12 Avqust 2014 13:43
1 123
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı Metropoliteni" isti yay günlərində vaqonlarda kondisionerlərin və havalandırma sistemlərinin işləməməsinin səbəblərini açıqlayıb

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, hazırkı tunellərdə kondisionerli vaqonlardan istifadə etmək mümkün deyil. Çünki sovet dövründə tikilən həmin tunellərin inşası zamanı kondisionerli vaqonlardan istifadə üçün tələb olunan texniki parametrlər nəzərə alınmayıb. Ona görə də mövcud "Yaşıl" ("Dərnəgül"- "Xətai") və "Qırmızı" ("Həzi Aslanov"-"İçərişəhər") xətlərdə kondisionerli vaqonlardan istifadə etmək texniki cəhətdən mümkün deyil: "Kondisionerli vaqonlardan istifadə etmək üçün hazırkı tunellərdə iş aparmaq çox çətindir. Ola bilər ki, texniki parametrləri uyğunlaşdırmaq üçün gələcəkdə bu tunellərdə əlavə işlər görülsün. Nəzərdən keçirilən variantlar arasında təbii ki, bu da var".

Metropoliten rəsmisi qeyd edib ki, yeni tikiləcək stansiyalarda - "Bənövşəyi" ("Avtovağzal"-"Qaraçuxur"), "Sarı" ("Binəqədi"-"Bibiheybət") və "Mavi" ("Yeni Yasamal"- "Bakıxanov") xətlərdə bütün texniki parametrlər nəzərə alınacaq. Nəticədə də həmin xətlər üzrə kondisionerli vaqonlardan istifadə etmək mümkün olacaq.
Vaqonların daxilindəki hava ilə bağlı "Bakı Metropoliteni"nə də şikayətlərin daxil olduğunu deyən N.Paşayev bildirib ki, əslində, metroda güclü ventilyasiya sistemi var və bu sistem isləyir: "Platformalarda normal hava olur. Tunel və vaqonlardakı havasızlığın aradan qaldırılması - havalandırma sisteminin daha yaxşı işləməsi üçün isə mümkün variantlara baxılır. Bu amili də nəzərə almaq lazımdır ki, metropoliten strateji obyekt olduğundan orada bir dəlik açıb havalandırmanı gücləndirmək mümkün deyil. Bunun üçün böyük əmək və uzun müddət tələb edən işlər aparmaq lazımdır".

N.Paşayev bildirib ki, metropolitendən asılı olmayan səbəblər də vaqonlarda havalandırma sistemlərinin yaxşı işləməməsinə gətirib çıxarır. Metronun havalandırma sistemi yerüstü olduğundan, yəni metronun yuxarısında quraşdırıldığından onun işinə kənar müdaxilələr olur: "Qadağan olunmasına baxmayaraq, bəzən ventilyasiya sistemlərinin yanında zibillər yandırırlar. Hava da sirkulyasiya edəndə həmin tüstülü, pis qoxulu hava metronun içinə daxil olur. Buna görə də dərhal həmin yerdə ventilyasiya sisteminin işini saxlamaq məcburiyyətində oluruq. Təbii ki, bütün bunlar da öz təsirini göstərir. Biz əhaliyə müraciət edirik ki, metropolitenin şaxtalarının, ventilyasiya borularının yanında belə işlər görməsinlər, daha diqqətli olsunlar".

Belə problemli yerlərin Bakının demək olar ki, bütün ərazisində olduğunu xatırladan N.Paşayev əlavə edib ki, bəzi şadlıq saraylarında bişirilən kababların iyləri də ventilyasiya boruları vasitəsi ilə metroya daxil olur. Bu isə vaqonlarda havanı daha da ağırlaşdırır.

Onun sözlərinə əsasən, "Alstom Transport SA" şirkəti ilə imzalanan memoranduma əsasən, Bakı Metropoliteninin istər yeni inşa olunan "Bənövşəyi", istərsə də əvvəlki ("Yaşıl" və "Qırmızı") xətlərində istifadə etmək üçün yeni, müasir vaqonların alınması nəzərdə tutulub.

/trend/


Müəllif:

Oxşar xəbərlər