkən söyləyib.
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 59-cu kitabındakı materiallar 2013-cü ilin sentyabr və oktyabr aylarını əhatə edir.
Bu kitab dövlətimizin başçısının cənub bölgəsinin gəncləri ilə görüşünə dair informasiya və Lənkəranda Gənclər Mərkəzinin açılışında çıxışının mətni və başlayır.
Nəşrin bu cildində 2013-cü ildə üçüncü müddətə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyevin andiçmə mərasimindəki nitqi, həmçinin dövlətimizin başçısının xarici dövlət və hökumət rəhbərləri, siyasi xadimlər, nümayəndə heyətləri ilə görüşlərinə dair informasiyalar, nitq və çıxışlarının mətnləri, məktubları yer alıb.
Çoxcildliyin bu kitabına Azərbaycan Prezidentinin Böyük Britaniya, Fransa, Pakistan, habelə ATƏT və digər beynəlxalq qurumların Azərbaycana səfər etmiş yüksəkvəzifəli şəxslərini, MDB Sərhəd Qoşunları Komandanlar Şurasının 70-ci iclasının nümayəndələrini, Avropa Milli Kitabxanaları Konfransının prezidentini və Avrasiya Kitabxanalar Assambleyasının vitse-prezidentini qəbul etməsinə dair materiallar, “Qara dəniz – Xəzər dialoqu” ölkələrinin kəşfiyyat xidmətləri rəhbərlərinin müşavirəsinin X iclasının iştirakçılarına müraciəti, habelə dövlətimizin başçısının MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Belarusa səfəri barədə informasiya toplanıb.
Eyni zamanda çoxcildliyin 59-cu cildinə Prezident İlham Əliyevin Yevlax, Bərdə, Şəmkir, Gədəbəy, Quba və Şabran rayonlarına, Naftalan və Sumqayıt şəhərlərinə səfərləri çərçivəsində mədəniyyət mərkəzlərinin, müəssisə və zavodların, digər sosial obyektlərinin açılışında iştirakı, bölgə ictimaiyyətinin nümayəndələri ilə görüşləri haqqında informasiyalar, Nazirlər Kabinetinin 2013-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında nitqləri də daxil edilib.
Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də daxil edilib.
“Azərnəşr” tərəfindən buraxılan 59-cu kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.