BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında Qlobal Geoməkan Məlumatlarının İdarəolunması üzrə Ekspertlər Komitəsinin 4-cü iclası keçirilib
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib. Nümayəndə heyətinin tərkibinə komitənin geoməkan və informasiya texnologiyaları, beynəlxalq əlaqələr şöbəsinin müdiri Cavid Abdullayev və Dövlət Aerogeodeziya Müəssisəsinin direktoru Elçin Məhərrəmov daxil idilər.
İclasın gündəliyinə qlobal geodeziya istinad çərçivəsinin müzakirəsi, qlobal fundamental geoməkan məlumatları mövzularının müəyyənləşdirilməsi, dayanıqlı inkişaf üçün xəritə, qlobal geoməkan informasiyası icması üçün standartların qəbulu və tətbiqi kimi mühüm məsələlər daxil edilib.
Sonda müzakirə olunan bütün məsələlərlə bağlı qətnamə qəbul olunub və Ekspertlər Komitəsinin müzakirə edəcəyi mövzuların hazırlanması üçün işçi qruplarının yaradılması planlaşdırılıb.
Azərbaycan nümayəndə heyəti işçi qruplarının, o cümlədən institusional islahatlar üzrə işçi qrupunun işində yaxından iştirak etmək təşəbbüsü ilə çıxış edib.
2015-ci ilin “Xəritə ili” elan olunması barədə Beynəlxalq Kartoqrafiya Assosiasiyasının təklifi iştirakçılar tərəfindən dəstəklənib.
Ekspertlər Komitəsinin iclasının son günündə Azərbaycan nümayəndə heyəti, həmçinin Asiya və Sakit Okean üçün Geoməkan İnformasiyasının İdarəolunması üzrə BMT-nin Regional Komitəsinin İcraçı Şurasının məsləhətləşmələrində iştirak edib.
Qeyd edək ki, 2012-ci il noyabrın 1-də Tailand Krallığında keçirilmiş BMT-nin Asiya və Sakit Okean üzrə Regional Kartoqrafik Konfransında Qərib Məmmədov adıçəkilən Şuraya üzv seçilib. Tədbirdə Regional Komitənin növbəti plenar iclasının gündəliyi və digər məsələlər nəzərdən keçirilib.
Növbəti plenar iclasda Azərbaycan nümayəndə heyətinin ölkəmizdə geoməkan məlumatlarının idarəolunması sahəsində bacarıqların inkişafı mövzusunda məruzə ilə çıxış edəcəyi qərara alınıb.
/qafqazinfo/