2018-ci il yanvarın əvvəllərindən etibarən ölkə ərazisində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş epizootik tədbirlər planına uyğun olaraq qaramal və davarların, təkdırnaqlı heyvanların, donuz və dəvələrin qarayara xəstəliyinə qarşı peyvəndləmə tədbirlərinə start verilib.
Dövlət Baytarlıq Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bu ilin 5 ayı ərzində qarayara xəstəliyinə qarşı 2 milyon 551 min 996 baş iribuynuzlu, 7 milyon 353 min 609 baş xırdabuynuzlu, 88087 baş təkdırnaqlı, 6995 baş donuz və 105 baş dəvə peyvənd olunub.
Hazırda ölkə ərazisində bu xəstəliyə qarşı peyvəndləmə tədbirləri (cavan heyvanlar istisna) yekunlaşıb.
Cavan heyvanlarda peyvəndləmə isə cari ilin 3-cü kvartalında aparılacaqdır.
Baytarlıq Xidməti bildirir ki, qarayara ev və vəhşi heyvanlar, həmçinin insanlar üçün təhlükəli olan bakteriya mənşəli xəstəlikdir. Xəstəliyə gövşəyən heyvanlar yırtıcılara nisbətən daha həssasdır. Xəstəliyin törədicisi həssas orqanizmə alimentar (qidalanma yolu) yol ilə zədələnmiş selikli qişalardan və ya dəridən keçir. Xəstəliyin mənbəyi əsasən bu xəstəlikdən ölmüş heyvanların cəsədlərinin basdırıldığı torpaq hesab olunur, xəstəlik törədiciləri ətraf mühit şəraiti və dezinfeksiyaya qarşı davamlı olub, torpaqda illərlə qala bilər.
Qarayaraya şübhəli cəsədləri yarmaq qadağandır. Heyvan cəsədinin yarılması sporların yayılmasına gətirib çıxarır və yaran şəxs üçün xəstəliyə yoluxma səbəbi ola bilər.
Xəstəliyə diaqnoz qoyulduqda təcili olaraq karantin elan edilir və mövcud baytarlıq qaydalarına əsasən tədbirlər həyata keçirilir.
Qarayara əleyhinə vaksinasiya hazırda "Ştam-55" əsasında hazırlanmış peyvənd ilə aparılır. İnəklər, qoyunlar, keçilər, atlar və dəvələr ildə bir dəfə peyvənd edilir, epizootik durum gərginləşərsə, bütün kliniki sağlam heyvanlarda təlimat əsasında peyvəndləmə aparılmalıdır. Heyvan tələf olduqda isə onun cəmdəyi təcrid olunur və səlahiyyətli baytar həkiminin göstərişi ilə təlimat əsasında müvafiq üsullarla məhv edilir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, respublikada iti yoluxucu xəstəliklərə, o cümlədən qarayara xəstəliyinə görə epizootik vəziyyət sabitdir.