XX əsrdə Azərbaycanın ikinci dəfə öz müstəqilliyini qazanması xalqımızın taleyində olduqca mühüm hadisədir. 1918-ci ilin 28 may tarixi müstəqilliyi itirilmiş dövlətçilik ənənələrimizin bərpası baxımından əhəmiyyətli idi.
Teleqraf.com xəbər verir ki, bunu Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.
O qeyd edib ki, 1991-ci ilin 18 oktyabr tarixi isə müstəqilliyi həmin ənənələrinin yaşadılması yolundakı əzmin və iradənin təntənəsidir:
“15 iyun tarixi isə müstəqilliliyimizin davamlılıq və dönməzlik təminatıdır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışını məhz belə qiymətləndirirəm.
Müstəqil, müasir Azərbaycan Respublikasının oturuşmuş dövlət idarəçiliyi sisteminin əsası məhz 15 iyun tarixi ilə qoyuldu. Heydər Əliyevin 1993-cü il iyunun 15-dən başladığı yol Azərbaycan xalqının özünütəsdiq yoludur. Bu yolda problemlər çox oldu. Amma ümidsizlik, çarəsizlik, eniş olmadı. Bu yolda çətinliklərin aradan qaldırılması məharətini gördük. Bu yol XX əsrin görkəmli siyasi xadiminin, dövlət adamının nəhəng simasını dolğunluğu ilə canlandırdı.
15 iyun müstəqilliyimizin təhlükələrdən, təhdidlərdən qurtulduğu tarixdir. Bu tarix böyük qurtuluş, milli qurtuluş tariximizdir”.